AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Abay Kunanbayevə həsr olunan xüsusi buraxılışı işıq üzü görüb
Apr 27, 2021 | 03:35 / Yeni nəşrlər
Oxunub 563 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının qazax yazılı ədəbiyyatının görkəmli nümayəndəsi Abay Kunanbayevə həsr edilən xüsusi buraxılışı çap olunub.

Bir sıra nüfuzlu beynəlxalq indekslərə daxil olan jurnalın bu sayında Abay Kunanbayev haqqında yerli, eləcə də xarici müəlliflərin araşdırma məqalələri yer alıb.

Nəşrin bu sayı jurnalın baş redaktoru, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin “Böyük qazax mütəfəkkiri Abay və Azərbaycan” məqaləsi ilə açılır. Məqalədə Abay Kunanbayevin qazax ədəbiyyatının, maarifçiliyinin inkişafında rolu, Azərbaycanda böyük sənətkara olan münasibət tədqiqata cəlb edilib.

Vəsaitdə, həmçinin Xalq yazıçısı Mirzə İbrahimovun “Xalqın böyük sənətkarı”, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Ağaclar quruyub qocalar kimi, göylərə yalvarır budaqlayanda” və görkəmli qazax ədibi Muxtar Auezovun “Böyük yaradıcı” məqalələri yer alıb. Həmçinin Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Məmməd Əliyevin “Abayın tarixi-bədii obrazı” məqaləsi də bu saya daxil edilib.

Qeyd edək ki, xüsusi buraxılışın Tənqid və ədəbiyyatşünaslıq, Müqayisəli ədəbiyyatşünaslıq, Folklor, Tərcümə işi, Maarifçilik bölmələrində Abay Kunanbayevin həyat və fəaliyyətini müxtəlif yönümlərdən işıqlandıran Azərbaycan, türk və rus dillərində 21 məqalə yer alıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015