AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
NİZAMİ GƏNCƏVİNİN 880 İLLİYİNƏ HƏSR OLUNAN VİDEOKONFRANS KEÇİRİLİB
Yan 27, 2021 | 11:30 / Konfranslar, iclaslar
Oxunub 625 dəfə

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal Rayon Təşkilatının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan videokonfrans keçirilib.
Tədbiri giriş nitqi ilə təşkilatının sədri Tağı Əhmədov açaraq bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvi irsinə göstərdiyi böyük diqqət və qayğı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir. Dövlət başçısı tərəfindən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qeyd edib ki, Nizami yaradıcılığı xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Qüdrətli söz ustadının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri, o cümlədən “Xəmsə”si bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində əvəzsiz rol oynayır. Nizaminin orijinallığı onda idi ki, o, ilk dəfə insansevərliyi, humanizmi yüksək səviyyəyə qaldıraraq bir növ poetik sistemə saldı. Onun insana olan məhəbbəti hər hansı xalqa, millətə aid deyil, qlobal xarakter daşıyırdı.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Qocayeva çıxışında Nizami Gəncəvinin zəngin irsinin nəinki Azərbaycan xalqına, eyni zamanda, bütün bəşəriyyətə verdiyi misilsiz töhfələrdən, dahi şairin həm də mütəfəkkir, filosof kimi fəaliyyətindən danışıb.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov Nizami Gəncəvinin zəngin irsə malik olduğunu, dünyaca məşhur əsərlərinin humanizm, yüksək əxlaq, estetik zövq, insana məhəbbət kimi ali hissləri aşıladığını diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov dahi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin “Sənsiz” qəzəlinin sözlərinə bəstələnmiş romansı ifa edib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri Aysel Seyidova, Arif Vəliyev Nizami Gəncəvinin qəzəllərini səsləndiriblər.
Qeyd edək ki, videokonfransda 250-dən çox gənc iştirak edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015