AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Folklorşünas alimlərin növbəti məqaləsi “Scopus” bazasında indeksləşən jurnalda dərc edilib
May 07, 2021 | 04:46 / Yeni nəşrlər
Oxunub 574 dəfə

AMEA-nın Folklor İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktorları Sərxan XavəriSəfa Qarayev və Hikmət Quliyevin “Scopus” elmi bazasında indekslənən “Turkish Journal of Computer and Mathematics Education” jurnalında "Ömürboyu təhsildə virtual folklorun funksional imkanlarından istifadə və onun psixoloji aspektləri” adlı növbəti məqaləsi işıq üzü görüb.

Müasir folklorşünaslığın yeni və aktual istiqamətlərindən biri olan tətbiqi folklorşünaslıq (folklor vasitəsilə öyrənmə) aspektindən qələmə alınmış məqalədə nəzəri-metodoloji olaraq kulturoloji, texnokulturoloji, psixoanalitik və sosial psixoloji yanaşmalardan istifadə olunub.

Məqalədə informasiya-kommunikasiya texnologiyalarının sürətlə yayılması, ifrat informasiya bolluğu şəraitində effektiv təlim texnologiyalarının müəyənləşdirilməsində folklordan istifadənin perspektivləri təhlil edilib. Ömürboyu təhsildə virtual folklorun funksional imkanlarından istifadə və onun psixoloji aspektlərinin müəyyənləşdirilməsi üçün ənənəvi mədəniyyətdə biliyin və təcrübənin ötürülməsi mexanizmləri ilə müasir təhsildə tədris texnologiyaları müqayisə olunub, xalq pedaqogikasının potensial imkanlarının ömürboyu təhsilə tətbiq perspektivləri nəzərdən keçirilib.

Məqalədə diqqətə çatdırılır ki, folklor şəxsiyyətin sosial-psixoloji mahiyyətinin formalaşmasında əlahiddə rola malik olduğu üçün fərdlərin xarakterinin, dünyagörüşünün, dəyərlər sisteminin, arzu və istəklərinin yaranmasında onların mənsub olduqları lokal sosial qruplar şərtləndirici parametr statusuna malikdir. Bu baxımdan fərdin psixoloji kompleks və gərginlik yaşamadan cəmiyyətin bütün sferaları ilə sərbəst ünsiyyətə daxil olması və müxtəlif sosial qruplara çevik, məqsədyönlü adaptasiyası (inteqrasiya) həmin lokal sosial qrupların dərindən öyrənilməsi zərurətini meydana çıxarır. Müasir təhsilin hədəflərindən biri yetişən yeni nəsilləri qeyri-humanist, lokal stereotiplərdən azad olmağa, bəşəri dəyərlərlə həmahəng olan stereotiplərin mənimsənilməsinə yönəltməkdir. Bu kontekstdə məqalədə diqqətə çatdırılır ki, əgər müasir təlim texnologiyalarında virtual folklor nümunələrindən səmərəli istifadə edilərsə, bu, qloballaşma şəraitində geniş yayılmış mədəni şok və akkulturasiya stressi yaşamadan insanların lokal psixoloji stereotiplərdən uzaqlaşmasına böyük yardım etmiş olar. Məqalədə əldə edilmiş nəticələr aşağıdakı kimi ümumiləşdirilib:

- Ömürboyu təhsil şərtilə effektiv təlim texnologiyalarının müəyyənləşdirilməsində çoxsaylı sosial-mədəni təsisatların, xüsusən ənənəvi mədəni institutların (folklorun) təlim üsulları, yəni biliyin ötürülməsinin folkloristik modelləri aktual və effektivdir, onlar öz funksional imkanları ilə müasir təlim texnologiyalarının tətbiqində böyük istifadə potensialına malikdir;

- Ömürboyu təhsil paradiqmasından folklora baxdıqda aydın olur ki, kiçik yaşlardan dünyanı dərk və ifadə etmə kimi mənimsənilən folklor sonrakı mərhələlərdə də insanların yeni bilik və təcrübələri əldə etməsində sosial-mədəni mexanizm kimi mühüm rol oynayır;

- Ənənəvi folklor faktlarından fərqli olaraq, virtual mühitdə meydana gələn nümənələr mahiyyəti etibarı ilə qeyri-mühafizəkar olduğu və ənənəyə sərbəst münasibət əsasında ortaya çıxdığı üçün ömürboyu təhsil prosesində iştirak edən subyektlərin humanitar və ictimai təmayüllü bilik və informasiya təminatının həyata keçirilməsində  onlardan (sosial şəbəkə və forumlarda mövcud olan virtual folklor resurslarından) səmərəli şəkildə yararlanmaq mümkündür;

- Fərdin cəmiyyətin bütün sferalarında psixoloji kompleks və gərginlik yaşamadan sərbəst ünsiyyətə daxil olması və müxtəlif sosial qruplara adaptasiyası üçün həmin qrupun folklorunun mənimsənilməsinə böyük ehtiyac vardır;

- Müasir təlim texnologiyalarında virtual folklor nümunələrindən səmərəli istifadə edilərsə, bu, qloballaşma şəraitində geniş yayılmış mədəni şok və akkulturasiya stressi yaşamadan insanların təhsil vasitəsilə ümumbəşəri dəyərləri mənimsəməsinə, eyni zamanda lider şəxsiyyət kimi formalaşmasına olduqca böyük yardım etmiş olar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015