AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
İstanbul Beynəlxalq Naşirlər Görüşündə Azərbaycan ədəbiyyatına həsr olunan tədbirlər keçirilib
Mart 16, 2021 | 12:26 / Konfranslar, iclaslar
Oxunub 520 dəfə

Ölkəmizin elm adamları və naşirlərindən ibarət nümayəndə heyəti VI İstanbul Beynəlxalq Naşirlər Görüşündə iştirak edib. Martın 9-da işə başlayan tədbirin ikinci günündə nümayəndə heyətimizin işgüzar görüşləri keçirilib, əməkdaşlıq əlaqələrinin qurulması və Azərbaycan kitabının tanıdılması işinə töhfə olacaq razılaşmalar əldə edilib. Görüş çərçivəsində “Azərbaycan ədəbiyyatı və Nizami Gəncəvi” mövzusunda elmi seminar təşkil olunub. Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıçın moderatoru olduğu tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov və yazıçı Azad Ağaoğlu dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı ilə bağlı aparılan tədqiqat işləri, nəşr olunan kitablar, həmçinin Azərbaycan klassik və müasir dövr romanları haqqında məlumat veriblər.

Forumun plenar iclasında AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə siyasi, ictimai, ədəbi və mədəni əlaqələrini özündə ehtiva edən “Azərbaycan ədəbiyyatı: inkişaf mərhələləri, məktəbləri, şəxsiyyətləri və hədəfləri” mövzusunda əhatəli məruzə ilə çıxış etdi. Akademik çıxışında Azərbaycanı odak ölkə seçdiklərinə görə qardaş Türkiyə Cümhuriyyətinə minnətdarlığını ifadə edərək Azərbaycanın Qarabağın işğaldan azad olunması uğrunda apardığı Vətən müharibəsində Türkiyə Cümhuriyyətinin başçısı cənab Rəcəb Tayyib Ərdoğanın siyasi, 83 milyonluq Türkiyənin mənəvi dəstəyinin hər an bizimlə olduğunu bildirdi. Çıxışda akademik Azərbaycan ədəbiyyatının ən qədim dövlərindən, şifahi xalq yaradıcılığından başlayaraq müasir inkişaf mərhələsinə qədər keçdiyi yolu yığcam, dərin məzmunlu tezisləri ilə forum iştirakçılarına təqdim etdi.

Azərbaycanın fəxri qonaq ölkə kimi qatıldığı VI İstanbul Beynəlxalq Naşirlər Görüşü martın 11-də başa çatıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015