AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Hər hüceyrəsi Azərbaycan deyə bağıran Almas İldırım
Apr 01, 2021 | 09:11 / Maraqlı məlumatlar
Oxunub 13 dəfə

O, Azərbaycanın mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyat tariximizdə özünəməxsus yeri olan biri idi. Vətən ruhlu şeirlərinə görə təqib edilən, sürgün və işgəncələrlə dolu ömür keçirən və son nəfəsinə qədər Azərbaycan deyən böyük şair Almas İldırımdan danışacağıq.  

Əsil adı Əbdülhəsən olan şair 1907-ci ilin martın 24-də Bakının Qala kəndində anadan оlub. Atası Əbdülməhəmməd və anası Nisə xanımın ilk övladı olan Əbdülhəsəni babasının adı ilə Almas deyə çağırırdılar. O, əvvəlcə İran hökumətinin açmış olduğu “İttihad” məktəbində təhsil alıb, ana dili ilə yanaşı, fars dilini də mükəmməl öyrənib. Ağır təbiətli, təvazökar bir şəхsiyyət olan şairin həyatı Azərbaycanda Sovet İttifaqının qurulması ilə dəyişir. Şeirləri geniş oхucu kütləsi tərəfindən rəğbətlə qarşılansa da, yuхarı dairələrin heç də xoşuna gəlmirdi.  Təqiblərdən qurtulmaq üçün Almas İldırım şeirlərində “A.Y.”, “A-zâde”, “Almaszâde İ.” kimi imzalardan da istifadə edirdi. Elə bu illərdən də Almas İldırımın bir sənətkar kimi faciəli günləri başlayır. Bəs, nə idi şairi bu qədər əziyyət və məşəqqətlərə aparan səbəblər?

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov bildirib ki, Almas İldırımın Azərbaycanda bir çox şeirləri işıq üzü görüb: “O, əsasən milli ruhlu şeirlər yazırdı. Onun ilk şeirlər kitabı Süleyman Rüstəmlə çap olunub. Həmin kitab “Dün, bu gün” adlanırdı. Şairi tənqid edirdilər ki, Almas İldırım daha çox yaradıcılığında milli ruhu əsas götürür və proletar ədəbiyyatına yaxınlaşmır. Hətta Azərbaycan SSR Xalq Maarifi Komissarının sədri Mustafa Quliyev və başqaları bu səbəbdən onu sərt şəkildə tənqid edirdilər. Bütün bu tənqidlər ona gətirib çıxardı ki, şairi Dağıstana sürgün etdilər. Həmin ərəfədə Azərbaycanda “Dağlar səslənirkən” kitabı nəşr edildi və dərhal da həmin kitab “NKVD” tərəfindən yığışdırıldı”.

Şairin oğlu Azər Almas atasının yaşadığı faciəli həyatı Elm TV-yə danışıb. Bildirib ki, Almas İldırımın qayınatası xalça ticarəti ilə məşğul olurmuş və Aşqabaddan Məşhədə xalça aparakən dolayı yollarla onları da İran sərhəddinə keçirir: “İran sərhəddində atamı casus deyə tutmuşdular. Ən sonunda onun casus olmadığını anlayırlar. Atam “mən şairəm, mənə yol verin Türkiyəyə gedim” deyir və çətinliklərlə Türkiyəyə gedir”.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015