AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Kamran Əliyev vəfat edib
Dek 25, 2020 | 01:22 / Konfranslar, iclaslar
Oxunub 34 dəfə

Tanınmış folklorşünas alim, Əməkdar elm xadimi, Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev ömrünün 67-ci ilində vəfat edib.

Kamran İmran oğlu Əliyev 1953-cü il mart ayının 5-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Diyadin kəndində anadan olub. 1969-cu ildə Şərur rayonunun Tumaslı kənd orta məktəbində təhsilini başa vuraraq, həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olub. 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirən K.Əliyev 1974-1976-cı illərdə Şərur rayonunun Xanlıqlar kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.

O, 1976-1979-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1979-1992-ci illərdə həmin institutda kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 1993-cü ildən Naxçıvan Universitetində müəllim, 1994-2001-ci illərdə həmin universitetdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, eləcə də tədris işləri üzrə prorektor işləyib. Alim 2002-ci ildən AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, 2012-ci ildən isə Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

K.Əliyev 1980-ci ildə filologiya elmləri üzrə fəlsəfə, 1990-cı ildə filologiya elmləri doktoru alimlik dərəcəsini, 2010-cu ildə isə professor elmi adını alıb. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Alim 22 kitabın, o cümlədən 10 monoqrafiya, 250-yə yaxın məqalənin müəllifi olub. Onun rəhbərliyi ilə 10 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib. K.Əliyev, həmçinin 16 doktorluq və 49 namizədlik dissertasiyasının rəsmi opponenti olub.

O, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Xeyirxah və alicənab insan, görkəmli alim Kamran Əliyevin parlaq xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin!

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015