AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ana dilimizin saflığını qorumaq müqəddəs borcumuzdur
Fev 15, 2021 | 09:17 / Müsahibələr, çıxışlar
Oxunub 118 dəfə

İLHAM ƏLİYEV: Əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət  dilinin  tətbiqi  işinin  təkmilləşdirilməsi  haqqında” Fərman, 2001-ci   il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman, 2002-ci il 30 sentyabr tarixli “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında”  Sərəncam, 2004-cü il 13 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncamı, 2012-ci il may ayının 23-də imzaladığı  “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə  dilçiliyin  inkişafına  dair  Dövlət  Proqramı  haqqında”  Sərəncam, 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam, 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan  dilinin  saflığının  qorunması  və  dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman və bir sıra başqa rəsmi sənədlər Ana dilimizə - Azərbaycan dilinə dövlət səviyyəsində müntəzəm olaraq göstərilən qayğının parlaq təzahürüdür.

Zəngin tarixi, milli varlığımızın rəmzi olan Azərbaycan dili şərəfli inkişaf yolu keçərək dünya dilləri sırasına nüfuz etmişdir. Yuxarıda qeyd etdiyimiz tarixi sənədlərdən də aydın görünür ki, Ana dilimizin inkişafı, qorunub saxlanması, saflığı, zənginləşməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbər təyin edildiyi vaxtdan Ana dilimiz – Azərbaycan dili sanki öz mühafizəçisini tapmışdır. Məhz Ulu Öndər ünsiyyət vasitəsi olan dilimizi – Azərbaycan dilini dövlət siyasətinə çevirmişdir. SSRİ dövründə onun tərkibində olan müttəfiq respublikaların ana dillərinin dövlət dili kimi statusuna, tətbiqinə müəyyən qadağalar qoyulmuşdur. Lakin Ümummilli Lider Heydər Əliyev öz ana dilini, millətini, vətənini sevən bir rəhbər kimi bu qadağaları sındıraraq rus dili ilə yanaşı Azərbaycan dilinin də rəsmiliyini təmin etmişdir. Bəli Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, mənşəyinin müəyyənləşdirilməsi, zənginləşdirilməsi, yad ifadələrdən təmizlənməsi həyat amalı olan Ulu Öndərin səyi, beynəlxalq aləmdə nüfuzu sayəsində Azərbaycan dili çox geniş dairələrdə keçirilən rəsmi görüşlərdə, Avropa Şurasının, Birləşmiş Millətlər Təşkilatının mötəbər tədbirlərində səslənməyə başlanmışdır. Hələ SSRİ dövründə Azərbaycan dilində bir çox mətbu orqanlar yaranmış, böyük əhəmiyyət kəsb edən çoxcildli “Müasir Azərbaycan dili” kitablarının akademik nəşrləri işıq üzü görmüşdü.

Ümummilli Liderin 2001-ci il 18 iyun tarixli Fərmanına əsasən həmin il avqustun 1-dən ölkəmizdə latın qrafikasına tam keçidin təmin edilməsi bütün sahələrdə bu istiqamətdə əhəmiyyətli işlər görülməsinə səbəb olmuşdur. Ulu Öndərin 2001-ci il avqustun 9-da imzaladığı Fərmanla avqust ayının 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu Fərmanın qəbul edilməsindən təqribən 1 il keçəndən sonra dünyamiqyaslı siyasətçi Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” (2002-ci il sentyabrın 30-da) Qanun işıq üzü görmüşdü. Bu, milli sərvətimiz sayılan Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə, onun tətbiqinə, inkişaf etdirilməsinə, saflığının qorunmasına münbit şərait yaradılmasına səbəb olan tarixi sənəddir.

Ana dilimizin qorunub saxlanılmasına, istər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunmasına, inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə, təbliğ olunmasına yönələn dil siyasətini Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının bu istiqamətdə ardıcıl surətdə genişmiqyaslı islahatlar aparması öz müsbət nəticəsini vermişdir. Naxçıvanda və Mingəçevirdə “Ana dili” abidəsinin qoyulması da ana dilimizə önəm verilməsinin bariz nümunəsidir. Göründüyün kimi, hər zaman dilimizə xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir.

Xalqımızın Ümummilli Liderinin dil siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev ana dilimizə, milli adət-ənənələrimizə, keçmişimizə   daim böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin eyni zamanda müxtəlif tədbirlərdə çıxış edərək həmişə Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə,  incəsənətinə  və  milli-mənəvi  dəyərlərimizə  xüsusi  qayğı  ilə  yanaşdığının şahidi oluruq.

Dilçiliyimizdə mövcud olan bir sıra problemləri həll etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il mayın 23-də imzaladığı Sərəncamda Azərbaycan dilinin digər türk dilləri ilə əlaqələrinin öyrənilməsi istiqamətində atılan addımları, müasir dillərin nəzəri cəhətdən araşdırılmasını,  ana dilinin keçdiyi inkişaf mərhələlərini dolğun əks etdirən fundamental əsərlərin yaranması kimi məsələlər öz əksini tapmışdır.

Ölkə başçısı İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı da Azərbaycan dilinə göstərilən diqqət və böyük qayğının təzahürüdür. Həmin Sərəncamda 2013-2020-ci illərdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafının dövlət səviyyəsində təmin olunması, dilçiliklə məşğul olan elmi müəssisə və qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, qədim dillərin araşdırılması, Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət tərkibinin zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin gücləndirilməsi və nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsi, Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması sahəsində işlərin görülməsi və sair kimi vacib məsələlər öz əksini tapıb.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr  tarixli  Fərmanı ana dilimizin inkişafına dair mühüm əhəmiyyət kəsb edən tarixi sənəddir. 

Ana dilimizin – Azərbaycan dilinin saflığının qorunub saxlanmasında dilçilik məsələləri ilə bilavasitə məşğul olan Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun üzərinə çox böyük məsuliyyət düşür. Bu milli məsuliyyəti dərindən dərk edən qurumun kollektivi ana dilimizin hər bir ifadəsinin düzgünlüyünün keşiyində durur. Onun təbliği, qorunması, inkişaf etdirilməsi, yad sözlərdən təmizlənməsi üçün ciddi səylər göstərir, araşdırmalar aparır. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çapa hazırlanması, şəhər, rayon, kənd və yer adlarımızın mənşəyinin öyrənilməsi ilə məşğul olan Toponimika sektorunun yaradılması, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Publik Hüquqi Şəxsin yaradılması və s. dilimizin saflığı, inkişafı üçün görülən tədbirlərdəndir.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən mədəniyyətimiz və ana dilimiz barədə söylədiyi dəyərli fikirləri bir daha diqqətə çatdırmaq istəyirəm. O demişdir: “Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlərboyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıbdır. Əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir. Mən ana dilinin qorunması ilə bağlı müxtəlif vaxtlarda öz sözlərimi demişəm. Azərbaycan Milli Elmlər Akademiyasının kürsüsündən və digər tədbirlərdə demişəm ki, bizim zəngin dilimiz var, biz haqlı olaraq dilimizlə fəxr edə bilərik. Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur. Bizim dilimiz çox zəngindir. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır. Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”.

Ana dilimiz -Azərbaycan dili haqqında bunlardan dəyərli fikirlər olarmı!?

Aynel MƏŞƏDİYEVA,

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015