AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Gülbəniz Babaxanlı: "Cavidşünaslıq tədqiqatlarını öyrənmək və sistemləşdirmək multidissiplinar elmi yanaşma tələb edir"
Mart 30, 2021 | 08:58 / Konfranslar, iclaslar
Oxunub 465 dəfə

Zəngin bədii yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının zirvələrini fəth etmiş dahi Hüseyn Cavidin əsərləri bugün də sevə-sevə oxunur, tədqiq və təbliğ olunur. Bu istiqamətdə AMEA Hüseyn Cavidin Ev-muzeyinin də müstəsna xidmətləri vardır.

Bir müddət əvvəl ədibin həyat və yaradıcılığının tədqiqinə həsr olunmuş 30 cildlik "Cavidşünaslıq" araşdırmalar toplusunun muzey tərəfindən araya-ərsəyə gətirilərək oxucuların ixtiyarına verilməsi də söylənilənlərin həqiqiliyini bir daha təsdiqləyir. "Cavidşünaslıq" toplusu Hüseyn Cavidin söz-fikir dünyasına nəzər salmaq üçün ən yaxşı vasitələrdən biridir. Toplunun ictimai, ədəbi-bədii və elmi əhəmiyyətini oxuculara daha dərindən çatdırmaq, Cavid irsinin tədqiqi sahəsində görülmüş işlərə nəzər salmaq məqsədilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı ilə həmsöhbətik:

- Gülbəniz xanım, əvvəla tərtibçi-müəllifi olduğunuz "Cavidşünaslıq" adlı çoxcildliyin son cildlərinin də işıq üzü görməsi münasibətilə sizi təbrik edirik. İstərdik ki, bir qədər bu toplu barədə danışaq. "Cavidşünaslıq" bir məcmuə kimi özündə nəyi ehtiva edir?

- Təbrikinizə görə təşəkkür edirəm. "Cavidşünaslıq" araşdırmalar toplusu uzun illərdən bəri mütəmadi şəkildə apardığımız araşdırmalar nəticəsində meydana gəlib. Məqsəd Hüseyn Cavidin həyat və yaradıcılığını müxtəlif baxış bucaqlarından araşdıran, öyrənən, təbliğ edən elmi, elmi-publisistik, publisistik yazıları, ədəbi rəyləri və ümumiyyətlə, Cavid əfəndinin taleyi və bədii aləmi ilə bağlı olan bütün ictimai əhəmiyyətli materialları bir araya toplamaq idi. Tərtib etdiyimiz 30 cildlik "Cavidşünaslıq" toplusu 1912-ci ildən bəri müxtəlif nəşrlərdə, o cümlədən, monoqrafiya, qəzet və jurnallarda Hüseyn Cavidin bədii irsi ilə bağlı işıq üzü görmüş yazıları əhatə edir. Bizim bu istiqamətdə xidmətimiz ondan ibarət olub ki, əvvəla həmin yazıların hansı mənbələrdə olduğunu müəyyənləşdirmişik. Bunun özü geniş və ağır mənbəşünaslıq fəaliyyətidir. Çünki saysız-hesabsız arxivləri, mənbələri, o cümlədən kitab, qəzet və jurnalları bir-bir təftiş etmək, onlarda Cavid yaradıcılığına aid olan hissələri, passajları aşkarlamaq, seçib toplamaq lazım idi. Daha sonra müəyyən mənada mətnşünaslıq fəaliyyəti aparmalı, həmin yazılardan əski əlifba ilə olanları transliterasiya və transfoneliterasiya etməli, kirilcə olanları latın qrafikası ilə yenidən işləməli olmuşduq. Bununla da işimiz bitmirdi. Seçilib toplanılmış materialları qruplaşdırmaq və ümumiləşdirmək, hər cildə ayrıca müqəddimə yazmaq, lazım gəldikcə şərhlər, izahlar, lüğətlər vermək də bu istiqamətdəki fəaliyyətimizə daxil idi.

