AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Sadə sualın ağır yükü
Dek 02, 2020 | 10:44 / Müsahibələr, çıxışlar
Oxunub 596 dəfə

İllər ötəcək, Azərbaycan məktəblərinin tarix dərsliklərində böyük Vətən müharibəmiz haqqında fəsillər də yer alacaq, sabahkı vaxtın və əhvalın yönəltməsi və hökmüylə bu tale savaşımız haqqında ən xırda təfərrüatları açan cild-cild kitablar da yazılacaq.

İkinci Qarabağ müharibəsinin dalğasıyla sonra baş verənlər, vaxt adladıqca üzə çıxan bir çox örtülü həqiqətlər sayəsində olub-keçənlər barədə gələcəkdəkilərin məlumatı mümkündür bizim bildiklərimizdən çox ola. Amma heç vəchlə bugünkü ovqat, bugünkü duyğu-həyəcan, bugünkü qədər həssas yanaşmalar bir müddət sonra olmayacaq.

Hadisələrin axarındaykən bizim baş verənlərə isti-isti münasibətimiz, Prezident İlham Əliyevin bu günlərdəki dərin, təsirli, alovlu çıxışları, dostların və düşmənlərin cərəyan edənlərə verdiyi yaxşı-yaman qiymətlər, sosial şəbəkədə ən sadə vətəndaşların da müharibə və müharibəsonrası həftələr ərzində gecə-gündüz dayanmadan yazışmaları, qızğınlıqla fikir bölüşmələri, nə oldu və nə olacaq barədə mülahizələri indiki hərarəti, indiki biçimi, indiki səmimiyyəti ilə elə bu günlərdə qalacaq.

Bu gün yaşananlar, bu gün düşünülənlər, bu gün yazılanlar cəbhə gündəliyi kimidir.

Bu günlərin indi yazılan salnaməsi həm də sabahdan bu günləri daha aydın və doğru görməyə bir körpüyə çevriləcək.

Unudulmaz alimimiz və müəllimim, professor Abbas Zamanov İkinci Dünya müharibəsini, 1942-ci ili, Kerçdə şiddətli döyüşlərin getdiyi çağları xatırlayaraq söyləyirdi ki, bir gün Novorossiyskdən gəmi ilə Kerç yarımadasına doğru üzürdük. Qəfildən səmada alman təyyarələri göründü. Ölüm artıq gözlə qaş arasında idi. Rəsul Rza məndən xahiş etdi ki, gör boş butulka tapa bilirsənmi.

Rəsul Rza iki məktub yazaraq bir zərfə qoyur, zərfi salır butulkanın içinə və atır Azov dənizinə. Bəxt yar olur, həmin gün messerşmitlərin atəşlərindən salamat qurtarırlar. Və bir müddət sonra Rəsul Rza Abbas müəllimə gündəliyindəki o dəhşətli günlə bağlı qeydlərini, həmin iki məktubda nə yazdığını göstərir. Birincisini - vida məktubunu ailəsinə ünvanlayıbmış, ikincisini isə naməlum insana: "İnsan oğlu! Əgər möcüzə baş versə, bu butulka sənin əlinə keçsə, insanlıq naminə, xahiş edirəm, bu zərfi göndərin sahibinə".

İndi torpağımızda və taleyimizdə baş verənlərin sahibi Azərbaycan insanıdır. Elə edək, bugündən sabaha, bizdən ona - gələcəkdəki soydaşımıza Vaxt Dənizinə atdığımız doğruçu məktublar çatsın. Yoxsa ki, artıq elə indinin indisində bu boyda zəfərimizə, xariqüladə nailiyyətimizə də içəridə və ölkənin xaricində olan özümüzünkülərdən qulp qoyanlar, ağı qara yozanlar pırtlayıb baş qaldırır. Kimsəyə eşidilmədən sakit axan yeraltı çaylardan, dövlət başçımızın apardığı və hələ ki çox ayrıntılarını hamıya aça bilmədiyi incə siyasətdən bixəbərlər darqursaqlıq və dargözlük göstərərək şəstlə ağıl verməyə, nəyi necə və nə vaxt etməyi hamıdan gözəl və dürüst bilənə nəyi nə təhər etməyi öyrətməyə çalışırlar.

