AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.
Apr 01, 2021 | 09:22 / Konfranslar, iclaslar
Oxunub 32 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib. Öncə tariximizin qanlı səhifələrindən olan faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan institutun direktoru, akademik Teymur Kərimli erməni daşnaklarının yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində baş verən faciənin günahsız insanların həyatına son qoyulması ilə nəticələndiyini qeyd edib. Bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş bu kimi cinayətlərin qarşısının alınmasının zəruriliyini ifadə edən alim erməni faşizminin törətdiyi əməllərin mənfur ideologiyaya söykəndiyini vurğulayıb. Bildirib ki, bu məkrli plan çərçivəsində xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart ayında xüsusi qəddarlıqla törədilən və bütün insanlığa qarşı erməni vandalizminin təzahürü olan qırğınlardır: “Ermənilər Azərbaycan xalqının tarix boyu onlara qarşı göstərdiyi humanizm, səmimilik və qonaqpərvərlik kimi xüsusiyyətlərindən sui-istifadə edərək sığındığı əzəli torpaqlarımıza sahib çıxmaq iddiası ilə yaşayıb, yeniyetmələrinin qəlbinə türklərə qarşı düşmənçilik toxumu səpiblər. Lakin nifrətdən uzaq olan xalqımızın müdrikləri soyqırımı qurbanlarının xatirəsini yad etməklə yanaşı, gənclərimizdə daim bütün dünya xalqlarına qarşı məhəbbət hissini təlqin edir”.
Məruzəsində 1918-ci ilin bu günündə törədilmiş soyqırımı cinayətinin tarixinə nəzər salan Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamandar Şərifov vurğulayıb ki, ötən əsrin əvvəllərində erməni bolşeviklərinin millətimizə qarşı həyata keçirdiyi soyqırımının aparıcı qüvvəsi erməni daşnaklarıydı. Vətən müharibəsində qazanılan böyük qələbədən sonra xalqımız ermənilərin illərlə işğalda saxladığı torpaqlarımızda törətdiyi insanlığa sığmayan əməllərinin şahidi oldu. Mədəniyyət və sivilizasiya düşməni olan erməni vandalları milli abidələrimizi də yerlə-yeksan edib, bütün tikililəri yandırıb talayaraq izimizi silməyə çalışsalar da istədiklərinə nail ola bilmədilər.

Çap kitablarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Tahirə Həsənzadə qeyd edib ki, hər il dərin hüznlə qeyd etdiyimiz qətliamı, ümumiyyətlə erməni faşizminin xisləti ilə bağlı faktlar təkcə Azərbaycanlı alimlərinin deyil, dünya alimlərinin də tədqiqatlarında öz əksini tapıb. Müxtəlif tarixi monoqrafiyalardan nümunə gətirən alim məhz həmin əsərlərin xalqımızın dövlət başçısının, ordumuzun ətrafında sıx birləşərək Vətən müharibəsində zəfər çalmasına səbəb olduğunu vurğulayıb. Alim erməni havadarlarının dəstəyi ilə baş tutan qətliamlara dair elmi monoqrafiyaların, ədəbi əsərlərin müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan həqiqətlətlərini əks etdirən kitabların təkrar çapının zəruriliyini ifadə edən T.Həsənzadə qeyd edib ki, bu hadisələrlə bağlı məsələlərin gələcək nəsillərə çatdırılması düşmənin iç üzünün tanıdılması baxımından olduqca vacibdir.

Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov bildirib ki, təkcə milli mənsubiyyətə görə dinc azərbaycanlını qırmaq erməni şovinizminin çoxəsrlik amalı və planı olub. Amansız soyqırımı aktı nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilib: “Qanlı cinayətlər Bakı, Quba, Şamaxı, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində həyata keçirilib. Tarix boyu erməni qəddarlığının xüsusiyyəti ondan ibarət olub ki, onlar sadəcə dinc əhalini qırmaqla kifayətlənməyib şəhərləri, kəndləri yandırıblar”. Ə.Bağırov qeyd edib ki, hələ də öz məkrli siyasətini davam etdirən daşnakçıların zəhərli ideologiyası erməni xalqına heç bir fayda verməyəcək.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov çıxışında soyqırımı hadisəsi ilə bağlı Əlyazmalar İnstitutu tərəfindən ərsəyə gələn nəşrlərdən söz açıb. Dəqiq faktlara söykənən həmin əsərlərin gənclərin diqqətinə çatdırılmasının əhəmiyyətini vurğulayan alim bu cinayətlərin törədilməsində erməni havadarlarının böyük rolu olduğunu qeyd edib. 2020-ci ilin payızında aparılan müharibə taktikasının dünya ölkələri tərəfindən maraqla izlənildiyini vurğulayan alim dövlət, xalq, ordu birliyi nəticəsində qazanılan qələbənin xalqımızın bundan sonrakı taleyinə də əhəmiyyətli təsiri olacağını ifadə edib.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov da çıxışında soyqırımı faciələrinə dair tarixi faktları nəzərə çatdırıb. Alim qeyd edib ki, bu soyqırımı çərçivəsində əhali arasında yaş və cins kateqoriyasına məhəl qoymadan qətliam həyata keçirilib. Bu isə erməni işgəncəsinin, simasının xarakterik xüsusiyyətidir. Bütövlükdə, Azərbaycan xalqının əzmini, mübarizliyini, məğrurluğunu sındıra bilməyən düşmənin bu qanlı cinayətlərə əl atması tariximizə, mədəniyyətimizə və digər milli-mənəvi dəyərlərimizə sahib olmaq cəhdidir.

Tədbirin sonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgiyə baxış keçirilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015