AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Nizami muzeyində Bakı məktəbliləri ilə virtual görüş keçirilib
Apr 06, 2021 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 29 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları ilə Bakı şəhəri 260 saylı tam orta məktəbinin müəllim və şagirdləri arasında virtual görüş keçirilib.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş görüşü giriş sözü ilə məktəbin direktoru Kəmalə Quliyeva açıb. O, böyük söz ustadı N.Gəncəvinin zəngin elm və hikmət xəzinəsi olan yaradıcılığının müasir gəncliyin yetişdirilməsindəki tədrisi əhəmiyyətindən danışıb.

Virtual tədbirdə Nizami muzeyinin Mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu çıxış edərək 80 yaşlı qocaman muzeyin Azərbaycan xalqının mədəniyyət və ədəbiyyatının təbliğatçısı olmaq missiyasından bəhs edib. Bildirib ki, muzeyin hələ XIX əsrin sonlarından karvansara, “Metropol” mehmanxanası kimi məlum olan memarlıq binası əsrin müxtəlif təlatümlərinə sinə gərərək XX əsrdə də öz əzəmətini qoruya bilib, 1945-ci ildən dahi Nizaminin məktəbi və irsini tanıdan elm, mədəniyyət ocağına çevrilib.

Nəzmiyyə Yigitoğlu qeyd edib ki, Azərbaycan torpaqlarının düşmən istilasından qurtulması zəfəri həyatımızın ən müxtəlif sahələri kimi, Nizami muzeyinin ekspozisiya və ekskursiyalarının mövzusuna da öz təsirini göstərib. Belə ki, muzeyin Azıx mağarası, Qarabağ xanlığı, Molla Pənah Vaqif məqbərəsi, Xurşidbanu Natəvanın ev muzeyi  haqqında məlumat çatdıran eksponatları bu vaxta qədər hüznlü notlarla təqdim olunurdusa, bundan sonrakı ekskursiyalarda tariximizin həmin səhifələri artıq qələbə, dirçəliş, quruculuq soraqlı yeniliklərlə diqqətə çatdırılır.

Virtual görüşdə 260 saylı orta məktəbin tarix müəllimi Aynur Səfərova və digər müəllimlər, tezliklə, Nizami muzeyini canlı ziyarət etmək diləklərini də ifadə ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015