AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Rabindranat Taqor və dünya ədəbiyyatı” adlı beynəlxalq konfrans keçirilib
May 06, 2021 | 04:48 / Konfranslar, iclaslar
Oxunub 450 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Rabindranat Taqor və dünya ədəbiyyatı” adlı onlayn beynəlxalq elmi konfrans keçirilib.

R.Taqorun anadan olmasının 160 illiyi münasibətilə keçirilən konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli çıxış edib. Akademik deyib: “Taqoru böyük rus yazıçısı Lev Tolstoyla müqayisə etmək olar. O, Hindistanın müstəqillik mübarizəsində önəmli şəxsiyyətlərdən biridir. Mahatma Qandi Hindistanın siyasi düşüncəsinə yön vermişdirsə, Taqor Hindistanın bədii düşüncəsini ifadə edib. Onu bütün dünya oxuyur. Azərbaycanda da Taqorun əsərləri oxunur, tədqiq və təbliğ edilir.

Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ermənistanda Mahatma Qandinin heykəlini yandırdılar. Bu, vandal ermənilərin vəhşiliyinin daha bir təzahürüdür və biz bunu pisləyirik. Azərbaycan isə Rabindranat Taqorun 160 illiyini qeyd edir. Akademiya professor Bədirxan Əhmədlinin Taqor haqqında kitabını çap etdirib. Heykəli yandıran Ermənistandır, kitab çap edən, yubiley keçirən Azərbaycandır. Azərbaycan bütün dünya ölkələri, o cümlədən Hindistanla əməkdaşlığını uğurla davam etdirir.

Nobel mükafatçısı Rabindranat Taqora həsr edilmiş bu konfrans həm də hind xalqına ehtiramın ifadəsidir. Biz Hindistan mədəniyyətini və ədəbiyyatını öyrənmək işini davam edəcəyik. Rabindranat Taqor Azərbaycanla Hindistan arasında ədəbi körpüdür. Bu konfrans Azərbaycan-Hindistan dostluğunun daha da möhkəmlənməsinə xidmət edir”.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna konfransda iştirakından məmnun olduğunu bildirib. Səfir çıxışında əlavə edib ki, Taqor çoxşaxəli istedada malik insan idi. 1913-cü ildə Asiyadan ilk dəfə Nobel mükafatına layiq görülən şəxs olub. O, Hindistanın istiqlal marşı da daxil olmaqla, üç ölkənin marşının müəllifidir. Əsərləri 1960-cı illərdən bəri Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrinə tərcümə edilərək təbliğ olunur. Ədəbiyyat İnstitutunda da belə bir konfransın təşkil edilməsi çox sevindirici haldır.

Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli bildirib ki, Taqora həsr olunmuş kitabın ərsəyə gəlməsi Ədəbiyyat İnstitutunda aparılan uğurlu işlərin nəticəsidir. Rabindranat Taqor təkcə hind ədəbiyyatının deyil, dünya ədəbiyyatının görkəmli nümayəndəsidir. Hind ədəbiyyatının və bədii təfəkkürünün nümunəsidir. Hind bədii düşüncəsi ilə Azərbaycan bədii düşüncəsi arasında müəyyən bağlılıq var. Nizami Gəncəvidən, Saib Təbrizidən üzü bəri Azərbaycan şairlərinin də Hindistan ədəbiyyatına təsiri olub. Rabindranat Taqorun yaradıcılığı polifonikdir. O, şair, yazıçı, dramaturq, bəstəkar, aktyor, rejissor, ictimai xadim kimi fəaliyyəti ilə geniş sferaya malikdir. Rabindranat Taqorun anadan olmasından 160 il keçib. Onun yaradıcılığı bu illər ərzində daha şaxəli və yeni aspektdən öyrənilib. O, əsərlərində Şərq-Qərb sintezini əks etdirən yazıçıdır. Azərbaycanda Taqorun öyrənilməsinin yüz ili tamam olur. Ölkəmizdə onun səkkizcildliyi çap edilib. Azərbaycanın müstəqillik dövründə də əsərləri tərcümə və nəşr olunur”.

Tədbirdə Cəvahirləl Nehru Universitetinin əməkdaşı, professor Əhməd Əxlaqın “Rabindranat Taqor və urdu poeziyası”, Camia Milliyə İslamiyyə Universitetinin Tarix və Mədəniyyət şöbəsinin əməkdaşı, tarix elmləri doktoru, professor Fərhad Nəsrinin “Müsəlman mistikasının metafizikası və Rabindranat Taqor” və professor Rupali Sinhanın “Taqor poeziyasında qadın surəti” mövzusunda məruzələri dinlənilib.

Konfransda Ədəbiyyat İnstitutunun alimləri - Gülər Abdullabəyova, Bəsirə Əzizəliyeva, Cavidə Məmmədova, Şəhla Qurbanova, Nərmin Cahangirova, Samir Səttarov, Gülnar Yunusova, Lamiyə Nəsirova, Şəbnəm Əsədzadə və Orxan İsayev Taqor poeziyası barədə Azərbaycan və ingilis dillərində məruzələrini təqdim ediblər. Digər elmi müəssisələrin əməkdaşları - Pərvin Nurəliyeva, Ramiz Qasımov, Nərgiz İsmayılova, Sevinc Səlimova və Aynur Səfərli Taqor yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər.

Tədbirdə Rabindranat Taqorun həyat və fəaliyyəti haqqında film nümayiş olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015