AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Məkr maskaları ilə təkbətək döyüşlər
Noy 17, 2020 | 12:16 / Müsahibələr, çıxışlar
Oxunub 577 dəfə

Sürətlə bitəcəyinə yaxınlaşan, lap az sonra keçmişə çevriləcək 2020-ni bəşərin ən qocaman çağlardan bəri yaşadığı bütün illərdən seçdirən bir cəhəti oldu. Dünya əvvəldən-axıra bu ili maskalı yola verdi, maskalı başa vurur.

Gün boyu taxılan maska - üzlük, bir növ, bu ilin rəmzinə çevrildi.

İnsanı nə qədər darıxdırsa da, hər halda səni azar-bezardan qoruyan maska faydasız deyil, həm də geci-tezi var, müddəti yetincə ondan qurtulursan.

Daha təhlükəli olansa riyakarlıq maskalarıdır. Onlardan necə xilas olmalı, insanı, dünyanı çox fəsadlara ürcah edən maskalanmışların axırına necə çıxmalı?

XIX yüzilin böyük alman filosofu və şairi Fridrix Nitsşe yazırdı ki, bizim geyə biləcəyimiz ən yaxşı maska öz üzümüzdür.

Amma neyləyəsən ki, insanların öz, əsl üzlərinin üstünə müdam rəng-rəng maskalar taxmaq şakəri də var.

XX əsr Azərbaycan insanının hafi

zəsində əbədilik olaraq Zəfər ili, Qarabağın əsir torpaqlarının azadlığa qovuşması fəsli kimi, həm də bu gedişatda çox maskaların cırılması ili kimi qalacaq.

Prezident İlham Əliyev yalnız Qalib Ordunun Fateh Ali Baş Komandanı deyil, həm də bu çalxantılı ilin son aylarında bir sıra nüfuzlu beynəlxalq təşkilatların, dövlətlərin, liderlərin, ayrı-ayrı tanınmış şəxslərin də sifətindəki riya və məkr maskalarını dünyanın gözü qarşısında qətiyyətlə yırtaraq ağı ağ, qaranı qara, bozu da boz kimi göstərməyi bacaran bir öndər kimi tarix yazdı.

Səhnə arxasında cərəyan edənlərin çoxundan biz xəbərsizik.

Kim bilir, bəlkə haçansa vaxtı yetişəcək, artıq bu həyəcanlı günlərin üstündən çox illər ötərkən Qarabağ düyününün açılması gedişatının baş qəhrəmanı Prezident İlham Əliyev keçmiş illərlə bağlı hansısa müsahibəsindəmi, nəhayət, yazmağa qərar verdiyi memuarlarındamı elə qaranlıq mətləblərin üstündən pərdəni götürəcək ki, qazandıqlarımızın dəyəri gözümüzdə qat-qat artacaq, bütün irəliləyişlərimizin necə çətin, həndir-hamar yollardan adlamış olduğu hər birimizə aydın olacaq.

Axı biz bilmirik rəsmi informasiya agentliyimiz AZƏRTAC-ın dövlət başçımızın İkinci Qarabağ müharibəsinin şıdırğı cərəyan etdiyi günlərdə Amerika Birləşmiş Ştatlarınınmı, Fransanınmı, Rusiyanınmı ali rəhbərliyi ilə telefonla danışması haqqında 2-3 cümləylə çatdırdığı xəbərin arxasında hansı gərgin dəqiqələr dayanır. Axı xəbərsizik onlar nə dedi, nə tələb etdi, Prezidentimiz həmin tələblərin qarşılığında hansı məsələləri qaldırdı, onlar nədə təkid etdilər, bizim müqavimətimiz nədən ibarət oldu?

Prezident İlham Əliyevin 2020-nin oktyabr və noyabr günlərində Azərbaycan televiziyasında millətinə və dünyaya müraciətlə etdiyi bir-birindən dəyərli, insanlara ümid, güc, inam bağışlayan çıxışlarından keçən, hər dəfə səslənəndə insanda sonsuz qürur və liderimizə ən dərin minnətdarlıq hissləri oyadan qətiyyətli mövqe vardı: "Dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz".

