AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” mövzusunda konfrans keçirilib
Fev 09, 2021 | 03:09 / Konfranslar, iclaslar
Oxunub 68 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” mövzusunda onlayn beynəlxalq elmi konfrans keçirilib.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 və dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 580 illiyinə həsr edilən konfrans görkəmli ədiblərin Bakıdakı heykəllərinin ziyarəti ilə başlayıb. Ziyarətdə bir sıra ölkələrin səfirləri və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edib. Çıxışlardan sonra konfrans iştirakçıları heykəllərin önünə gül qoyublar.

Onlayn konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə cari ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb. Həmçinin Özbəkistan Respublikası Prezidentinin Əlişir Nəvainin anadan olmasının 580 illiyinin keçirilməsinə dair 19 oktyabr 2020-ci ildə sərəncam imzaladığını diqqətə çatdırıb.

İ.Həbibbəyli hər iki şairin yaradıcılığı haqqında danışaraq bildirib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi dünyada ilk “Xəmsə” yaratmış qüdrətli sənətkardır və onun “Xəmsə”sinin Şərq dünyasına böyük təsiri olub. Akademikin sözlərinə görə, Nizami ortaq mədəniyyətimizin zirvələrində dayanır və onun görkəmli ardıcıllarından biri də Əlişir Nəvaidir: “Xəmsə” yaradıcılığında hər iki birincilik Azərbaycan və Özbəkistana məxsusdur. Əlişir Nəvai türk dilində “Xəmsə” yaratmaqla bütün türk dünyasına böyük xidmət göstərmiş, türk dilinin “Xəmsə” yaratmaq qüdrətinə malik olduğunu sübut etmişdir. Əlişir Nəvai dövlət xadimi olmuş, özbək türkcəsi haqqında elmi əsər yazmış, ədəbiyyat ensiklopediyası yaratmışdır”.

İki ölkə arasında elmi əlaqələrin müasir inkişaf yolundan danışan akademik qeyd edib ki, rəhbərlik etdiyi müəssisənin Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Binnətovanın “Sənətkarın elmi pasportu” seriyasından “Əlişir Nəvainin əsri və nəsri” adlı kitabı çap olunub. 2020-ci ildə institutun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş 352 səhifədən ibarət xüsusi buraxılışı işıq üzü görüb. Bundan əlavə, Ədəbiyyat İnstitutu ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi yaradılıb. Eyni zamanda Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər “Xəmsə”ni bütövlükdə Azərbaycan dilinə çevirib. Akademik yubileylərlə bağlı ortaq tədbirlərin il ərzində davamlı olacağını vurğulayıb.

Sonra çıxış edən Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov hər iki şairin türk dünyasında önəmli mövqe tutduğunu bildirib. O, 2008-ci ildə Bakıda Nəvainin heykəlinin açılmasını, Daşkənddə isə Nizami Gəncəvinin heykəllərinin ucaldılmasını birlik və qardaşlığa ərməğan adlandırıb.

Onlayn konfransda Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Amanulla Ceyhun və Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid də giriş nitqi söyləyiblər.

Konfransın davamında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Aygün Bağırlı, filologiya elmləri doktoru, Müqumi adına Kokand Dövlət Pedaqoji Universitetinin Fəxri professoru Almaz Ülvi, Özbəkistan Yazıçılar İttifaqının üzvü Mirzə Gəncəbəy, Özbəkistan Karakalpak Berdax adına Nukus Dövlət Universitetinin prorektoru, professor Olimjan Dusyenbayev, Özbəkistan Yazıçılar Birliyinin şöbə müdiri Ədhəmbəy Alimbəyov və Özbəkistan Respublikası Dil, Ədəbiyyat və Folklor  İnstitutunun əməkdaşı, nəvaişünas Erqaş Oçilov Nizami və Nəvai yaradıcılığına aid məruzələrlə çıxış ediblər.

Bundan əlavə, Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi Təhminə Bədəlovanın, Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfovun, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin şöbə müdiri, professor Nurbay Cabbarovun, Özbəkistan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Nüsrətulla Cumayevanın, Karakalpak Berdax adına Nukus Dövlət Universitetinin filologiya kafedrasının müdiri İlhambəy Qurbanbayevin, Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Aysara Məmmədəliyevanın və özbək ziyalı Şaira Daniyarovanın konfransın mövzusuna uyğun məruzələri dinlənilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015