AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Nizami Muzeyinin əməkdaşları Rusiyada keçirilən tədbirdə çıxış ediblər
Apr 06, 2021 | 09:54 / Konfranslar, iclaslar
Oxunub 29 dəfə

Rusiyanın Sankt-Peterburq şəhərindəki dünya şöhrətli “Ermitaj" muzeyində “Muzey və mədəni turizm problemləri” mövzusunda XIX dəyirmi masa keçirilib.

İtaliya, Rusiya, Qazaxıstan və digər ölkələrin nümayəndələrinin qatıldığı beynəlxalq onlayn tədbirdə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları -  Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva və Ekspozisiyanın qorunması, izahı və audio müşayiətin təmini şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova da iştirak ediblər.

Muzey əməkdaşlarının “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyətində müasir texnologiyaların tətbiqi” (Nailə Əliyeva), “Nizami muzeyi: dünən və bugün” (Sevinc Heydərova) adlı məruzələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Təqdim olunan məruzələrdə Nizami muzeyinin yaranma tarixi, 1941-ci ildə Nizami Gəncəvinin 800 illiyinin “Ermitaj”da qeyd olunması, bu il isə dahi şairin 880 illik yubileyi ilə əlaqədar ölkə başçısının imzaladığı müvafiq Sərəncam haqqında ətraflı məlumat verilib.

Həmçinin yeni ekspozisiyanın qurulması və son illərdə aparılan islahatlardan, eləcə də Nizami muzeyinin 80 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən, “Söz məbədi” adlı ikihissəli sənədli filmdən, “80 ilin güzgüsü” adlı yubiley nəşrindən və s. bəhs edilib. Mövcud pandemiya şəraitində muzeyin onlayn fəaliyyətinin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılması xüsusi qeyd olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015