Bunlar qətiyyən sadə sözlər deyil və bu kəlmələri açıq şəkildə bəyan etməkçün yenilməz iradə, cəsarət və həmin sözlərin arxasında dura bilmək əminliyi olmalıdır.

Əlbəttə, biz yaşadığımız illərin axarında söylədiyi sözün və tutduğu yüksək kürsünün məsuliyyətini eyninə almadan iddialı bəyanatlar verən, üstündən az keçməmiş ya geriləyib sözünü yumşaldan, ya da dünən dediyini bu gün tam inkar edərək başqa hava çalanlara da az şahid olmadıq. Həm də belə hərəkətləri yalnız Ermənistan kimi xırda, cılız dövlətlərin başçılarında yox, dünyada aparıcı mövqedə duran iri dövlətlərin rəhbərlərində də müşahidə etdik.

Fransa Prezidenti Emmanuel Makronun saxta ifadə azadlığı örtüyü altında ölkəsində müsəlman mənəviyyatına qarşı törədilmiş həqarətə, Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsinə haqq qazandırırmış kimi sürüşkən söyləyişlərindən sonra ən əvvəl ölkəsinin içərisindən qalxan etirazlardan çəkinərək qələt etdiyini anlaması, özünü yığışdıraraq dünənki yekəxana davranışından fərqli şəkildə danışmağa başlaması bir göstəricidir.

Hər insan sözünün ağası olmalıdır. Dövlətin başçısı isə xüsusən! Çünki sən tək özün deyilsən, sənin dilinlə Dövlət danışır, sənin sözün həm dövlətin, həm xalqın nüfuzudur. Söz bir quş kimidir, uçdusa, artıq ixtiyarı sənin əlində deyil. Ona görə də dövlət başçısının hər kəlməsinin, illah da müharibə dönəmində bütün dünyaya eşidilən hər ifadəsinin çəkisi çox ağırdır.

Zəhmli Teymurləng təsadüfən söyləməmişdi ki: "Hökmdarın sözü qılıncından iti olmalıdır!"

Prezident İlham Əliyev danışırdı və "Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz" deyirdi.

Bunu tək bizə demirdi ki!

Bunu həm də o xarici güclərə çatdırırdı ki, onlar ayrı-ayrı dövlətlərə, həmin ölkələrin başçılarına təzyiq göstərməyə, necə oturub-necə durmağı öyrətməyə adətkərdədirlər.

"Bizi heç bir xarici qüvvə fikrimizdən döndərə bilməz" bəyanatını həm də bildiyimiz və bilmədiyimiz o ali telefon danışıqlarının davamı kimi, məzmunundan xəbərsiz qaldığımız həmin mühüm söhbətlərin hamımıza çatan xülasəsi olaraq qəbul edin!

Azərbaycanın boyuna-buxununa baxın, o nəhəng dövlətləri və gücləri göz önünə gətirin.

Belə deməyə özündə güc tapmaq və dediyinin də üstündə dayanmağı bacarmaq, dünya siyasətinin nəhəng şahmat taxtası arxasında sözünün ağası ola bilmək müstəsna şəxsiyyətlərə, intəhasız mənəvi təpər sahiblərinə xas olan nadir keyfiyyətdir.

İftixar edin, sizin Prezidentiniz belə qüdrətlidir!

Televizorun qarşısında oturaraq çox həlledici bir futbol oyununu izləmək, tez-tez vəcdə gələrək guya sənin səsini eşidirlərmiş kimi məşhur ulduzlara "sağa vur", "soldan keç", "ləngimə, topu qabağa ötür" məsləhətini vermək nə asan!

Fırtınalı dənizdə, hər dəqiqə nədir, hər saniyənin müqəddəratla bağlı olduğu anlarda təşvişə düşməmək, sükanı əldə möhkəm saxlamaq, gəmini və taleyi o anlarda səndən asılı bütün gəmidəkiləri bu təlatümdən salamat qurtararaq səriştə ilə rahat sahilə çatdıra bilmək zahirən misli olmuş kimi görünsə də, əslində, hər dəfə təkrarsız bir hünərdir.

