AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Elm günü Nizami muzeyində yubiley sərgisinin nümayişi ilə qeyd olunub
Mart 30, 2021 | 09:01 / Konfranslar, iclaslar
Oxunub 484 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik şərəfli inkişaf yolunu əks etdirən yubiley sərgisinin təqdimatı keçirilib.

Tədbirdə muzeyin Mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu çıxış edərək Azərbaycan ədəbiyyatının müxtəlif ədəbi dövr və görkəmli nümayəndələri haqqında muzey ziyarətçilərinin elm və biliyinin zənginləşməsində müxtəlif dillərdə aparılan ekskursiyaların mühüm  rolundan danışıb. Bildirilib ki, muzeyin zallarında şəhər məktəbliləri, ali müəssisələrin tələbələri ilə keçirilən açıq dərslər, müəyyən  bir ədəbi cərəyan və ya ədəbi irsin təhlilinə həsr olunmuş tematik izahatlar, tədbirlər muzey ziyarətçilərinin elmə daha dərindən yiyələnməsinə yardım edir. Nəzmiyyə Yigitoğlu qeyd edib ki, belə dərslərin səmərəli alınması hər şeydən əvvəl muzey izahatçılarının məşğul olduğu daimi elmi tədqiqat və axtarışlardan irəli gəlir.  

Daha sonra tədbir iştirakçıları Nizami muzeyinin 80 illik yubileyi ərəfəsində hazırlanmış monumental video-sərgini izləyiblər.

Sərgi layihəsinin müəllifi, muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, müxtəlif vaxtlarda bu mədəniyyət ocağında ayrı-ayrı şair və yazıçıların yuvarlaq ildönümləri ilə bağlı sərgilərin hazırlanması ənənəsi olsa da, indiki yubiley sərgisi əvvəlkilərdən əsaslı şəkildə fərqlənir. Yeni sərgi muzeyin 80 illiyinə uyğun olaraq 80 lövhədən ibarətdir. Akademik R.Hüseynov vurğulayıb ki, indiyədək bu miqyasda və əhatədə sərgi hazırlanmayıb. Qiymətli arxiv materialları, fotosənədlər və illüstrasiyalarla bəzənmiş sərgi muzeyin tərcümeyi-halını ayrıntıları ilə təsvir edən bir salnamədir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015