AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“ZƏFƏR və BAHAR” Təsviri sənət sərgisi
Apr 22, 2021 | 01:42 / Konfranslar, iclaslar
Oxunub 450 dəfə

“Zəfər və bahar” –Azərbaycan  Memarlıq və İncəsənət İnstitutunun aprelin 15-də təşkil etdiyi sayca XIII təsviri sənət sərgisi bu deviz altında keçirildi. Sərgi açıq səma altında, Azərbaycan MEA-nın Mərdəkan qəsəbəsindəki Dendrologiya İnstitutunun ərazisində yerləşən parkda baş tutdu.

Sərgi 27 mart Elm günü münasibətilə AMEA-nın əlaqədar qurumlarla birgə təşkil etdiyi “Xarı bülbül” rəsm müsabiqəsinin tərkib hissəsi idi. Maraqlıdır ki, Memarlıq və İncəsənət İnstitutu AMEA-nın rəsm əsərləri ilə sərgiyə qatılmış yeganə qurumu kimi çıxış edirdi.

Sərginin konsepsiyası Azərbaycan xalqının Qarabağ müharibəsində tarixi qələbəsindən sonra dirçəliş ideyasının, ruhi yenilənmənin əks etdirilməsindən ibarət idi. Sərginin konsepsiyası həm iştirakçıların tərkibini, həm də təqdim edilmiş işlərin mövzusunu müəyyən etdi. Ekspozisiyada AMEA Memarlıq və İncəsənət İnstitutu tərəfindən yalnız iki müəllifin – elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovun və gənc memar Leyla Həsənzadənin əsərləri  nümayiş etdirilirdi.

X.Zeynalovun əsərləri Qarabağ müharibəsi mövzusuna və Azərbaycan zabit və əsgərlərinin qəhrəmanlığına həsr edilmişdir. Onun əsərlərinin qəhrəmanları 2016-cı ilin aprel döyüşlərindən Şuşanın azad edilməsinədək asan olmayan yol keçmişlər. X.Zeynalovun əsərlər seriyasını “Aprel döyüşləri – böyük qələbələrin müjdəçisidir!” plakatı açır ki, burada bir əlində Azərbaycan bayrağı, digərində isə avtomat tutaraq hücuma keçən əsgər təsvir edilmişdir. Orduda xidmət – təkcə döyüşlər və hərbi təlimlər deyil, həm də az təsadüf olunan sakitlik dəqiqələri, istirahət anlarıdır. Rəssam “Qələbə quranlar” kompozisiyasının personajlarını məhz belə dəqiqələrdə təsvir etmişdir. Burada təpəli mənzərə fonunda iki gənc hərbi qulluqçu – qız və oğlan təsvir olunub; onlar yerdə əyləşərək istirahət edir, lakin, adət üzrə, silahı əldən buraxmırlar. “Qəhrəman qız” əsərində müəllif tərəfindən olduqca ifadəli obraz yaradılmışdır. Şəkil dalğalanan Dövlət bayrağı fonunda hərbi geyimli, əlində silah olan gənc qadının portret təsvirindən ibarətdir. Lakin bu, sadəcə silahlı qüvvələr sıralarında xidmət edən qadının portreti deyil – bu, doğma torpağın müdafiəsinə qalxmış döyüşçü qadının obrazıdır. Nəzərdən keçirilən əsərlər seriyasının kulminasiyası “Şuşanın azad edilməsi” kompozisiyasıdır. İri planda, tamaşaçının baxışı səviyyəsində rəssam qədim Şuşanın qala divarları fonunda hücuma keçən Azərbaycan əsgərləri dəstəsini təsvir etmişdir. Əsər qələbə ruhu, mərdlik və qəhrəmanlıq təntənəsi ilə zəngindir. Seriyanın bütün əsərləri sulu boya ilə işlənmişdir, onların palitrasında göy, qırmızı və yaşıl – Azərbaycanın Dövlət bayrağının rəngləri, zəfər rəngləri üstündür.

Leyla Həsənzadənin ekspozisiyasında rəngkarlığın demək olar ki, bütün janrları – natürmort, mənzərə, məişət, hətta animalistika əks olunub. “Limonlar”, “Narlar”, “Pionlar” natürmortları rənglərin parlaqlığı, əlvanlığı ilə dərhal gözə çarpır. Belə bir hiss yaranır ki, müəllif rənglərin köməyi ilə limonların turş dadını, pionların xoş ətir saçmasını… əks etdirməyə nail olub. Lakin natürmortların, eləcə də ümumən sərginin adı üçün epiqraf kimi şanagüllənin ağ çiçəyinin təsvir olunduğu “Bahar” kompozisiyası çıxış edir. Rəngkarlıqla hətta səthi tanışlığı olan hər kəs bilir ki, kətan üzərində məhz ağ rəngi əks etdirmək daha çətindir. Lakin rəssam qıza bu, müyəssər olmuşdur. Və ümumiyyətlə, L.Həsənzadə öz natürmortlarında parlaq, zəngin palitraya malik milli rəngkarlıq məktəbinin ənənələrinə mənsub olduğunu tamamilə sübut etmişdir.