Hər məqamı gələcək nəsillərə öyüd və örnək kimi ötürüləsi bir şücaət hekayəti olan Şuşanın azad edilməsi uğrunda dağlarda qələbəyə doğru az qala hər addımı əlbəyaxa döyüşlərdə irəliləmiş Azərbaycanın xüsusi təyinatlı mərd döyüşçülərini müşahidə etmiş xarici jurnalistlər macəra filmlərində seyr etdiklərini gerçək həyatda görərək heyrətə düşmüşdülər.

Daha artıq heyrət və heyranlıq doğuran digər TƏKBƏTƏK döyüşləri isə Prezident İlham Əliyev dava başlanan ilk gündən aparır və düşmən təslim olsa da, hələ həmin mübarizə bizlərə görünmədən yenə əvvəlki gərginliyi ilə davam etməkdədir.

İkinci Qarabağ müharibəsinin başlanğıcından bugünədək sürən həmin təkbətək döyüşlərin bağlı qapılar dalında, bizə eşidilməz qalan telefon danışıqlarında baş verənlərindən fərqli olaraq, elələri də var ki, hamımız görmüşük. Və həmin gördüyümüz təkbətək qarşıdurmalar elə görmədiklərimiz haqqında da nəticələr çıxarmağa, qənaətlərə gəlməyə yardımçı ola bilər.

Prezident İlham Əliyevin sentyabrın 27-dən başlayaraq dünyanın bir sıra aparıcı telekanalları və informasiya agentliklərinə verdiyi müsahibələrin bəziləri sadəcə bir dövlət başçısının bir jurnalistlə söhbəti deyil.

Həmin söhbətlərə qulaq asa-asa, aqressivliklə qoyulan bir sıra haqsız, ədalətsiz, yanlış, qərəzli yanaşmaları məntiqlə, sübutla, inandırıcı qətiyyət və peşəkarlıqla cavablandıran Prezidentimizə baxa-baxa onun görmədiyimiz, şahidi olmadığımız qapalı görüşlərini, eşitmədiyimiz telefon danışıqlarını təsəvvür edin.

Bir jurnalistin dilində səslənirmiş kimi görünən həmləli və cığal sualların ardındakı qüvvələri xəyalınıza gətirin və bunu da düşüncədən keçirin ki, elə gördüyünüz və şahidi olduğunuz təmkin, qürur, ağıl və qətiyyətlə liderimiz o görmədiyimiz, eşitmədiyimiz bizə qapalı qarşıdurmalarda da hücumları necə dəf edib, qarşısındakına öz həqiqətini necə yeridib, tərəf-müqabilini hansı ən yüksək vəzifəni tutmasından asılı olmayaraq necə yenib, necə üstün gəlib.

Cəbhədəki müzəffərliyin canı noyabrın 10-u gecəsi düşmənin təslimi ilə bitən savaşın taleyi Prezidentimizin gördüyümüz və (bəlkə də daha çox) görmədiyimiz həmin təkbətək mübarizələrdəki qələbələrindən qaynaqlanır.

O qələbələr olmasaydı, o müzəffərlik olmasaydı, elə sentyabrın sonundamı, oktyabrın ilk günlərində, ya ilk həftələrindəmi cəbhədəki döyüşlər də qəfilcə dayana bilərdi.

Hər kəs bunun fərqində olsun!

Bir güllə ilə bahar olmaz, deyiblər. Bu, doğrudur. Amma o bir gül açılıbsa, o bircə güldə hələ canını tamam tapşırmamış qışın səngiməmiş sazağına, soyuğuna tab gətirmək və boy atmaq gücü varsa, tək çiçək rəmzə çevrilərək böyük baharı da gətirməyə müvəffəq olur, uzanan qışın deyil, erkən yazın körpüsünə dönür.

Prezident İlham Əliyev mətbuatın gücünü yaxşı bilir və İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə ona ABŞ-dan, İngiltərədən, İtaliyadan, İspaniyadan, Rusiyadan, Almaniyadan və digər ölkələrdən olan müsahibə müraciətlərini öncədən təhlil edərək gözəyarı da olsa, hansının sırf jurnalist fəaliyyətini yerinə yetirmək, düzgün və dolğun informasiyalar çatdırmaq, birbaşa mənbədən dürüst bilgi almaq fikrində olduğunu, hansının peşəkar mətbuat maraqlarından daha artıq siyasi məqsədlərə xidmət etmək, hansısa gizli sifarişləri yerinə yetirmək niyyəti güddüyünü müəyyənləşdirmək imkanında idi. Ancaq heç birinin ricasını geri çevirmədi, Bakıya gələ biləni bilavasitə qəbul etdi, bəziləri ilə də canlı bağlantı quruldu, ekranda üz-üzə qaldılar.

