AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“NİZAMİ VƏ NƏVAİ İRSİNİN MİF VƏ FOLKLOR QAYNAQLARI” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək
Mart 16, 2021 | 12:57 / Konfranslar, iclaslar
Oxunub 577 dəfə

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu il dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə “Nizami Gəncəvi İli” elan edilmişdir. Eyni zamanda, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin 19 oktyabr 2020-ci il tarixli Sərəncamında böyük şair və mütəfəkkir Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd edilməsi haqqında müddəalar öz əksini tapmışdır. Hər iki Sərəncam ortaq türk ədəbiyyatına və klassik ədəbi-mədəni irsə verilən yüksək qiymətin təzahürüdür .

Dünya ədəbiyyatının dahi nümayəndələrindən olan Nizami Gəncəvi və Əlişir Nəvai irsinin öyrənilməsi daim tədqiqatçıların diqqət mərkəzində olub. Hər iki şair və mütəfəkkirin bədii-fəlsəfi baxışlar sistemi Şərq mədəniyyətinin, türk milli-mədəni irsinin ən parlaq nümunələri kimi həm də ümumbəşəri dəyərlər müstəvisində mühüm əhəmiyyətə malikdir.

Dünya ədəbiyyatının görkəmli simalarından olan Nizami Gəncəvi və Əlişir Nəvai bütün dövrlərdə şair və yazıçıların ilham mənbəyinə çevrilmişlər. Hər iki şairin dünya şöhrətli “Xəmsə”sinə daxil olan əsərləri öz mövzusu, elmi-fəlsəfi fikirləri ilə diqqəti cəlb edir. 

Azərbaycan tarixinə və mədəniyyətinə daim milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Məhz ulu öndərin təşəbbüsü ilə 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qəbul olunmuş qərar bu sahədə yeni perspektivlər açmışdır. 1981-ci ildə Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən Nizami Gəncəvinin 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir.

Heydər Əliyev irsinin və ənənələrinin davamçısı olan İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi də silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

Özbəkistan Prezidentinin Sərəncamında qeyd edildiyi kimi, böyük şair və mütəfəkkir, görkəmli dövlət və ictimai xadim Əlişir Nəvainin misilsiz yaradıcılıq irsi özbək, həm də türk və dünya ədəbiyyatının, milli mədəniyyətinin və ədəbi-estetik dünyagörüşünün inkişafında xüsusi əhəmiyyətə malikdir. O, ölməz əsərlərində ana dilinin zənginliyindən və gözəlliyindən istifadə edərək yüksək humanizm ideallarını və ümumbəşəri dəyərləri tərənnüm etmiş, milyonlarla oxucunun dərin rəğbətini qazanmışdır. Son illər Əlişir Nəvainin nadir, çoxşaxəli yaradıcılıq irsinin dərindən öyrənilməsi, əsərlərinin Özbəkistanda və xaricdə geniş yayılması və xatirəsinin əbədiləşdirilməsi istiqamətində geniş işlər görülür. 

Yuxarıda göstərilən Sərəncamların qarşıya qoyduğu vəzifələrə uyğun olaraq AMEA Folklor İnstitutunda hər iki şairin yubileyləri şərəfinə “Nizami və Nəvai irsinin mif və folklor qaynaqları” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirmək planlaşdırılır. Sizi Nizami Gəncəvi və Əlişir Nəvainin zəngin bədii yaradıcılığında mif və folklor qaynaqlarının tədqiqini, hər iki sənətkarın yaradıcılığı timsalında Azərbaycan və özbək xalqlarının milli-mənəvi dəyərlərinin araşdırılmasını əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.

 

folklor.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015