AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi önəm verilirdi
May 31, 2021 | 10:41 / Müsahibələr, çıxışlar
Oxunub 462 dəfə

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirdiyi tədbirlər, ən başlıcası dil məsələlərinə xüsusi diqqət yetirilməsi xalqımızın tarixində əhəmiyyətli iz qoyub. Cümhuriyyət dövründə ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edildi. Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Bu sənəd Azərbaycanda milli dil siyasətinin formalaşmasının əsasını qoydu.

 Bu sənədlə yanaşı, AXC hökuməti 1918-ci il avqustun 28-də “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında”, 1919-cu il fevralın 11-də isə Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərarlar qəbul edib. Bundan əlavə, 1919-cu il martın 21-də AXC Nazirlər Şurasının qərarı ilə ərəb əlifbası islahatı üzrə komissiya yaradılıb.

AXC parlamentinin 1919-cu il avqustun 21-də keçirilən iclasında Bakı Universitetinin açılması ilə bağlı çıxışlarda dil məsələsinə xüsusi önəm verilib. Universitetin ilk nizamnaməsində yazılıb ki, dərslər bütün fakültələrdə Azərbaycan dilində keçirilməlidir. AXC hökumətinin vacib tədbirlərindən biri milliləşmiş və milli olmayan orta məktəblərdə Azərbaycan tarixi və ədəbiyyatının tədrisi məsələsi idi. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyasının xətti ilə 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Rəhbər cəbr dərslikləri” nəşr olundu.

  23 ay ömür sürməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti cəmiy­yətin bütün sferalarında  bir sıra quruculuq iş­lə­ri gördü. Belə tədbirlərin çoxu dil  məsələlərinə həsr olunurdu.                      

 Təranə Şükürlü

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctiamiyyətlə  əlaqələr üzrə məsul şəxsi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015