AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik Teymur Kərimli “Dərs vaxtı” verilişində “Nizami və tarix” mövzusunda maraqlı məqamlara toxunub.
Yan 26, 2021 | 03:34 / Müsahibələr, çıxışlar
Oxunub 602 dəfə
 
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı, yaşadığı dövrün özəllikləri, onun əsərlərinə dünya səviyyəsində verilən yüksək qiymətdən söz açıb.
Alim “Nizami və tarix” mövzusuna həsr olunan dərsdə şairin şedevr əsərlər yaradaraq bütün dünyada tanınmasında kitabların, mütaliənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, dahi şəxsiyyətlərin yetişməsi məhz tarixin formalaşması, elmi termin kimi meydana çıxması ilə şərtlənir. Nizaminin yaşadığı dövrdə böyük şöhrət qazanmış ədiblərdən olduğunu vurğulayan akademik Teymur Kərimli qeyd edib ki, hələ o zamanlar müxtəlif xalqların şairləri, alimləri tərəfindən dahi şair haqqında məqalələr yazılıb, kitablar ərsəyə gəlib.
Alim bildirib ki, Vətən müharibəsində qazanılan böyük qələbə istər ədəbiyyat, istər mədəniyyət, istərsə də ictimai həyatımızda yeni eranın başlanğıcına zəmin yaratdı. Bu yeni baxış işığında dövlət başçımızın 2021-ci ili Nizami Gəncəvi ili elan etməsi əlamətdar hadisədir. Tariximizin qızıl hərflərlə yazılan dövrünə Nizami kimi dahinin simvolik şəkildə yansıması Azərbaycan ədəbiyyatının, mədəniyyətinin qədimiliyi ilə yanaşı, xalqımızın bəşər ədəbiyyatı tarixinə dahilər bəxş etməsinin təzahürüdür.
Alim vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin Nizami Gəncəvi irsinə verdiyi dəyər şairin dünyada tanıdılması istiqamətində yeni dövrün əsasını qoydu. Ulu öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdı: “1981-ci ildə Nizamişünaslığımızda yeni mərhələyə start verildi, elmi əsərlər yazıldı, dünya humanizmində fenomen kimi daha geniş şəkildə təbliğ olunmağa, əhəmiyyətli hadisə kimi öyrənilməyə başlanıldı. Nəticədə ədəbiyyatımıza, mədəniyyətimizə maraq artdı, onun dünya ədəbiyyatında rolu təbliğ olundu.”
Alim dahi şairin özəllikləri, orijinallığı ilə bağlı çox maraqlı məqamlara da toxunub. Həmin teledərsin tam versiyasını buradan  izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=C3nfyH8kvcM&t=17s
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015