AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Humanitar və İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib
Apr 15, 2021 | 02:00 / Konfranslar, iclaslar
Oxunub 444 dəfə

Aprelin 14-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb, elmi müəssisələrin qarşısında duran vəzifələrdən danışıb.

Akademik Humanitar və İctimai Elmlər bölmələrinin müəssisələrindəki Nəzəriyyə şöbələrinin fəaliyyətinin daha da gücləndirilməsi, institutlarda dərc olunan jurnalların beynəlxalq bazalara daxil edilməsi haqqında tapşırıq və tövsiyələrini verib. Ümumi yığıncaqda Humanitar və İctimai Elmlər bölmələri üzrə elmi jurnalların monitorinqinin keçirilməsi üçün komissiyanın yaradılması haqqında qərar qəbul edilib.

Eləcə də Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi məsələsi də müzakirə edilib. Bundan əlavə, Türkiyədə Yunus Əmrə ili elan edilməsi ilə əlaqədar Humanitar və İctimai Elmlər bölmələrinin müəssisələrinə müvafiq tapşırıqlar verilib.

Yığıncaqda AMEA-nın müxbir üzvləri Vəli Əliyevin 85, İnqilab Kərimovun isə 90 illik yubileylərinin qeyd olunması haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb. Tədbirdə, o cümlədən AMEA-nın müxbir üzvü Nüşabə Araslıya Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı təqdim olunub.

Daha sonra bir sıra kadr və cari məsələlərə baxılıb. AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına əsasən, bəzi elmi müəssisələrin baş direktoru vəzifəsinə seçkilər keçirilib. Pandemiya qaydalarına uyğun olaraq açıq səsvermə yolu ilə keçirilən seçkilərdə akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitututunun, akademik Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, akademik Nailə Vəlixanlı isə Milli Azərbaycan Tarixi  Muzeyinin baş direktoru vəzifəsinə seçiliblər.

Sonda yığıncaq iştirakçılarının sualları cavablandırılıb, humanitar və ictimai elmlərin qarşıda duran vəzifələri və  fəaliyyətinə dair müzakirələr aparılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015