AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Filoloq alim İctimai radioda klassik ədəbiyyatımızda sufizm meyllərindən danışıb
İyn 08, 2021 | 09:28 / Konfranslar, iclaslar
Oxunub 406 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov İctimai radionun qonağı olub. “Can Azərbaycan” verilişində klassik ədəbiyyatımızda sufizmə müraciət edən ədiblərimizin əsərlərində əks olunan müxtəlif cərəyanlardan bəhs edilib.

Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər şairlərin yaradıcılığında ortaq baxışlardan söz açan alim dahilərimizin özünəməxsus üslubu ilə seçilən əsərlərində ilahi eşq, həyat fəlsəfəsi və sufizmə baxışları ilə bağlı maraqlı fikirlər səsləndirib. Qurani-Kərimdə yer alan müxtəlif hərflər, rəqəmlər və digər rəmzlərin ədəbiyyatımızda da öz bədii əksini tapdığını vurğulayıb. Alim qeyd edib ki, klassiklərimizin yaradıcılığında kamil insan obrazı Məhəmməd peyğəmbərin simasında ümumiləşdirilib.

Veriliş boyu Azərbaycan ədəbiyyatında eşqin mahiyyəti, Nizamidən Səməd Vurğuna, Füzulidən Əliağa Vahidə qədər söz ustadlarının yaradana və insana olan eşqinin ifadəsinin fərqli və ümumi cəhətləri, klassik irsimizdə yer alan rəmzlərin məna incəliyi, gözəlin təsvir orijinallığı, obyektlərin müqayisəsindəki qeyri-adilik və digər məsələlər də şərh olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015