AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Ədəbiyyat İnstitutunda Yunus Əmrəyə həsr olunan bir sıra layihələr həyata keçiriləcək
Apr 13, 2021 | 09:43 / Konfranslar, iclaslar
Oxunub 446 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti, müəssisənin direktoru, akademik İsa Həbibbəyli, şuranın üzvləri, institutun şöbə müdirləri ilə yanaşı, Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndəsi Elmir Laçın da iştirak ediblər.

Tədbiri akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Akademik institutun əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları Şahbaz Musayev və Təranə Aslanovanı 60, Rauf Sadıxovu isə 80 illik yubileyləri münasibətilə təbrik edib. Həmçinin Ədəbiyyat İnstitutunun “İlin alimi” nominasiyasının qalibləri, filologiya elmləri doktorları İslam Qəribli və Bəsirə Əzizəliyevaya, eləcə də “İlin gənc alimi” nominasiyası üzrə Gülnar Qasımlıya diplom təqdim edib.

Türkiyədə 2021-ci ilin “Yunus Əmrə ili” elan olunduğunu deyən akademik bu münasibətlə Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələrdən danışıb. Qeyd edib ki, “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin üçüncü cildində Yunus Əmrəyə ayrıca oçerk həsr edilib. Bundan əlavə, Yunus Əmrənin kitabının çapının, ona həsr olunan konfransın təşkilinin, TİKA və Bakı Yunus Əmrə İnstitutu ilə birgə bir sıra layihələrin nəzərdə tutulduğunu söyləyib, ədibin Qaxdakı qəbrinə ziyarətin planlaşdırıldığını diqqətə çatdırıb.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç və TİKA-nın nümayəndəsi Elmir Laçın çıxış edərək qarşılıqlı əməkdaşlıqdan məmnun qaldıqlarını bildiriblər.

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun adlı mükafatlarının təsis edilməsi haqqında məsələyə baxılıb, Həmid Araslı, Məmmədcəfər Cəfərov, Yaşar Qarayev, Abbas Zamanovun adını daşıyan mükafatların təsis edilməsi müzakirə olunub.

İnstitutun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslının 80, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Sasaninin 90 illik yubileyinin qeyd edilməsi, o cümlədən Azərbaycan ədəbiyyatı tarixinin VIII cildinin (Müstəqillik dövrü) hazırlıq vəziyyəti haqqında məsələlər də müzakirə edilib.

İclasda, həmçinin müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli institutun “Azərbaycan ədəbiyyatşünaslığı”, “Poetika.izm”, “Müqayisəli ədəbiyyatşünaslıq”, Humanitar və İctimai Elmlər Bölməsinin “Filologiya və sənətşünaslıq” jurnallarının Türkiyənin “İdealonline” elmi bazasına daxil edilməsi və Ədəbiyyat İnstitutunun elmi jurnallarının beynəlxalq standartlara uyğun hazırlanması istiqamətində əldə olunan nəticələr və qarşıda duran vəzifələrdən danışıb.

Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov isə 2020-ci il üçün fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya qəbul olanların elmi rəhbərlərinin və mövzularının təsdiqi barəsində məlumat verib.

Sonda Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Xilaskarlar” adlı monoqrafiyası (Elmi redaktor və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəyli, rəyçisi akademik Nizami Cəfərov) çapa tövsiyə olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015