Erməniliyin və ona havadarlıq edən qüvvələrin "təhlükəsizlik kəməri" adı ilə "Dağlıq Qarabağ" dedikləri yerdən qıraqdakı ərazilərimizi işğala uğratmalarının bir mühüm səbəbi də bu idi ki, onlar yaxşı anlayırlar, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə azərbaycanlılar yaşadıqca onlara nə Xankəndidə, nə də digər yerlərdə gələcək var. Həm də ona görə yox ki, biz onlara nəsə edəcəyik. Yox, ilk növbədə ona görə ki, xain xoflu olar və necə xəyanətlərə bais olduqlarından, bizimlə düşmənçiliyi nə qədər dərinlərə yeritdiklərindən onlar özləri yaxşı agahdır.

Bu gün hansı "məram"lı olmasının fərqinə varmadan istənilən vasitəçiylə oralara zorlamı-xoşlamı qaytarılanlar sabah işğaldan qurtulmuş torpaqlarımıza bizlər axışdıqca, o yurdlarımızda həyat qaynadıqca gəldikləri kimi də sovrulub gedəcəklər.

Bu da bir sözdür, yazaq qalsın, vaxt özü tərəzisində çəkər. Son 30 ilimizin qələbəli yekunu olan 44 gün və ondan sonrakı təhvil-təslim həftələri, əslində, Qarabağ və erməniliklə bağlı iki əsrlik siyasətin, qəmli tarixlərdən - Kürəkçaydan (14 may, 1805), Gülüstandan (24 oktyabr, 1813), Türkmənçaydan (10 fevral, 1828) başlanan irticanın bünövrəsinin laxlamasının, ayrı bir səhərin açılmasının soraqçısıdır!

Tarix və Tale bizə indiki Qarabağ xoşbəxtliyini yaşatdığı sayaq, o şanlı günləri görüb-sevinməyi də nəsib etsə, hesab edin ki, heç bir mübaliğəsiz və qeyd-şərtsiz hər birimiz və bütün millətimiz Yer Üzünün ən bəxtiyarıdır!

2020-ci ilin ürəyimizin fərəhdən daşdığı günləridir və Prezident İlham Əliyev növbəti dəfə millətini ilhamlandırır, yaşadıqlarımızın necə müstəsna səadət olduğunu bir daha yaddaşlara, könüllərə hopdurur: "Bu, həqiqətən də, tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib".

Kim düşünürsə Prezident İlham Əliyevin erməniliyə, Ermənistanın ölkəmizə qarşı təcavüz siyasəti əleyhinə apardığı fəal mübarizəsi elə Azərbaycana rəhbərlik etdiyi bu 17 il boyunca olub, - yanılır. Bilavasitə şahidiyəm ki, 2001-ci ildən bu çarpışmaların ön cərgəsindədir və sonra qazanacağımız bir çox uğurların özülünü hələ 20 il əvvəl qoyub. 

Avropa Şurası Parlament Assambleyasına yanvardan bərabərhüquqlu üzv kimi qəbul edilsək də, artıq çıxış etmək, sənədlər hazırlamaq haqqı qazandığımız ilk yaz sessiyasından, 2001-ci ilin aprelindən böyük vətənpərvər İlham Əliyev erməniliyə qarşı ən barışmaz mövqedə olub. Altında imzası olan ilk sənəd "Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımının tanınması haqqında" yazılı bəyannamə, Parlament Assambleyası kürsüsündən ilk nitqinin mövzusu Ermənistanın Azərbaycanı işğalının ifşası idi.

Elə həmin 2001-ci ilin 27 sentyabrında İlham Əliyevin hazırladığı "Azərbaycan-Ermənistan münaqişəsi" adlı 21 ölkədən 50 deputatın imzaladığı qətnamə üçün təklif bu mövzu ilə bağlı ayrıca məruzə hazırlanmasına qərar verilməsi ilə nəticələndi və ermənilik bu işin baş tutmasına nə qədər pəl vurmağa cəhd etsə də (məhz ermənilik. Çünki bu, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin və onların bu təşkilatdakı daimi nümayəndəliyinin girəcəyi kol deyildi), istəkləri ürəklərinə gömüldü, Böyük Britaniyadan olan deputat, görkəmli siyasətçi və mərd insan Terri Devisin hazırlayıb başa çatdırdığı və o, artıq Avropa Şurasının Baş katibi seçildikdən sonra digər ingiltərəli Devid Ətkinsonun təqdim etdiyi məruzə, qəbul olunan qətnamə ciddi tarixi hadisəyə çevrildi.

