AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Aşıq Şəmşir və Qarabağ folklor mühiti” mövzusunda dəyirmi masa keçirilib
Mart 16, 2021 | 12:02 / Konfranslar, iclaslar
Oxunub 484 dəfə

AMEA-nın Folklor İnstitutu nəzdində Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO “Aşıq Şəmşir” kafedrasının təşkilatçılığı ilə “Aşıq Şəmşir və Qarabağ folklor mühiti” mövzusunda onlayn dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, akademik Muxtar İmanov bildirib ki, “Aşıq Şəmşir” kafedrasının fəaliyyətində əsas istiqamətlərdən birini Qarabağ xalq mədəniyyətinin öyrənilməsi təşkil edir. Şifahi söz sənətinin, eləcə də aşıq sənətinin inkişafı baxımından zəngin bölgələrimizdən olan Kəlbəcərin folklor mühitinin Qarabağ xalq mədəniyyəti kontekstində öyrənilməsi daha səmərəlidir. Belə ki, həm coğrafi baxımdan, həm ruh etibarilə Aşıq Şəmşirin sənəti Qarabağ xalq mədəniyyəti ilə qırılmaz surətdə bağlıdır.

Sonra institutun əməkdaşı, fil.ü.f.d., dos. Sönməz Abbaslı “XIX-XX əsrlər Qarabağ aşıq mühiti” mövzusunda məruzə edərək bu mühitin saz-söz ustalarının hər birinin bədii sözün dəyərini dərk edən və aşıq şeirinin istənilən şəklində, istənilən mövzuda qələm çalmağı bacaran sənətkarlar olduğunu diqqətə çatdırıb. O, Kəlbəcərdə doğulub boya-başa çatmış Aşıq Şəmşirin yaradıcılığına toxunaraq bildirib ki, yurduna, obasına bağlılıq, el arasında böyük hörmət sahibi olması ustada “Dədə Şəmşir” adını qazandırıb. Ustad aşıq yazmış olduğu qoşma, gəraylı, müxəmməs, təcnis və bağlamalarında Kəlbəcər təbiətini böyük heyranlıqla tərənnüm etməklə yanaşı, hər kəsi vətəninə, elinə arxalanmağa çağırıb.

Fil.ü.f.d., dos. Səbinə İsayeva isə “Aşıq Şəmşir və Qarabağ dastançılıq ənənəsi” mövzusunda məruzə edərək Qarabağda dastançılığın klassik ənənələr üzərində inkişafından danışıb. O, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan, yaradıcılığında ənənə və novatorluğu üzvi şəkildə birləşdirən Aşıq Şəmşirin dastan yaradıcılığı haqqında ətraflı məlumat verib.

“Ədəbiyyat” qəzetinin baş redaktor müavini, fil.ü.f.d., dos. Adil Cəmil “Aşıq Şəmşir və Qarabağ gülüş mədəniyyəti” mövzusunda çıxış edib. Alim bildirib ki, aşıq-ozan təhkiyəsinin bir qolunu xalqdan gələn incə yumor, xəfif gülüş, bəzəmələr, dodaqqaçdılar və s. təşkil edir ki, bunları da el şairlərinin, aşıqların yaradıcılığında izləmək mümkündür. Aşıq Şəmşir yaradıcılığında bu motivi ən çox onun deyişmələrində, məktublaşmalarında görmək olur. A.Cəmil bildirib ki, aşığın, hətta bəzi bayatılarında da sarkazm səviyyəsinə yüksələn gülüşü izləmək mümkündür. 

Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d., dos. Ləman Süleymanova “Qarabağda xalq lirikası: dünən və bu gün” mövzusunda çıxış edərək Qarabağda mövcud olan lirik növün janrlarından, xüsusilə bayatı, xalq mahnıları, dini şeirlər, aşıq şeirləri, sağın nəğmələri, sayaçı sözləri, mərsiyələr və s. haqqında məlumat verib. O, Aşıq Şəmşirin də yaradıcılığına toxunaraq onun həm xalq bayatılarından bəhrələndiyini, həm də müstəqil formada bayatı yazdığını qeyd edib.

Tədbirə qatılan Həbib Misirov təmsil etdiyi Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi adından institut rəhbərliyinə və məruzəçilərə dəyirmi masa üçün dərin təşəkkürünü bildirib və qeyd edib ki, Prezident İlham Əliyevin Qarabağa qayıdış planı çərçivəsində Qarabağ mədəniyyətinin və folklorunun dirçəlişində hər zaman institutla birgə əməkdaşlığa hazırdır. 

Sonda Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin YUNESKO üzrə nümayəndəsi Fazil Qasımov söz alaraq Qarabağ folklorunun toplanması, araşdırılması və öyrənilməsinin əhəmiyyətindən danışıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015