AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir keçirilib
Fev 24, 2021 | 04:00 / Konfranslar, iclaslar
Oxunub 481 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan onlayn tədbir keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, bu il Xocalı soyqırımının yad edilməsi əvvəlki illərdən fərqlənir. Bu fərq Ali Baş Komandanımızın rəhbərliyi ilə aparılan Vətən müharibəsinin qələbəylə başa çatması ilə müşahidə olunur: “Qarabağın işğaldan azad edilməsi Azərbaycanın dövlətçilik və hərb tarixinin bənzərsiz hadisəsidir. Xocalı soyqırımını qələbəmizdən sonra anmağın səciyyəvi cəhətləri var. Prezidentimizin başçılığı ilə böyük qayıdış başlayıb. Azərbaycan xalqı inanır ki, artıq Qarabağın hərbi və siyasi taleyi etibarlı əllərdədir. Biz böyük qələbə əhval-ruhiyyəsində olsaq da, Xocalı faciəsini həmişə qeyd etməliyik. Dünya erməni faşizminin əsl üzünü tanımalıdır. Xocalı faciəsinə obyektiv qiymət vermədən Qarabağ münaqişəsinin mahiyyətini anlamaq çətindir. Bu faciəyə obyektiv siyasi qiyməti ulu öndər Heydər Əliyev verib. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər il Xocalı soyqırımı abidəsini yad edirlər. Dünyanın bir çox ölkələrində Xocalı qətliamı soyqırımı kimi tanınır. Bu yöndə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyasını xüsusi vurğulamaq lazımdır. Hər il Ədəbiyyat İnstitutunda da bu faciənin ildönümü yad edilir”.

Onlayn tədbirdə iştirak edən millət vəkili, professor Jalə Əliyeva vurğulayıb ki, biz böyük qələbəni qazanmaqla bərabər, 29 illik kədərimizi də unutmayacağıq: “Xocalı faciəsinin izlərini 44 günlük müharibədə bir daha gördük. Ermənilər Gəncə, Bərdə, Tərtər və Naxçıvanda mülki əhaliyə atəş açmaqla öz xislətlərini bir daha ortaya qoydular. Bu hadisələr tarixlə birgə ədəbiyyatda da öz əksini tapacaq”.

Sonra institutun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova “Xocalı faciəsi Azərbaycan ədəbiyyatında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Xocalı soyqırımına həsr edilmiş poeziya nümunələri, nəsr və dram, eləcə də publisistik əsərlər təhlil olunub.

Müəssisənin Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd isə şöbə əməkdaşlarının Xocalı soyqırımı mövzusunda kifayət qədər əsərlər yazdıqlarını, mətbuatda yayımladıqlarını bildirib. Həmçinin Qarabağ mövzusuna həsr olunan şeirlərdən ibarət antologiyanın hazırlandığını və İranda işıq üzü görəcəyini söyləyib.

Filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran isə həmin günlərin canlı şahidi kimi ağrılı xatirələrini bölüşüb, bu faciənin dünyada tanıdılması üçün apardığı mübarizədən söz açıb, soyqırımı ilə bağlı bir neçə kitab çap etdirdiyini bildirib. Yığıncaqda, o cümlədən onun iştirakı ilə xaricdə yayımlanan veriliş nümayiş olunub. Bundan əlavə, Fəridə Hicran “Mən sizə nə söyləyim” şeirini də səsləndirib.

Tədbirin sonunda Nurəngiz Günün poeması əsasında hazırlanan “Xocalı simfoniyası” filmi nümayiş etdirilib.

Qeyd edək ki, videokonfransda Ədəbiyyat İnstitutunun direktor müavinləri, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Rəşad Qasımov, müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, qurumun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov və başqaları iştirak ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015