Bu qətnamənin mühüm siyasi və tarixi dəyəri onda idi ki, bütün dünya təşkilatları arasında ilk dəfə məhz bu sənəddə Azərbaycan ərazilərini Ermənistanın zəbt etdiyi, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə apardığı, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğu əvvəlinci 3 bənddəcə ayrıca təsbit edilirdi.

Təsəvvür edin ki, o zaman da, indi də tez-tez istinad və iqtibas etdiyimiz Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hər birində işğalı edənin "erməni silahlı birləşmələri" olduğu göstərilib.

Əlbəttə, biz istəmiş, çalışmışdıq ki, elə o 4 qətnamədə də təcavüzkar birbaşa öz adı ilə əksini tapsın. Qətnamələrə o sürüşkən ifadə ABŞ-ın təklifi və təkidi ilə düşmüşdü.

Ortada artıq BMT qətnamələrindəki həmin rəsmiləşmiş, qəlibləşmiş ifadə varkən AŞPA qətnaməsində də eyni hal təkrarlana bilərdi və bununçün erməni tərəfi bütün dəstəkçiləri ilə bahəm var qüvvətləri ilə çarpışdılar da.

Məhz İlham Əliyevin qətiyyəti, iradəsi, dönməzliyi və Terri Devisin sözübütövlüyü, əqidəliliyi, ən sərt həmlələrə mərdanəliklə sinə gərməsi nəticəsində qələbə qazanıldı.

2005-ci ilin 25 yanvarında 1416 saylı bu qətnamə qəbul edilməzdən çox əvvəl, məruzənin hazırlanmasına yol açmalı ilk sənədi keçirdiyimiz vaxt unudulmaz Heydər Əliyev çox razı qalmış, 2002-ci ildə nümayəndə heyətimizi qəbul edərkən söyləmişdi ki, inanıram, bundan sonra da orada çox iş görəcəksiniz. Lakin hətta bundan sonra heç nə etməsəniz belə, bu sənədin qəbulu çox böyük nailiyyətinizdir. Çünki Ermənistan iddia edir ki, Dağlıq Qarabağ tərəfdir və bu, Azərbaycanla Dağlıq Qarabağın münaqişəsidir. Avropa Şurasında bu qədər imza ilə qəbul etdirdiyiniz sənədsə bir daha rəsmən göstərir ki, təcavüzkar məhz Ermənistandır, münaqişə də Avropa Şurasının üzvü olan bu iki ölkə arasındadır.

Lakin sonrakı dövrlərdə asta-asta ermənilik Avropa Şurasına daha çox sirayət etməyə başladı. Ermənilik bu qurumda təsir imkanlarını artırdıqca Avropa Şurası da ildən-ilə heysizləşməyə, simasızlaşmağa, nüfuzunu itirməyə, çökməyə başladı və gəlib nəhayətdə yetişdi hazırkı çıxılmaz böhran, iflas həddinə.

Onları münsif olmaq, dünyanın ləngərini qorumaq, nizamının pozulmasının qarşısını almaq üçün yaratmışdılar. Təəssüf ki, bu şərəfli missiyanı başacan davam etdirməyə nəfəsləri çatmadı.

Biz heç vaxt kimsənin ardınca danışmamışıq. Bu fikirlər ki bölüşürəm, qat-qat kəskinini dəfələrlə öz kürsülərindən Avropa Şurasının üzünə demişik. Hamısı qalır.

Ermənistanın nazı ilə çox oynamağın, Ermənistanın ərköyünlüklərinə səbir göstərməyin, onlara bir cür, digər ölkələrə başqa təhər münasibət bəsləməyin əfvi mümkünsüz qəbahət olduğunu orada deputat olduğu çağlarda da, Azərbaycan Prezidenti kimi AŞPA kürsüsündən etdiyi çıxışlarda da İlham Əliyev dəfələrlə bəyan etmişdi.

İndi yenə deyir, daha kəskin deyir və bu qurumun Ermənistanda bir belə haqsızlıqlar baş verərkən lal-dinməzliyinə, hərəkətsizliyinə hiddətlənərək "Hardasınız?" soruşur.

Yaxşı, biz heç, bunu bildik, həmişə bizim düzümüzü buraxıb erməninin əyrisini müdafiə etdiniz. Amma indi bir daha bu da aşkarlanır ki, heç vaxt sizin niyyətiniz erməni xalqını müdafiə etmək olmayıb, qəsdiniz nə dərəcədə cinayətkar olmasını bir kənara qoyaraq, daim rejimin tərəfini saxlamaqmış.