Baxmayaraq ki, hansısa intervülərdən vaz da keçə bilərdi, imtinası da başadüşülən olardı, çünki müharibə aparan ölkənin Ali Baş Komandanının hər dəqiqəsi qızıla bərabərdir.

Heç birinə "yox" demədi və az qala, hər gün, günaşırı müsahibələrin biri digərini əvəz edirdi.

Bunu, əvvələn, ona görə edirdi ki, öz gücünə bələd idi, istənilən ən çətin suala cavab verməyə hazır idi.

İkincisi, həmin müsahibələrin hər birinə məmnuniyyətlə razılıq verirdi, ona görə ki, bu, dünyaya sözünü çatdırmaq, az əvvəl onunla danışmış hansısa dövlət başçısına, ya beynəlxalq təşkilata yenidən hamının eşidəcəyi ucalıqda səslənmək üçün əlverişli girəvə idi.

Üçüncüsü, bəlkə ən mühümü isə ona görə bütün vaxt qıtlığına rəğmən bu müsahibələrdən yayınmırdı ki, belə dialoqların hər biri həm də duel idi, ifşa imkanı, əleyhdarlarımıza, bədxahlarımıza qulaqburması vermək, bizə diş qıcadanları, dil uzadanları sadəcə bizləmək yox, neştərləmək fürsəti idi.

Foto, tele və kinokameraların qəribə bir özəlliyi var. Başqa cür görünməyə nə qədər səy etsən də, səni həmişə olduğun kimi göstərir.

Prezident İlham Əliyevlə kameralar qarşısında üzbəüz qalaraq müsahibə götürənlərin də hər birinin əslində, hansı məzhəbə qulluq etdiyi, bu sorğuları dürüst bilgilər almaq istəyən peşəkar jurnalist, ya tamam fərqli məqsəd güdən bir şəxs kimi apardığı gendən baxan hər qanan adama aydın görünürdü.

Biz, oktyabrın 26-da İtaliyanının Rai 1 televiziya kanalının, oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinin, noyabrın 2-də İtaliyanın "La Repubblica" qəzetinin, noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinin və bir sıra başqalarının da Prezidentimizlə apardığı, onların özlərinin də, auditoriyalarının da, elə bizim də məlumat dairəmizi genişləndirən müsahibələri məmnunluqla izləyirdik, amma digər bir zümrə elə ağzını açan kimi səsi maska dalından gələn müxbirləri də görürdük.

Dövlət başçısı ilə müsahibəsi vədələşdirilən şəxs adətən mütləq həmin görüşə yaxşıca hazırlaşır, söhbət mövzusunu irəlicədən mükəmməl araşdırır. Ancaq oktyabrın 25-də ABŞ-ının "Fox News" televiziya kanalının intervügötürəni artıq 1 aydır gedən müharibə haqqında həqiqətlərin nə yerdə olduğunu bildiyi halda Prezident İlham Əliyevlə müsahibədə ilk sualı belə qoyursa ki, niyə siz sentyabrın 27-də döyüşlərə başladınız, İkinci Qarabağ müharibəsi öncəsi Ermənistanın törətdiyi bütün təhrikçi, pozucu və təxribatçı fəaliyyətlərdən xəbərdar olduğu halda tənə ilə və ermənivari üslubda deyirsə ki, siz müharibəni başlamağa imkan axtarırdınız və əcaib bir şəstlə sair belə-belə cəfəngiyyatları dilə gətirisə, deməli, bu şəxsin məramı təməlindən düz deyil, deməli, maskalıdır və danışan odursa da, ona dili verən ayrılarıdır.

Belə olanda Prezident İlham Əliyev qarşısındakının maskasını necə yırtmasın, ona və onaoxşarlarla bu cür təkbətək siyasət döyüşlərində fürsətdən istifadə edərək "Amnesty International" və "Human Rights Watch" kimi təşkilatların da bir ayrı cür maska olduqlarını sərrast ifşalarıyla dünyaya niyə nümayiş etdirməsin?!

