AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat Muzeyində “Xocalının sağalmayan yarası” adlı elmi sessiya keçirilib
Fev 26, 2021 | 11:52 / Konfranslar, iclaslar
Oxunub 515 dəfə

Dünyanın XX yüzillikdə şahidi olduğu ən müdhiş soyqırımlarından biri kimi artıq ölkəmizdən kənarlarda da yaxşı bəlli olan Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi sessiya keçirilib.

Muzey əməkdaşlarının bir hissəsinin əyani olaraq iştirak etdiyi, digər əməkdaşlarınsa videokonfrans formatında qatıldığı “Xocalının sağlamayan yarası” adlı elmi sessiyada üç məruzə dinlənilib.

Tədbirdə “Dünyanın daha artıq tanımalı olduğu Xocalı faciəsi” mövzusunda məruzə ilə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov XX əsrdə Azərbaycan xalqının bir neçə dəfə soyqırıma uğradıldığını bildirib, bu faciələrin dünya ictimaiyyətinə təfərrüatı ilə çatdırılmasının vacibliyini vurğulayıb. O, Azərbaycanın məruz qaldığı soyqırımlarla bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində uzun zaman imkanlarımızın məhdud olduğunu deyərək, ilk dəfə Prezident İlham Əliyevin təşəbbüsü ilə hələ 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən hazırlanmış “Azərbaycan xalqına qarşı Ermənistanın törətdiyi soyqırımlarının tanınması haqqında” tövsiyə üçün qətnaməni diqqətə çatdırıb.

Akademik R.Hüseynov dövlətimizin istər 1918-ci ilin martında xalqımıza qarşı törədilmiş soyqırımları, istər XX əsr boyu icra edilmiş digər bu qəbil cinayətləri, istərsə də Xocalı faciəsini dünyaya bütün gerçəkləri ilə təqdim etmək yolunda böyük işlər gördüyünü, soyqırımlarla bağlı müxtəlif kitablar nəşr etdirdiyini bildirib. Məruzəçi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı ilə son illərdə dünyada getdikcə daha artıq vüsət alan və təbliğat baxımdan mühüm nəticələri olan “Xocalıya ədalət” beynəlxalq kampaniyasını xüsusi vurğulayıb.

Direktor Xocalı faciəsi haqqında dünya ekranına çıxa biləcək bədii və sənədli filmlərin hazırlanmasının, bu soyqırımı daha çox dövlət və parlamentlərin rəsmən tanıması üçün ardıcıl işlərin aparılmasının zəruriliyini qeyd edib: “Xocalı faciəsi milli tariximizin sağalmayan bir yarasıdır. Bu insanlığa qarşı törədilmiş cinayətlərdəndir ki, gec-tez əlləri həmin qana bulaşanların beynəlxalq tribuna qarşısında ittiham olunacağı labüddür. Biz Xocalı soyqırımını hər il yalnız kədərə dalmaq, o acıları bir daha xatırlamaq üçün yığılmırıq. Bu elə bir tarix dərsidir ki, onu unutmaq olmaz. Biz imkan verməməliyik ki, yaddaşlardan bu faciənin göynərtisi soyusun. Hər yeni nəsil və dünya millətimizə qarşı törədilmiş soyqırımlardan təfərrüatı ilə daim agah olmalıdır”.

Daha sonra muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli “Xocalıya gedən yol” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi 1992-ci ilin şaxtalı fevral gecəsində Xocalı torpağında görünməmiş qəddarlıqla törədilən insan qətliamı hadisəsini həmin günlərin canlı şahidlərinin dili ilə yad edib.

Elmi sessiyada muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialının əməkdaşı Rəhman Baxşəliyev də çıxış edərək mənfur düşmənin Xocalı şəhərində törətdiyi dəhşətli dağıntıların mahiyyətində Qarabağın dağlıq hissəsinin əzəli sakinləri olan azərbaycanlıların oradakı qədim tarixi izlərini silmək niyyətinin gizləndiyini ifadə edib.

Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən elmi sessiyaya yekun vuran akademik R.Hüseynov bildirib ki, 1990-cı ilin 20 yanvar faciəsi Azərbaycan xalqının iradəsini sındırmaq, onun müstəqillik arzularını qəlbindəcə boğmağa hesablanmışdısa, Xocalı faciəsi də artıq yenidən bərpa olunmuş dövlət müstəqilliyimizi laxlatmaq, xalqda xof yaratmaq üçün xarici qüvvələrin həyata keçirdiyi bir qəsd idi. “Lakin Azərbaycan xalqı və dövləti bu çətin sınaqlardan mətanətlə keçdi və artıq öz dövlət müstəqilliyinin 30-cu ilini müzəffər xalq kimi qarşılamağa doğru inamla irəliləməkdədir. İstiqlalımıza, müstəqilliyimizə gedən yolda Xocalı soyqırımı ən ağır aşırımlardan biri idi ki, biz onun dərslərini və ibrətlərini hər yeni xoşbəxt günümüz içərisində hökmən xatırlamalıyıq”, – deyə bildirən direktor Bakıda soyqırımlarımızın tarixini əks etdirən muzeyin yaradılmasının da zəruri olduğunu vurğulayıb. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015