Bu, Prezident İlham Əliyevdir, noyabrın 20-də Ağdamın azadlığa çıxması günündə qulaqları çoxdan haqq səsi eşitməyən, gözləri çoxdan haqqı, ədaləti görməyən Avropa Şurasını, onun eyni xəstəliyə daha şiddətlə mübtəla olmuş əkiz qardaşı Avropa Parlamentini haraylayır: "Bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaratdı. Amma baxın, beynəlxalq təşkilatların buna reaksiyası nədir? Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası, hardasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, hardasan, Avropa Şurası, niyə susursan? Yaxud da ki, Monitorinq komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər. Ermənistan monitorinq altında olmalıdır! Niyə susursan, Avropa Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin Monitorinq komitən, Siyasi komitən? Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan diktator. Bəs niyə səsinizi çıxarmırsınız? Bəs hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra, bax, görərsiniz, olmayacaq. Ört-basdır edəcək, ört-basdır".

O boyda SSRİ-nin külli-küf olması Dağlıq Qarabağ münaqişəsindən, Ermənistanın Azərbaycana qarşı qəsbkarlığına rəvac verməkdən başladı.

Ermənilik bir mərəzdir ki, Avropa Şurasına daraşıb onun da içində metastaz verdi, nə qədər dümsüklədik, "Ayılın!" dedik, oyanmadınız, indi zəhərli bəhrəsini duyun.

Siz də belə, Avropa Parlamenti də həmin təhər, digər sizəbənzərlər də həmin cür.

"Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan, Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu, susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu, susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa yerindən duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir. Hamısının cavabını verirəm, hamısının! Artıqlaması ilə".

Bunlar sadəcə çağırışlar deyil, amansız ifşalardır.

Avropa Şurası (və bu pərdənin arxasında durub zahirən görünmədən, amma kimlikləri məntiqlə müəyyənləşə bilən qüvvələr) son illərdə Azərbaycana, Prezident İlham Əliyevə qarşı hansı təzyiqlər qalmadı göstərməsin?!

Lakin bata bilmədilər! Nə qədər hay-qışqırıq saldılar, nə qədər hədə-qorxu gəldilər, nə qədər asıb-kəsdilər, İlham Əliyev sabit mövqeyindən zərrəcə aralanmadı, heç bir güzəştə getmədi, amiranə tonlu iddiaları saya salmadı. Ha təkid elədilər, içərisi irəlicədən Azərbaycanazidd irinlə dolu məruzəçini də ölkəyə buraxmadı, onun Azərbaycana böhtan məruzəsini də rədd etdi. Barmaq uzadıb "aç burax" dedikləri öz adamları üçün nə qədər dəridən-qabıqdan çıxdılarsa da, nə qədər hikkəli tələblər yürütdülərsə də, onlar istəyən yox, Prezident deyən oldu.

Çünki indi "Hardasınız?" soruşan Prezident İlham Əliyev o vaxt da bilirdi, indi daha da gözəl bilir ki, kimsiniz, kiminləsiniz, hardasınız.

Və indi bütün dünyanın qarşısında soruşursa ki, "hardasınız?", elə bu o deməkdir ki, bilirəm kimsiniz, kiminləsiniz, hardasınız!

İllərdir ki, biz Avropa Şurasının diri-diri, gözümüz qabağında necə çürüməsinin, dişlərinin necə mırıqlaşmasının, necə ayaq üstdə ölməsinin şahidiyik.

Axırı o kökə düşdü ki, heç adi sənədləri çap eləməyə taqəti olmadı.

Hər dəfə bizə xəbər göndərdilər ki, iclasa gələndə sizə elektron variantını göndərdiyimiz yazıları özünüz çap edib gətirin.

Nüfuz itdi, sözükeçərlik qaldı keçmişdə, vaxtilə Avropada ən hörmətəlayiq bir qurum olmuş təşkilat cılızlaşdı, simasızlaşdı, siyasət kuklaoynadanlarının əyləncə alətinə çevrildi.

Sözü ilə əməli tərs gələn, özünə ailə adı qoyub, öhdəsinə ağsaqqallığı götürüb həmişə tərəf tutmağın, qərəz saxlamağın, hikkəli davranışların, alış-verişi gündəlik iş təcrübəsinə çevirməyin aqibəti elə belə olur.

