AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Qarabağa həsr olunan “Qarabağ beynəlxalq humanitar və ictimai elmlərdə: müasir araşdırmalar” adlı beynəlxalq konfrans keçirilib
İyn 21, 2021 | 10:30 / Konfranslar, iclaslar
Oxunub 499 dəfə

17-19 iyun 2021-ci il tarixlərində AMEA-nın Folklor, Nizami Gəncəvi adına Ədəbiyyat, Qafqazşünaslıq, Nəsimi adına Dilçilik institutlarının, Mərkəzi Elmi Kitabxanasının, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Türkiyə Cümhuriyyətinin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə  “Qarabağ beynəlxalq humanitar və ictimai elmlərdə: müasir araşdırmalar” adlı beynəlxalq konfrans keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi Böyük qayıdış planı çərçivəsində AMEA-nın aparacağı elmi-tədqiqat işləri və fəaliyyət proqramı barədə məlumat verib. Akademik 15 iyun 2021-ci il tarixində Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsindən və onun əhəmiyyətindən söz açıb. İ.Həbibbəyli çıxışının sonunda bu tip tədbirlərin əhəmiyyətini vurğulayaraq, konfransın işinə uğurlar arzulayıb.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxışı zamanı bildirib ki, sözügedən konfrans əlamətdar günlərdə keçirilir. Onun sözlərinə görə, Şuşa Bəyannaməsinin təkcə siyasi, iqtisadi, hərbi sahələrdə deyil, eləcə də elm, mədəniyyət, təhsil sahələri ilə bağlı çox qiymətli maddələri var. Bu maddələrdən ikisi mədəniyyətin təbliği və inkişafı ilə bağlıdır. Alim bildirib ki, Azərbaycanda, xüsusən Qarabağda mədəniyyət abidələrinin hifz edilməsi və qorunması sahəsində tədbirlər görməliyik və bu tədbirləri davamlı şəkildə həyata keçirməliyik. Akademik vurğulayıb ki, konfrans elmi, iqtisadi, eləcə də bütün sahələrdə mühüm perspektiv vəzifələrin həyata keçirilməsində böyük əhəmiyyət daşıyır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova isə bildirib ki, konfrans çox aktual və önəmli bir məsələyə Qarabağa həsr olunub və bu cür tədbirlərin keçirilməsinə böyük ehtiyac var.

Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı qeyd edib ki, torpaqlarımız müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən azad edildikdən sonra ilk dəfə beynəlxalq konfransı qalib dövlət kimi keçiririk və bu konfrans elm sahəsindəki müxtəlif problemlərin həllində ciddi rol oynayacaq.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu isə Qarabağla bağlı görülmüş işlərdən, eləcə də beşcildlik Azərbaycan dilinin “Qarabağ dialektoloji atlası”nın hazırlanmasından bəhs edib. O qeyd edib ki, təmsil etdiyi institut “Qarabağ dialektoloji lüğəti”ni və “Qarabağ dialekti” monoqrafiyasını da hazırlayıb təhvil verəcək.

Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun rəhbəri Dr. Mustafa Lətif Əmək çıxış edərək konfransda yer alan məruzələrin böyük əhəmiyyətini vurğulayıb və bu konfransın mövzusunun Qarabağ olmasının təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün də qürurverici olduğunu diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlı, Folklor İnstitutunun dosenti Əziz Ələkbərli, Türkiyənin Ankara Qazi Universitetinin professoru Necati Demir və Niğde Ömer Halisdemir Universitetinin professoru Mustafa Talas çıxış edərək bütün sferalarda Azərbaycan ilə Türkiyə arasında sıx münasibətlərin olduğunu söyləyib, konfransın əhəmiyyətinə toxunublar.

Konfransın açılış mərasiminin sonunda məruzəçilər İKSAD rəhbərliyi tərəfindən simvolik hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, üç gün davam edən “Qarabağ beynəlxalq humanitar və ictimai elmlərdə: müasir araşdırmalar” konfransında 200-dən çox məruzəçinin müxtəlif bölmələrdə məruzələri dinlənilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015