Hərdən sualların qoyuluşu o qədər ədalətsiz, o qədər ermənisayaq, o qədər açıq-aşkar saxta, o qədər həqiqəti tam tərsinə çevirən olurdu ki, hirslənməmək, hövsələdən çıxmamaq hətta gendən tamaşa edənə mümkünsüz kimi gəlirdi.

Həm də təxribatçı sualları ilə müsahibini müvazinətdən çıxarmaq tapşırığı ilə gəlmiş müxbir qərəzkar sualına tam qaneedici, dəlillərə söykənən cavabı alandan sonra da əl çəkmirdi, sanki həmin cavabı heç eşitməyibmiş kimi, guya təzə sual verirmiş kimi sualını başqa sözlərlə, daha riyakar şəkildə yenidən verirdi.

Prezident İlham Əliyevinsə televiziyada bunları seyr edərək hiddətlənən, bunca məşhur telekanalınmı, informasiya agentliyininmi jurnalistinin bu qədər insafsızlığına, bir belə həyasızlığına əsəbiləşən, təzyiqi qalxan əksər soydaşlarından fərqli olaraq, təmkini qətiyyən pozmadan, səsinin sakit ahəngini dəyişmədən verdiyi sərrast cavablar məhz elə bu tərzdə ifadə edildiyi üçün bir az da effektli alınırdı, bir az da yandırıcı olurdu.

Və Prezident İlham Əliyevin bir ustalığı da ondan ibarətdir ki, cavablarını yalnız Azərbaycanla bağlı qarayaxmaları, böhtan, şər səciyyəli, təhrifçi fikirləri rədd etmək üstündə qurmurdu.

Əvvələn, istənilən halda sualdan istifadə edərək bizimlə bağlı əsl həqiqətləri çatdırırdı, ola bilsin ki, xaricdə kimlərdəsə yaranmış yanlış qənaətləri dağıtmaq üçün bu məqamdan doğrumuzun təbliği üçün yararlanırdı, amma eyni zamanda, qarşısındakını və bu maskanın ardında gizlənənləri amansızca qamçılayırdı.

Və xüsusi hazırlaşdırılaraq məkrli tapşırıqla gəlmiş müxbirin bayaqdan istifadə etdiyi üsulu da onun özünə qarşı yönəldir.

Cavab verəndən sual verənə çevrilərək təşəxxüslə demokratiya dərsi vermək istəyəni lövhə qarşısında aciz dayanan zəif şagird halına gətirir, ona və onu qısqırdanlara töhmətli dərs verməyə başlayır.

Qarşıdakı qaçmaq, sualdan yayınmaq istəyir - Prezident buraxmır.

Mən bilmirəm özlərini demokratiya ülgüsü sayanlar, elə həmin BBC, o müxbiri o cür hazırlayıb göndərən qüvvələr gözləntilərinin əksinə olan, onlara qətiyyən sərf etməyən, özlərini kəskin tənqid nişangahına gətirən, demokratlıqlarının işdə quruca söz olduğunu açıb-tökən bir müsahibənin yazısına tamaşa edəndən sonra söhbəti bütöv şəkildə efirə vermək halında olublarmı, ya onlara xas psevdodemokratikliklə döşlərinə yatmayan yerləri qayçılamağı lazım biliblər?

Bir tərəfə baxanda qınamalı da deyil.

"Yazıqlar" onları quru yuyub, yaş sərən belə küncədirəmələri necə ortaya çıxara idilər?! Axı gəlişdə məqsədləri tam əksinə idi...

2020-ci il noyabrın 6-sı. Daha bir həqiqət və maskayırtma anı.

Prezident İlham Əliyev "BBC News"un müxbiri ilə qarşı-qarşıyadır.

Sual verən guya narahatdır ki, münaqişə bitəndən sonra ermənilər Dağlıq Qarabağa qayıdacağı təqdirdə onlar zəruri hüquq və azadlıqlarla təmin olunacaqmı?

