AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilçilik İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
Fev 26, 2021 | 12:52 / Konfranslar, iclaslar
Oxunub 482 dəfə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir təşkil olunub.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun direktoru, akademik Möhsün Nağısoylu Xocalı soyqırımının Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, xalqımıza qarşı törədilmiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Qeyd olunub ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət dahi rəhbər, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib. Alim ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini vurğulayıb.

Akademik bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu "Dəmir yumruq" əks-hücum əməliyyatı keçirərək 44 gündə ərazilərimizi təxminən 30 il davam edən düşmən işğalından azad etdi. Ali Baş Komandanın dəmir iradəsi və sarsılmaz qətiyyəti, eyni zamanda, xalqın birliyi və şanlı ordumuzun şəxsi heyətinin cəsarəti sayəsində müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

Müəssisənin Elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli, professorlar İsmayıl MəmmədliSayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov çıxışlarında vurğulayıblar ki, Xocalı qırğınlarını Azərbaycan xalqı heç vaxt unutmayacaq. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu qətliamı törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar. Beynəlxalq hüquq və sağlam düşüncə məhz bunu tələb edir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015