AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib
İyn 23, 2021 | 02:46 / Konfranslar, iclaslar
Oxunub 526 dəfə

İyunun 22-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının 2021-ci ilin I yarımilliyindəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair onlayn iclası keçirilib.

İclası Elmi şuranın sədri, akademik İsa Həbibbəyli açaraq bildirib ki, pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq, cari ilin I yarımilliyi humanitar və ictimai elm sahələri üçün olduqca məhsuldar keçib. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətini diqqətə çatdırıb, bu istiqamətdə respublika və beynəlxalq miqyasda 21 tədbirin, çoxsaylı ustad dərsləri, məktəblilərlə görüş, elmi-metodiki seminarların keçirildiyini, 13 kitabın nəşr olunduğunu, sərgi və ekspozisiyaların təşkil edildiyini qeyd edib.

Daha sonra akademik İsa Həbibbəyli işğaldan azad olunmuş ərazilərə dair görülən işlərdən bəhs edib. Bildirib ki, Humanitar və İctimai Elmlər bölmələrinin elmi müəssisələrində Zəfər bayramından bugünədək 9 elmi konfrans keçirilib, 12 kitab və monoqrafiya nəşr olunub. Alim AMEA Rəyasət Heyətinin 30 oktyabr 2020-ci il tarixli qərarına istinad edərək Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair elmi tədqiqat işlərinin aparılması ilə bağlı müəssisələrin qarşıda duran vəzifələri haqqında müvafiq tapşırıqlar verib. İclasda, eləcə də Vətən  müharibəsinin başlamasının birinci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərin aidiyyəti üzrə bölmələrə təqdim edilməsi tövsiyə olunub.

Akademik İsa Həbibbəyli ölkə başçısının “Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası və el sənətkarının xatirəsinin layiqli şəkildə qeyd olunması ilə bağlı həyata keçirilən tədbirlər haqqında da iclas iştirakçılarına geniş məlumat verib. 

Sonra Elmi şurada AR Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli sərəncamına əsasən, “Azərbaycan dilinin orfoepiya normaları”nın hazırlanması istiqamətində görülən işlərin yekunları diqqətə çatdırılıb. Bildirilib ki, ötən müddət ərzində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin iştirakı ilə yara­dılmış İşçi qrupu tərəfindən “Azərbaycan dilinin orfoepiya nor­maları”nın layihəsi işlənilib hazırlanıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla, Nazirlər Kabinetinə təqdim edilib. Həmin layihə Nazirlər Kabinetinin 2021-ci il 18 iyun tarixli 175 nömrəli Qərarı ilə qəbul edilib.

İclasda, həmçinin bir sıra kadr məsələlərinə də baxılıb. Siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin, filologiya üzrə fəlsəfə doktoru Ruslan Abdullayev Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib. HEB və İEB-in elmi müəssisələrində təhsil alan doktorant və dissertanların mövzularının, elmi rəhbərlərinin müvafiq ixtisas şifrələrinə uyğun dəyişdirilməsi, sosial məzuniyyəti və s. barədə  bir sıra qərarlar qəbul edilib.

AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylunun 75, AMEA-nın müxbir üzvü Kərim Kərimovun 100, görkəmli tarixçi alim Rudolf İvanovun 90, görkəmli arxeoloq alim, tarix elmləri doktoru Məmmədəli Hüseynovun 100 illik yubileyilərinin keçirilməsi haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

Bundan əlavə, AMEA-nın müxbir üzvləri Zakir Məmmədovun, Fəridə Məmmədovanın və Əli Nuriyevin 85 illik yubileylərinin keçirilməsi barədə Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurası tərəfindən qərarlar qəbul edilib.

Eyni zamanda Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlı və Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Məsud Mahmudov 70 illik yubileyləri münasibətilə Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunublar.

Sonda iclas iştirakçılarının sualları cavablandırılıb, qoyulan məsələlərə dair fikir mübadiləsi aparılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015