AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
31 Mart soyqırımı
Apr 02, 2021 | 09:55 / Konfranslar, iclaslar
Oxunub 12 dəfə

"Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır".

Üzeyir Hacıbəyli

XX əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımlar, xüsusilə də 31 mart soyqırımı xalqımızın tarixi yaddaşında acı bir həqiqət olaraq qalmaqdadır. Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək üçün "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar. Bu acı həqiqət təkcə soydaşlarımızın qətliamı ilə deyil, həm də tarixi ərazilərimizin müəyyən hissəsinin işğalı ilə nəticələnmişdir.

Dövrün soyqırımlarına nəinki həmin dövrün millətsevər fikir aydınları, bütövlükdə XX əsr boyunca yaşayan, fəaliyyət göstərən ziyalılar, ictimai siyasi xadimlər vətənpərvər mövqelərini nümayiş etdirmiş, təhrif edilmiş hadisələrin əsl tərəfini diqqətə çatdırmaq üçün çaba göstərmişlər. Əvvəlcə onu deyək ki, 1918-ci ilin mart hadisələrinə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikası tərəfindən qiymət verilmişdir. Azərbaycan Demokratik Respublikası 1919 və 1920-ci illərdə martın 31-ni milli hüzn günü kimi qeyd etmişdir.

Azərbaycanın müstəqil olduğu 1990-cı illərdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq məqsədilə həyata keçməsi vacib olan qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmandan sonra başlandı. 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi. Fərmanın imzalanmasından sonra XX əsrdə Qafqaz regionunda Azərbaycan tarixinin, bədii, ictimai-siyasi mövqeyinin araşdırılması üçün geniş imkanlar yarandı. Fərmanda, həmçinin ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti dolğun əksini tapmışdır. Sənəddə də qeyd olunduğu kimi, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni işbirliyinin nəticəsi olmuşdur. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirərək bu torpaqlarda erməni dövləti qurmaq məqsədi güdmüşlər.

Azərbaycanlılara qarşı soyqırımı siyasətini ifşa etmək, bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün müəyyən işlərin görüldüyünü diqqətə çatdıran Ümummilli lider Heydər Əliyev bu sahədə hələ də qarşıda görüləsi işlərin çoxluğunu vurğulamışdır. Onun sözlərinə görə, "Azərbaycan dövləti, ictimaiyyəti, xaricdəki Azərbaycan icmaları üzərinə böyük, məsuliyyətli vəzifələr düşür. Əsl soyqırımı haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisələrin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir. Bu məsələdə bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları bir olmalı, eyni mövqedən çıxış etməlidirlər".

Heydər Əliyev böyük siyasətçi kimi görürdü ki, bir əsr öncə baş vermiş bu qanlı hadisələr hüquqi şəkildə öz qiymətini almadıqca əsrin sonunda törədilmiş cinayətlərin təfərrüatlarına varmaq çətin olar. "Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir", - deyən Heydər Əliyev ermənilərin türklərə olan düşmən münasibətin yüz yaşı olduğunu, alovlanan Qarabağ münaqişəsinin zəminində eyni məkrin dayandığının sübutuna çalışan böyük lider bunu tarixin təkrarları üzərində dayanmaqla nümayiş etdirirdi.

Ən böyük müəllim tarixdir, zamandır. Ondan dərs götürməyəndə qisası amansız olur. Bu baxımdan, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev də bu mühüm məsələyə diqqəti siyasətinin prioritet istiqamətinə çevirmişdir. Dövlət başçısı azərbaycanlıların soyqırımı haqqında bunları qeyd edirdi: "XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətillər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və 1992-ci ilin Xocalı faciəsi - bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir".

Dövlətimiz soyqırım məsələsini daim diqqətdə saxlamış və 2018-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etmişdir.

Dünya ictimaiyyətinin həqiqətlərdən xəbərdar olması üçün görülən işlər sırasında erməni şovinizminin və millətçiliyinin qanlı siyasətini faktlarla ifşa edən kitabların yazılması mühüm əhəmiyyət kəsb edir. XX əsrin əvvəllərində erməni bolşeviklərinin Azərbaycan və türk xalqına qarşı törətdikləri soyqırımı hadisələrinin təfərrüatlarını ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə akademik Ramiz Mehdiyevin rəhbərliyi və "Azərbaycan" qəzeti redaksiyası tərəfindən hazırlanan "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" adlı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, soyqırımı cinayətləri ilə bağlı dolğun təəssürat yaradan müfəssəl ikicildlik kitabı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə ithaf edilmişdir.

Bu kitabı vərəqləyən hər bir oxucu mənfur qonşuların Azərbaycan xalqının başına gətirdiyi faciələrin tarixi köklərinə bir daha nəzər salaraq erməni faşizminin xislətinə və erməniliyin dərinliyini bir daha dərindən dərk edir. Kitabda toplanan məsələlərin əhatə dairəsini göstərmək üçün birinci cildin bəzi başlıqlarını misal gətirmək kifayət edər: Son illərdə erməni vəhşiliyinin səbəb və nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması və s.

Bir əsr öncə mart soyqırımına münasibətdə siyasi xadim Mir Cəfər Pişəvəri yazırdı ki, "Mən 1918-ci ilin martında erməni daşnaqlarının vəhşiliklərini, günahsız adamların öldürülüb, meyitlərin yandırılmasını öz gözlərimlə gördüm. Bu, çox nifrət ediləcək bir hərəkətdir". Ermənilərin nifrət ediləcək hərəkətləri XX əsr boyu aşkar və gizlin tərəfləri ilə daim funksional oldu. Türkə qarşı içlərində açdıqları savaş, məkrli planları, qəzəb və həsəd hissləri bir an belə səngimədi. Əsrin sonunda alovlanan Qarabağ münaqişəsi bu qəzəbin sonucu kimi meydana çıxdı. Bütün bu kimi çətinliklərin qarşısında başı uca dayanan Azərbaycan və türk ordusunun gücü, qüdrəti İkinci Qarabağ savaşında özünü bir daha göstərdi. Eyni zamanda, dünya mənfur düşmənimizin insanlıqdan kənar yırtıcı obrazına bir daha şahid oldu. Tərtər, Bərdə, Gəncəyə atılan mərmilər, dinc əhalinin, məsum körpələrin qanına qəltan edilməsi özünü bəşəriyyətə əzabkeş xalq olaraq tanıtmağa çalışan ermənilərin əslində, humanist dəyərlərdən, sivilizasiya anlayışından nə qədər uzaq olduğunu sübut etdi. Ermənilərin Qarabağın hər kəndində sərgilədiyi vandalizm, yerlə-yeksan etdiyi abidələr, dağıtdığı qəbirlər, işğal etdiyi hər ərazidə törətdiyi cinayət əməlləri onların yüz il ərzində heç dəyişmədiklərinə, xislətlərini qorumaqlarına əyani nümunə oldu.

Samirə KƏRİMOVA, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi

"525-ci qəzet"

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015