AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Nizami muzeyində “Şamanizm və sufizm: oxşar missiya və rituallar” mövzusunda tədbir keçirilib
Fev 27, 2021 | 05:00 / Konfranslar, iclaslar
Oxunub 510 dəfə

Fevralın 27-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi Şurasının nəzdində daimi fəaliyyət göstərən elmi seminarın növbəti onlayn məşğələsi keçirilib.

Tədbirdə muzeyin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Hüseynova “Şamanizm və sufizm: oxşar missiya və rituallar” mövzusunda məruzə ilə çıxış edib.

O, qədim dövr insanının inanc və təriqətləri içərisində özünəməxsus fəlsəfəyə malik şamanizm və sufiliyin oxşar və fərqli xüsusiyyətlərindən bəhs edib. Dilbər Hüseynova tədqiq etdiyi mövzunu hər iki təriqətdə rast gəlinən musiqi, vəcd halı, dua və zikr, geyim tərzi atributlarının təhlili üzərində quraraq şaman və sufi məhfumlarını ayrı-ayrılıqda izah edib. 

Məruzəçi bildirib ki, həm qədim şaman, həm də sufi təriqətinin mühüm əməllərindən sayılan dua və zikr şaman dünyasında vəcd halı ilə müşaiyət olunursa, təsəvvüf Cəlaləddin Rumi, Hacı Bəktaşi Vəli, Yunus Əmrə  kimi məşhur nümayəndələrinin dilində bədahətən deyilən şeir nümunələri ilə təzahür edir. O, sufizmin səma ayinləri, şamanizmin şaman rəqsi səhnələrinə də müraciət edərək, onlar arasındakı maraqlı bənzərlik və fərqlilikləri diqqətə çatdırıb.

Seminar məşğələsi muzeyin Mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, muzeyin doktorantları - Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçiləri Gülnar Əqiq və Natəvan Bağırova, Yeni və müasir dövr Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Munisə İsmayılova və digərlərinin sual və çıxışları ilə davam edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015