Ermənistan hara daha çox soxulmağa, haranı, nəyi özünə daha çox bulaşdırmağa cəhd edibsə, sonucda ora xaraba qalıb. Necə ki Avropa Şurası belə miskin hala düşdü.

Fransanınsa görəcəkli günləri hələ qarşıdadır.

Senatın erməniliyə fransız məhəbbətinin nəticəsi öz başlarında çatlayacaq.

Artıq Paris od tutub yanır. Sarıgödəkçəlilərin törətdikləri bu son noyabr günlərində baş verənlərin yanında toya getməlidir. Paytaxt və ölkə artıq hər yeni başlanan günlə hər saniyə bütün dəhşəti ilə partlamağa hazır olan barıt çəlləyinə çevrilməkdədir.

Parlamentin əliylə fitnələr törədib, hökumətin adı ilə ona etiraz etmək, bununla da bir riyakarlıq tamaşası qurmaq, Dağlıq Qarabağ adlı olmayan, saxta bir avantüranı dövlət deyib tanımaq hərki-hərkiliyi sizi dünyanın dörd bucağında söyüş hədəfinə döndərən çox fəsadlara gətirib çıxaracaq.

Böyük dövlət adına həqarət olan, dünyanın müvazinətini məhvərindən çıxara biləcək təhlükəli örnəyə təkan vermək ən əvvəl elə öz dövlətinə qəsd etməkdir.

Nə durmusunuz, edin, Senatın qərarını yarı yolda saxlamayın, dərhal əks-sədasını duyacaqsınız. Basklar ölkəsi, ardınca Bretan, Korsika, Nitsa, Savoyya başını qaldırıb Yelisey Sarayından çoxdan davasını döydüyü müstəqilliyini tələb edəcək, dünənəcən yalnız muxtariyyət uman Normandiyanın, Oksitaniyanın da iştahası açılacaq, dirənəcək ki, ondan mənə də ver! Bəs Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Rusiya və daha neçə ölkədə ki alışmağa hazır oxşar ocaqlar var, orada nə qasırğalar qopacaq?

Makronun mikronca uzaqgörənliyi, tədbirliliyi olsaydı, erməniliyin feilinə uyub özünü də, ölkəsini də belə xar edərdimi?

Həmsədr ola-ola son gedişatdan qıraqda saxlanan təkəbbürlü Fransanın bitərəfliyini qorumalıykən  Ermənistan üzərindəki qələbəmizdən sonra erməniliyin təhriki ilə dövriyyəyə buraxdığı ilk quş bu oldu ki, bəs amandır, Azərbaycandakı xristian abidələrini təhlükə gözləyir.

Prezident İlham Əliyev bu iftiranın quyruğundan yapışanların hamısının layiqli cavabını verdi, amma bu yerdə elə həmin Avropa Şurasında illər öncə hazırladığım bir sənəd yadıma düşür. Ehtimal edirəm ki, ermənilər xristian abidələrimizlə bağlı məsələni Avropa Şurasında da gündəmə gətirməyə çalışacaqlar. Onda biz də gərək 14 il əvvəl təqdim etdiyimiz və Avropa Şurasının irəliləyişinə əngəl törətdiyi sənədə təzədən hərəkət verək.