Lakin rəssam qızın mənzərələri onun dünya rəngkarlığı ilə, ən azından italyan və rus təsvir ənənəsi ilə yaxşı tanış olduğunu göstərirlər. “Ay işığı”, “Qağayılar”, qismən “Santorini” mənzərələri bu janrın marina – yəni dəniz mənzərəsi adlanan ayrıca növmüxtəlifliyinə aiddir. “Ay işığı” kompozisiyası bizi şübhəsiz ki, rus marinası ənənələrinə və hətta onun konkret nümunələrinə ünvanlayır. Lakin burada görmənin başqa rakursu seçilib və ayın yerdə əks olunan “cığırı” dənizin ənginliyinə getməyib sahilboyu uzanır. “Qağayılar” şəklində əvvəlki əsərdən fərqli olaraq, geniş qoynu üzərində qağayıların dövr etdiyi açıq dəniz mənzərəsi əks olunur. Bu tablo gənc rəssam qızın Azərbaycan rəngkarlıq məktəbi ilə sıx əlaqələrini yenidən xatırladır. Həm rəng, həm kompozisiya, həm də xüsusilə, bədii obrazın həlinə görə “Qağayılar” əsəri Nadir Qasımovun (1928-2000) dəniz mənzərələrinə, ilk olaraq onun “Xəzərin dəniz və qayaları” (1988) və “Xəzər. Son mənzərə” (1999) kimi işlərinə yaxındır. İtaliya mədəniyyətinin vizual obrazlarına müraciət təkcə o qədər də böyük olmayan dənizkənarı italyan şəhərciyinin təsvir olunduğu “Santorini” əsərində özünü büruzə vermir. İtalyan motivini məişət janrında işlənmiş “Həyət” kompozisiyasında da görüb duymaq olar. Bakının XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid yaşayış tikililərinin spesifik daxili mühitini biz indiyə qədər “İtalyan həyəti” adlandırırıq.

Portret janrına aid yeganə kompozisiya “Zəriflik” əsəridir. Bu, gənc afrikalı qadının portretidir ki, burada şəxsən mən başqa, fərqli mədəniyyəti anlamaq, qəbul etmək cəhdini görürəm. Bu əsər müəllifin rəngkarlıq texnikasını xüsusi olaraq vurğulamağa sövq edir: qaradərili xanımın saç düzümünün plastik kütləsini yaradarkən rəssam qız iri rəngkarlıq yaxmalarından istifadə edib. Əgər rəngkarlıq texnikası haqqında danışdıqsa, onda janr çərçivəsinə sığmayan bir əsəri qeyd edək. “Flüid art” kompozisiyası eyniadlı texnikada yaradılıb ki, bu zaman bütün rənglər qarışdırılır, xüsusi maye ilə duruldulur, sonra isə nizamsız surətdə kətan üzərinə vurulur. Yeri gəlmişkən vurğulayaq ki, L.Həsənzadənin bütün işləri akril rəngləri ilə çəkilib.

Və nəhayət, rəssam qızın təcəssüm etdirdiyi obrazlar qalereyasını animalistik janra aid “Flaminqo” kompozisiyası tamamlayır. Gənc afrikalı qadının portreti kimi, bu əsər də iri, qalın yaxmalarla işlənib. Qədd-qamətli quşun qırmızımtıl-çəhrayı lələkləri tünd və açıq yaşıl fon ilə parlaq təzad təşkil edir, bundan başqa yüksək, şən, nikbin əhvali-ruhiyyə yaradır. Əslində Leyla Həsənzadənin bütün əsərləri belədir.

27 mart – Elm gününə həsr edilmiş “Xarı bülbül” rəsm müsabiqəsi çərçivəsində AMEA Memarlıq və İncəsənət İnstitutunun təşkil etdiyi “Zəfər və bahar” sərgisi təcrübə və gənc istedadın üzvi birliyi, mərd, hətta sərt qrafik siluetlərin və parlaq rəngkarlıq yaxmalarının əkslikləri üzərində qurulub. İki müəllif sanki maraqlı eksperiment aparıb və nəticədə bir-birini məharətlə tamamlayıb Şübhəsiz, akademik alimlər eksperimentə hər zaman hazırdırlar. Həm elmdə, həm də bədii yaradıcılıqda. Eksperiment növbəti dəfə uğurlu alındı.

 

 

                                                             Ərtegin Salamzadə,

                                                 Azərbaycan MEA-nın müxbir üzvü,

                                          Memarlıq və İncəsənət İnstitutunun direktoru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015