AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Nizami Gəncəvinin elmi baxışları" mövzusunda gənc alim və tədqiqatçılarla görüş keçirilib
Apr 06, 2021 | 09:21 / Konfranslar, iclaslar
Oxunub 15 dəfə

“Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizin digər elm və təhsil müəssisələri kimi, Sumqayıt Dövlət Universitetində (SDU) də silsilə tədbirlər həyata keçirilir.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun universitetin bir qrup gənc alim və tədqiqatçıları ilə onlayn formatda görüşü də bu qəbil  tədbirlərdəndir.

"Nizami Gəncəvinin elmi baxışları" mövzusuna həsr olunan görüş filologiya üzrə fəlsəfə doktoru Xəyalə Mürsəliyevanın moderatorluğu ilə baş tutub. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusi diqqət yetirib, onun bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib.

Bildirilib ki, Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunub, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində əməli tədbirlər görülüb, tədqiqatlar aparılıb, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanıb.

Görüşün əhəmiyyətini vurğulayan SDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, filologiya elmləri doktoru, professor Ramazan Məmmədov bildirib ki, Nizaminin ölməz ədəbi irsi humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, dərin fəlsəfi fikir, hikmət xəzinəsi olmaqla yanaşı, canlı tarixi keçmişin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir.

Tədbirdə məruzə ilə çıxış edən nizamişünas alim Əzizağa Nəcəfov dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin həyat və yaradıcılığından, dahi şəxsiyyətin fəlsəfi fikirlərindən, müxtəlif elm sahələrinə bələd olmasından, dünyanın tanınmış şərqşünaslarının mütəfəkkirin həyat və yaradıcılığı ilə bağlı apardığı araşdırmalarından söz açıb.

Alim bildirib ki, böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınan Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaradıb və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş edib.

SDU-nun Doktorantura və magistratura şöbəsinin müdiri Sabir Xəlilov çıxışında Nizami irsinin təbliği baxımından görüşün əhəmiyyətindən bəhs edib.

Məruzə gənc alim və tədqiqatçılar tərəfindən böyük maraqla qarşılanıb, suallar cavablandırılıb, Nizami Gəncəvinin elmi baxışları ətrafında fikir mübadiləsi aparılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015