AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-nın müxbir üzvü Nüşabə Araslının 80 illik yubileyi qeyd olunub
Apr 16, 2021 | 06:00 / Konfranslar, iclaslar
Oxunub 441 dəfə

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslının 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq yubilyarı təbrik edib. Akademik İsa Həbibbəyli bildirib ki, Həmid Araslı ailəsinin görkəmli nümayəndəsi Nüşabə Araslının 80 illiyinin Nizami Gəncəvinin yubiley ilinə düşməsi təsadüf deyil, zərurətdir: ““Nizaminin poetikası” əsərini yazmaq üçün daha çox Araslı olmaq lazım idi, yəni Araslı ailəsində yetişib, o mühitdə böyüməliydi. Nüşabə Araslı “Nizami və türk ədəbiyyatı” monoqrafiyasını işləmək üçün Türkiyədə olan Nizami Gəncəvi ilə bağlı əlyazma nümunələrini, orijinal əsərləri oxuyub, ümumiləşdirmələr aparıb. Bu monoqrafiya nəinki bir nəfərin, bir şöbənin ərsəyə gətirəcəyi əsərdir. Nüşabə xanım həmin əsəri çox mükəmməl yazıb. Nizamişünaslıq şöbəsinin hər iki mərhələsində Nüşabə xanımın əhəmiyyətli rolu olub. Birinci mərhələdə böyük alimlərlə çalışıb, ikinci mərhələdə isə həmin şöbədə aparılan tədqiqatlara rəhbərlik edir, ona istiqamət verir. Nizamişünaslıq şöbəsi Nizami Gəncəvinin həyat və yaradıcılığını mənbələr əsasında yenidən hazırlayır və həmin kitab Nüşabə xanımın redaktorluğu ilə çap olunacaq. Nüşabə Araslı ölkə Prezidenti tərəfindən, eləcə də AMEA Rəyasət Heyətinin, Humanitar və İctimai Elmlər Bölməsinin, Ədəbiyyat İnstitutunun Fəxri fərmanları ilə təltif olunub”.

Sonra AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov çıxış edərək təbriklərə qoşulub. Akademik bildirib ki, Araslılar soyadı Azərbaycan ictimai-mədəni fikrində önəmli yer tutur.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli isə vurğulayıb ki, Həmid Araslı Nizaminin ən parlaq obrazlarından birinin adını Nüşabə Araslıya verməklə onun gələcək taleyini müəyyənləşdirib.

Tədbirdə Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyevanın “Müdrikliyin zirvəsində - Araslı Nüşabə Həmid qızının elmi yaradıcılığı haqqında” adlı məruzəsi dinlənilib.

Bundan əlavə, Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Təhminə Bədəlova və Yelena Teyer, elmi işçi Hürnisə Bəşirova,  Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfov və digərləri çıxış edərək Nüşabə Araslını təbrik edib, onun bağlı düşüncələrini bölüşüblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015