Beləliklə, cavidşünaslığın izinə düşərək 30 cildliyə 2000-ə yaxın ədəbi-bədii yazı, məqalə və rəy daxil edə bilmişik. Onların arasında Hüseyn Cavidin yaradıcılığını təqdir edən yazılarla yanaşı, tənqid edən yazılar da var. Tənqidi yazıları da topluya daxil etməkdə məqsəd 30-cu illərdə Cavidi xalqın şairi olmamaqda günahlandıranların, bəzən əndazəni aşıb Ezop dili ilə ədibi təhqir edənlərin əslində, hansı xislətə sahib olduğunu bugünkü və gələcək nəsillərə göstərməkdir. Bir sözlə, 30 cildlik "Cavidşünaslıq" təxminən, 110 ilin tənqidi və təqdiri cavidşünaslığını, o cümlədən, elmi və publisistik cavidşünaslığı əks etdirir.

-  Maraqlı bir məqama toxundunuz. Belə anlaşılır ki, Cavid irsi kifayət qədər müxtəlif  aspektlərdən öyrənilib, təqdir və ya tənqid olunub. Burada biz yanaşma və tədqiqat müxtəlifliyi görürük. Eyni zamanda, qeyd etdiniz ki, "Cavidşünaslıq" toplusunu hazırlarkən, Cavid tədqiqatlarının özünü də tədqiq etməli olmusunuz. Cavid tədqiqatlarını mənbəşünaslıq, mətnşünaslıq və s. baxımdan tədqiq etmək, bir növ kitab haqqında kitab yazmaq və ya tədqiqat haqqında tədqiqat aparmaq kimidir. Bu mənada "Cavidşünaslığ"ı Cavid tədqiqatlarının tədqiqatı adlandırmaq mümkündürmü?

- Tamamilə doğru vurğuladınız. "Cavidşünaslıq" toplusu məsələn, kitabşünaslıq nöqteyi-nəzərindən yanaşdıqda, sadəcə bir kitab faktorudur, çoxcildlikdir; ədəbiyyatşünaslıq və dilçilik baxımdan o, Hüseyn Cavid irsinin təhlili, dövrün ədəbi mühitinin, dil və üslub xüsusiyyətlərinin öyrənilməsi mənbəyidir; mənbəşünaslıq baxımından o, Cavidlə bağlı bütün yazıların toplu məcmusudur; mədəniyyətşünaslıq nəzərindən o, milli teatr mədəniyyətimizin aynasıdır; fəlsəfə baxımından isə "Cavidşünaslıq" salnaməsi milli fəlsəfi fikir tariximizə bir nəzərdir. Bununla yanaşı, məsələn, təlim-tərbiyəyə, təhsilə, elmə çağırış Cavid yaradıcılığının pedaqoji-didaktik əhəmiyyətindən xəbər verir; ədibin qadın azadlığı uğrunda bədii mübarizəsi onun əsərlərinə insan hüquqları kontekstindən yaxınlaşmağa imkan yaradır və s. Apardığım bu təsnifatları xeyli uzatmaq da olardı... Demək istəyirəm ki, bütün bunlar Hüseyn Cavidin bədii təfəkkürünün genişliyinə, yaradıcılığındakı ideya-məzmun zənginliyinə və fərqliliyinə, onu düşündürən və narahat edən  məsələlərin cahanşümulluğuna dəlalət edir. Buradan da o qənaətə gəlirik ki, Cavid yaradıcılığını birqütblü şəkildə tədqiq etmək mümkün deyil. "Cavidşünaslıq" toplusunu yaradarkən bir daha əmin oldum ki, Hüseyn Cavid yaradıcılığı təkcə ədəbiyyatçıların, folklorçuların, dilçilərin tədqiqat obyekti deyil, Cavid irsini fiziklər də, riyaziyyatçılar da, hüquqşünaslar da öyrənir. Bu, Hüseyn Cavidin bədii irsinin multidissiplinarlığından irəli gəlir. Və aydındır ki, bu cür coxcəhətli yaradıcılığa həsr olunmuş tədqiqatları araşdırmağın özü də multidissiplinar yanaşma tələb edir. Bu mənada, sizin də dediyiniz kimi, "Cavidşünaslıq" toplusu Cavid tədqiqatları haqqında multidissiplinar, fənlərarası əhəmiyyətə malik böyük bir tədqiqat işidir.