"Ermənistan ərazisindəki tarixi əhəmiyyətli Azərbaycan mədəniyyət abidələrinin vəziyyəti" sərlövhəli, 2006-cı il aprelin 12-də hazırladığım (10896), o zaman ingilis və fransız dillərində kütləvi tirajla nəşr edilərək yayılmış tövsiyə üçün təklifdə əks olunan məqamları, bu gün də əhəmiyyətini saxlaması səbəbiylə, uzunçuluq da olsa, bir daha diqqətə çatdırıram: "Bütün XX əsr boyunca gerçəkləşdirilən deportasiyalara qədər yüz minlərlə azərbaycanlı indiki Ermənistan ərazisində yaşamış və zəngin mədəni irs doğurmuşlar. N.Şavrov 1911-ci ildə nəşr etdirdiyi "Qafqazda rus işinə yeni təhlükə" adlı kitabında göstərirdi ki, XX yüzilin əvvəllərində Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonu buranın yerli əhalisi deyil, Qafqaza ruslar tərəfindən köçürülmüşdür. 1829-1832-ci illərdə indiki Ermənistan ərazisində ilk siyahıyaalmanı aparmış rus məmuru İ.Şopen İrəvan əyalətində 3498 ailədə 20073 nəfər erməninin yaşadığını, azərbaycanlıların onlardan sayca 8 dəfə çox olduğunu göstərirdi. 1931-ci ildə Moskvada nəşr edilmiş Zaqafqaziya xəritəsində Ermənistan ərazisindəki coğrafi adların 78,1 faizi Azərbaycan, yalnız 3,45 faizi erməni mənşəlidir. Deməli, əksəriyyəti azərbaycanlıların təşkil etdiyi bu ərazilərdə onların mədəni irsi də daha zəngin olmuşdur və bu həqiqət tarixi mənbələrdə və sənədlərdə əksini tapmışdır. Yerevan ərazisində Şərq memarlığının incilərindən sayılan və XIX əsr, XX əsrin əvvəllərində səyyahlar, tədqiqatçılar tərəfindən müfəssəl təsvir edilmiş 12 məscid, 30-dan çox ziyarətgah, yüzlərlə tarixi əhəmiyyətli qəbiristanlıq yerli-dibli məhv edilmişdir. Ermənistanın Yeğeknadzor rayonundakı XII əsrə aid Əxi Təvəkkül zaviyəsi, Artik rayonunda XIII əsrin əvvəllərinə aid Qıpçaq məbədi, bütün Ermənistan ərazisinə səpələnmiş qalalar, körpülər, pirlər, karvansaralar, saraylar və digər yüzlərlə Azərbaycan mənşəli abidə ya tamam darmadağın edilmiş, ya da erməniləşdirilmişdir. Mənşəcə Azərbaycana aid olan abidələrin üzərindəki qədim türk və ərəb əlifbası ilə olan yazıların, müsəlman naxış və bəzəklərinin ləğv edilərək, onların yerində guya bu abidələrin ermənilərə məxsus olmasına dair saxta əlavələrin edilməsi bəlkə də məsələnin ən qorxulu tərəfi deyil. Ən pis olan dünyada məşhur olan, kataloqlarda və elmi əsərlərdə məhz Azərbaycan abidələri kimi əksini tapmış nadir sənət nümunələrinin biryolluq məhv edilməsidir. İndiki Ermənistan ərazisində Mığrı rayonunun Nüvədi kəndindəki eramızdan əvvəl birinci minilliyə aid Azərbaycan dilindəki daş kitabələr, Ermənistanın Sisyan rayonunda qədimlərdən ta 1988-ci ilə qədər yalnız azərbaycanlıların yaşadığı Urud kəndindəki erkən orta əsrlərə aid daş heykəllər və fiqurlar, həmçinin onlarla belə qiymətli abidələr yaşına, əhəmiyyətinə görə çoxdan bir xalqa mənsub olmaq çərçivəsindən çıxmışlar. Bunlar bəşər sivilizasiyasının inciləri sırasındadır və təəssüflər ki, ermənilər bu əvəzsiz sənət nümunələrinə təcavüz etməkdən də çəkinməmişlər. Sadalanan tarix və mədəniyyət abidələrinin böyük əksəriyyəti məhv edilmişsə də, onların hələ qalması ehtimal olunanları da var. Qalanları xilas etmək, qəza vəziyyətinə salınmışları bərpa etmək indiki anda son dərəcə vacibdir. Çünki bu abidələrə artıq məhdud milli çərçivədən deyil, Avropa və dünya miqyaslarından yanaşmaq lazımdır. Bununçün isə mütləq bütün Ermənistan ərazisində həmin abidələrin, ziyarətgahların, sənət nümunələrinin hazırkı vəziyyətini diqqətlə araşdırmaqdan ötrü mötəbər bir monitorinqin keçirilməsi zəruridir".

Sadalananları nəzərə alaraq Assambleya qarşısında məsələ qaldırılırdı ki, problem müvafiq komitələrdə müzakirə olunsun, Ermənistan ərazisindəki tarix və mədəniyyət abidələrinin vəziyyətinin araşdırılması üçün ayrıca məruzəçi təyin edilsin, həmin tarix və mədəniyyət abidələrinin beynəlxalq konvensiyalar çərçivəsində qorunmasını təmin etmək üçün zəruri tədbirlərin görülməsi səmtində addımlar atılsın.

