AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Nizaminin əsərlərində türklüyə rəğbət məsələsi M.Ə.Rəsulzadə tərəfindən üzə çıxarılıb
Fev 02, 2021 | 10:25 / Müsahibələr, çıxışlar
Oxunub 560 dəfə

“Kitabımızın müəyyən bir bölməsində təfsilatı ilə təkrar edəcəyimiz gözəl ilə böyüyə - türk, gözəllik ilə böyüklüyə -türklük, gözəl və böyük sözə - türkcə, gözəllik və böyüklük dünyasına Türküstan deyən bir şairə hansı azğın o, türk deyildir deyə bilər?” Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə yazdığı və ilk dəfə on il sonra 1951-ci ildə Ankarada nəşr olunan “Azərbaycan şairi Nizami” monoqrafiyası bu sual ilə başlayır. Nizami haqqında yazılmış qiymətli elmi əsərlərdən biri olan bu monoqrafiyada  Nizaminin türk əsilli azərbaycanlı olduğu şairin əsərlərindəki faktlarla sübut edilir.

Bu fikri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Azərbaycan radiosuna müsahibəsində səsləndirib. Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığından, apardığı araşdırmalardan söz açan alim bildirib ki, milli maraqların təntənəsi uğrunda yorulmadan mübarizə aparan böyük ictimai xadim həm də orijinal elmi mülahizələri ilə seçilən ədəbiyyatşünas idi. Alimin tədqiqat obyektlərindən biri məhz Nizami, onun həyat və yaradıcılığını əhatə edir.

Əzizağa Nəcəfov qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə dahi şairin bir sıra əsərlərində dünya xalqlarının mədəniyyəti, folkloru və s. ilə bağlı məqamların yer almasına baxmayaraq, dünya haqqında düşüncələrində türk təfəkkürünün açıq-aydın göründüyünü məharətlə nəzərə çatdırıb. Nizaminin əsərlərində türklüyə rəğbət məsələsi də məhz onun tərəfindən elmi əsaslarla üzə çıxarılıb.

Azərbaycan radiosunun “Şəbəkə” verilişində təqdim olunan həmin müsahibə ilə buradan tanış ola bilərsiniz.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015