- Gülbəniz xanım, dedikləriniz bir daha göstərir ki, Hüseyn Cavid yaradıcılığına peşəkar, tədqiqatçı münasibəti kifayət qədərdir. Yoxsa, 30 cildlik "Cavidşünaslığ"ın informasiya-resurs təminatını həyata keçirmək çətin olardı. Bunlar öz yerində. Bəs, Cavid yaradıcılığına sadə oxucunun diqqəti nə yerdədir, bu gün qeyri-tədqiqatçıların marağı sizi qane edirmi?

-  Baxmayaraq ki, vaxtilə Cavidi qəliz yazmaqda, ağır dildən istifadə etməkdə ittiham ediblər, onun yaradıcılığı həmişə dillər əzbəri olub. Hüseyn Cavidin qızı, mərhum Turan Cavid xatirələrinin birində deyirdi ki, atası xalq düşməni elan edildikdən sonra belə, insanlar onun şeirlərini əzbərləməkdən, qiraət etməkdən çəkinməyiblər. Cavidə ümumxalq sevgisi həmişə olub, var və olacaq. Mən buna əminəm.

Burada xüsusi bir məqama da toxunmaq istəyirəm. Bilirsiniz ki, elmi cavidşünaslıq, Hüseyn Cavid 1956-cı ildə bəraət aldıqdan sonra təşəkkül tapıb. Məmməd Cəfər, Abbas Zamanov, Məsud Əlioğlu, Qulam Məmmədli kimi görkəmli tədqiqatçılar Cavidşünaslığın əsasını qoyublar. Amma Cavid yaradıcılığına istər tədqiqatçı münasibətinin, istərsə də ictimai marağın xüsusilə artması Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1982-ci ildə Cavidin anadan olmasının 100 illiyinin təntənəli şəkildə qeyd olunması və bu münasibətilə ədibin nəşinin Sibirdən Bakıya gətirilməsi, Vətəninə qovuşdurulması Heydər Əliyev dühasının nəticəsi idi. Bununla Ümummilli lider Cavidi Azərbaycan xalqına yenidən qazandırdı. Elə ədəbin Bakıdakı ev-muzeyinin yaradılması da Heydər Əliyev uzaqgörənliyinin bəhrəsidir. Bu gün dövlətimizin başçısı İlham Əliyev də Hüseyn Cavid yaradıcılığına hörmət və diqqətlə yanaşır, Cavid irsini gələcək nəsillərə ötürmək üçün əlindən gələni əsirgəmir. Ədibin 125, 130, 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin sərəncamlarının mətninə baxmaq kifayət edər ki, bu qayğı və diqqətin hansı səviyyədə olduğu müəyyənləşsin. Azərbaycan xalqı, xüsusən də cavidsevərlər bu münasibəti heç vaxt unutmayacaq. Azərbaycan insanı var olduqca, Cavid seviləcək, oxunacaq.

Hüseyn Cavid yaradıcılığına qədirbilən münasibətdən söz düşmüşkən, "Cavidşünaslıq" araşdırmalar toplusunun hazırlanmasında bizə öz dəstəyini əsirgəməmiş AMEA rəhbərliyinə, dəyərli elmi məsləhətçilərimizə və elmi redaktorlarımıza və bütün zəhməti keçənlərə təşəkkür etmək istəyirəm

- Müsahibə üçün təşəkkür edirik.

Müsahibəni hazırladı:

Səidə RZAYEVA

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015