AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat İnstitutunda Nizami Gəncəviyə həsr olunan növbəti konfrans keçirilib
Apr 27, 2021 | 03:36 / Konfranslar, iclaslar
Oxunub 478 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin sənət dünyası və müasir dövr” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfrans Prezident İlham Əliyevin 5 yanvar 2021-ci ildə Azərbaycan Respublikasında 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi haqqında Sərəncamına uyğun olaraq təşkil olunub.

Tədbiri giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq ölkə başçısının Sərəncamından sonra AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli Qərarına əsasən görülən işlər haqqında məlumat verib. Qeyd edib ki, müvafiq Sərəncama uyğun olaraq indiyə kimi akademiyada 11, Ədəbiyyat İnstitutunda 4 tədbir keçirilib. Akademik tədbir iştirakçılarını keçirilən və keçirilməsi nəzərdə tutulan konfranslar, akademiyanın digər aidiyyatı qurumlarla birgə əməkdaşlıq sahəsində apardığı işlər, o cümlədən çap məsələləri haqqında məlumatlandırıb. Bildirib ki, Nizami Gəncəvinin əsərlərinin elmi-tənqidi mətni və “Nizami Gəncəvi ensiklopediyası” hazırlanır, “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının müxtəlif dillərdə nəşr edilməsi nəzərdə tutulub.

Akademik əlavə edib ki, bütün sahələrdə olduğu kimi, Nizami Gəncəvi mövzusunda da qardaş Türkiyə ilə birgə əməkdaşlıq nəticəsində sözügedən ölkənin “Qardaş qələmlər” dərgisinin bir nömrəsi bütövlükdə Nizami Gəncəviyə həsr ediləcək. Həmçinin Yunus Əmrə İnstitutu ilə birgə tədbirlər keçirilməsi də planlaşdırılır. İ.Həbibbəyli bildirib ki, “Türk ədəbiyyatı” dərgisində Ədəbiyyat İnstitutunun əməkdaşlarının mövzu ilə bağlı ardıcıl məqalələrinin çapı nəzərdə tutulub.

Alim digər xarici ölkələrdə həyata keçirilən işlər barəsində də danışıb. AR Mədəniyyət Nazirliyinin xətti ilə “Xəmsə”nin Türkiyədə türkcə beş cilddə yayımlandığını, İtalyada isə “Yeddi gözəl”in çap olunduğunu qeyd edib.  Hollandiya, Polşa, Çin, Cənubi Koreya kimi ölkələrdə Nizami Gəncəvi ilə bağlı müxtəlif istiqamətli işlərin həyata keçiriləcəyini vurğulayıb, Rusiya Federasiyasının Tatarıstan Respublikasında ardıcıl olaraq mövzu ilə bağlı məqalələrin çap ediləcəyini deyib.

Sonra Qafqaz Universitetlər Birliyinin (KÜNİB) başqanı, türkiyəli professor Ramazan Qorxmaz Nizami Gəncəvinin yaradıcılığındakı humanizmdən danışıb. Onun əsərlərini Avropada yazılmış bir sıra əsərlərlə müqayisə edərək milli, dini və başqa məsələlərdə heç bir ayrı-seçkiliyə yol verilmədiyini diqqətə çatdırıb.

Konfransda müəssisənin Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizovanın “Azərbaycan nizamişünaslığının inkişafında R.Azadənin rolu”, direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərlinin “Nizami Gəncəvi yaradıcılığı Xəlil Rza Ulutürkün tərcümələrində”, Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Hacıyevanın “Bədii mətndə qnoseologiya və poetika məsələləri (Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin təhlili əsasında)” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami Məqbərə filialının müdiri Gülnarə İsmayılova Nizami məqbərəsinin dünəni və bu günü haqqında çıxış edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015