AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Hüseyn Cavidin Ev Muzeyində Xocalı faciəsinin qurbanları anılıb
Fev 26, 2021 | 12:21 / Konfranslar, iclaslar
Oxunub 516 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – XX əsrin faciəsi” mövzusunda anım tədbiri keçirilib.

Tədbir soyqırım qurbanlarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı erməni faşistlərinin Xocalı şəhərində törətdikləri qeyri-insani qətliamın, kütləvi soyqırım aktının xalqımızın tarixindəki ən dəhşətli faciələrdən biri olduğunu qeyd edib. O bildirib ki, mənfur ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırım cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl ataraq misli görülməmiş qətliam törədiblər.

Tədbirdə çıxış edən muzeyin elmi katibi İlahə Novruzova ümid etdiyini bildirib ki, gələcək nəsillər belə faciələrin şahidi olmayacaqlar. Elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva və mühafiz Fəridə Azadova da çıxış edərək misilsiz faciəyə öz münasibətini bildirib, soyqırım aktını insanlıq əleyhinə cinayət adlandırıblar.

Tədbirdə qonaq qismində iştirak edən II Qarabağ – Vətən müharibəsində şəhid olmuş Rəşad Ələkbərovun dayısı AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərov da çıxış edib, Hüseyn Cavidin Ev Muzeyinin şəhidlərimizin ruhunun əbədiləşdirilməsi istiqamətində gördüyü mühüm işlərdən danışıb. Qonağa muzeyin nəşrlərindən şəhid Rəşad Ələkbərov haqqında oçerkin də daxil edildiyi “Vətən simurqları: II Qarabağ müharibəsinin qəhrəmanları” adlı kitab təqdim olunub.

Anım tədbirinin sonunda bu qanlı cinayət aktına həsr olunmuş “Xocalı əsrin faciəsi” adlı sərgiyə baxış keçirilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015