Minnətdarlıqa yada salıram bu sənədi ilk imzalayan, o vaxt Mədəniyyət, elm və təhsil komitəsinin sədri, sonralar Avropa Şurası Parlament Assambleyasının prezidenti olmuş Luis Maria de Puigi, mənimlə ALDE (Avropa naminə Liberal Demokratların Alyansı) siyasi qrupunda həmkar olan danimarkalı Morten Osterqaardı, isveçrəli Yohannes Randeggeri, finlandiyalı Sinikka Hursaineni, rumıniyalı İlie İleskunu, albaniyalı Kastriot İslamini, ukraynalı Orest Klimpaşı, Bolqarıstan türkü Yunal Lütfini və Türkiyə nümayəndə heyətindən başda Mehmət Təkəlioğlu, Ruhi Açıkgöz, İbrahim Özal olmaqla bizə dəstək olan bütün qardaşlarımızı.

Sənədə birinci qol çəkənin komitə sədrinin, nüfuzlu deputatın olması digər imzaları toplamaqda işimi nisbətən asanlaşdırırdı. Sənədin çap olunmasından ötrü tələb olunan miqdarda imzaları yığmaqçün işimi davam etdirdiyim, bir-bir başqa deputatlarla görüşüb söhbət etdiyim əsnada çox nəzakətli, kübar insan olan Luis Maria de Puig məni ispan nümayəndə heyətinin otağına dəvət etdi. Hiss etdim ki, kənar gözlərin bizi birlikdə görməsini istəmir. Əvvəl məndən xəbər aldı ki, sizdə ermənilər əsas hansı şəhərlərdə yaşayırdılar, nə qədər idilər, dolanışıqları yaxşıydımı? Sonra da qayıtdı ki, məni qınamayın, nə qədər faciələr baş veribsə də, şükür etməlisiniz ki, ermənilər özləri bütün bu hadisələri başlayıblar. Geci-tezi var, işğal olunmuş torpaqlarınız hökmən qayıdacaq, əsas qazancınızsa artıq budur ki, böyük şəhərləriniz, ölkənin içi onlardan təmizlənib. Sonra da əlavə etdi ki, mən onları bu bir-iki gündə əməllicə tanıdım. Assambleyada elə gün olmur ki, sizin hazırladığınız tipli müxtəlif tövsiyə üçün təklifləri imzalamayım. Ancaq sənədinizə imza atandan sonra rastlaşdığım halla birinci dəfədir ki, qarşılaşıram. Nə qədər təzyiq olar! Görünür, hansısa deputata oxuyub tanış olmağa verdiyiniz mətndən xəbər tutmuş ermənilər mənə iki gündür rahatlıq vermirlər. Hətta İspaniyadan da bir neçə dostum erməni tanışlarının xahişi ilə zəng vurub ki, imkan varsa, o sənəddən imzanı geri çək. Çünki bizim erməni dostlarımız söyləyir ki, sənin imzanı görüb başqaları da o sənədə qol çəkir.

Və nurlu insan Luis Maria de Puig gülümsəyərək əlini qoydu çiynimə: "Bənd olma! Hamısının cavabını verib yola salmışam, o sənədə birinci qol çəkməyimə də əsla peşman deyiləm, əksinə, məmnunam!".

... Mahir atıcı əlində sözdən universal, sözdən sərrast, sözdən dağıdıcı silah olmaz.

Bu şanlı günlərimizdən gələcəyə gedəcək çox yadigarlar arasında 2 sual da var. Hamımızın bildiyimiz, eşitdiyimiz, işlətdiyimiz, amma Azərbaycanın qələbəli günlərində Prezident İlham Əliyevin dilində düşmənlərimizin, bədxahlarımızın, çoxüzlülərin başını yaran toppuza, ən öldürücü qaxınca, ən istehzalı qapaza çevrilən 2 sadə sual: "Nə oldu?" və "Hardasan?"

Bunlar bir Qalibin Məğlublara rişxəndi suallarıdır.

Fransızların məşhur filosofu Volter deyirdi ki, insana onun cavablarından çox suallarına görə qiymət verin.

Küncə dirəyən, yükü ağır və əslində heç cavabına lüzum da olmayan bu sualları belə ötkəmliklə verə bilmək mərtəbəsinə çatmaqçün nə qədər çətin yollardan keçməliyikmiş!

Bu gün və sabah burnu ovulmuş nə qədər istəməyənimiz var, bu sualları onların hər birinə yönəldin.

Hamısına yapışacaq!

Rafael Hüseynov, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik

"525-ci qəzet"

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015