Həm də sualı ilk sözündən elə Azərbaycana zidd biçimdə qoyur ki, sualın içində özünün müəyyənləşdirdiyi hikkəli cavabı görürsən.

Elə təxminən açıq şəkildə deyir ki, sizin ölkədə bu azadlıqlar yoxdur və fağır ermənilər də sizinlə birgə yaşamalı olacaqsa, onlar da belə dəyərlərə eyni dərəcədə tamarzı qalacaqlar.

Yəni bu, sual deyil, əslində, ağır ittiham, irinini tökməkdir: "Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şeylərə malik olacaqmı?"

Müxbirin və onun buyruqçularının xəyalı ayrı adama gedib.

Bu, İlham Əliyevdir və cavabını sualla başlayır, qarşısındakının cavab verə bilmədiyi sadə, amma ifşaçı suallarla davam edir:

"- Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə görə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malik olmadığını düşünürsünüz?

- Çünki mənə bu barədə müstəqil mənbələrdən məlumat veriblər.

- Hansı müstəqil mənbələrdən?

- Bir çox müstəqil mənbələrdən.

- Deyin mənə, hansılardır?

- Əlbəttə ki, mən onların adlarını çəkə bilmərəm.

- Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu o deməkdir ki, siz bir hekayə uydurursunuz".

(Elə oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində də oxşar şəkildə Prezident İlham Əliyev jurnalistin "deyəcəyəm, keçəcək" zənni ilə dilə gətirdiyi sözündən yapışaraq onu salmışdı müşkülə. Guya Türkiyənin də əsgərlərinin bilavasitə iştirakı ilə Azərbaycanın Ermənistanla müharibəsinə qatıldığını qabartmaq məqsədilə jurnalist deyirdi ki, bəzi türk əsgərləri ilə söhbət edib. Prezident də dərhal xəbər alır ki, siz əsgərlərlə döyüş meydanındamı danışmısınız? Müxbir anlayır ki, ilişib. Amma daha burcutmaq yeri yoxdur. Prezident onu salıb labirintə:

"- Xeyr, döyüş meydanında yox.

- Bəs harada?

- Bakı şəhərində.

- Onlar burada, Bakıda döyüşürlər?

- Xeyr, xeyr. Bununla belə, onlar buradadırlar.

- İndi burada alman əsgərləri də ola bilər").

Prezidentin məntiqinin qarşısına ayrı bir məntiq çıxarmaq çətindir. Ölkə əhalisinin 80 faizini əhatə edən senzurasız, tam sərbəst internet fəzası olan respublikada medianın məhdudlaşdırılmasından söhbət gedə bilərmi?

Və Prezident qəlp ittihamın müqabilində ona verilmiş sualın dibindəki siyasi paxırı açan ifşaçı ittihamını yürüdür ki, bu qərəzli yanaşma ilə sizin qəsdiniz Qərb auditoriyasında Azərbaycan haqqında azad mətbuatın olmadığı düşüncəsini formalaşdırmaqdır.

Zərbənin biri vurulubsa, növbətisi də gəlməlidir. Qarşısına bu çeşiddən olan rəqiblər çıxanda məhz zərbəni zərbə üstündən vuraraq ona buynuz göstərən çürük siyasəti darmadağın etmək Prezident İlham Əliyevin yeri gəldikcə ləngimədən tətbiq etdiyi diplomatik gedişlərindəndir.

Ermənilərin acı dadına yaxşı tanış olduqları İlham Əliyev yumruğu elə bu dəqiqə başqa tərzdə vurulacaq: "Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?"

Bayaqdan çox hökmlə, prokuror ədaları ilə danışan jurnalist xanım artıq qarmaqdadır, artıq köpü alınıb, sualdan qaçmaq istəyir, "Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik", - deyir.

Lakin Prezident şikarını buraxmaq həvəsində deyil, təkid edir: "Xeyr, gəlin müzakirə edək. Gəlin müzakirə edək".

Bayaqdan hücum ovqatında olan BBC müxbiri ona əlverişli olmayan bu dalandan qurtulmağa yenə can atır.

Kimdir buraxan?!

Prezident bayaqkı köntöy sözlərini indi onun özünə yedirir: "Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə gəlin Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o, həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur".

Xanım yenə düşdüyü bu naqolay vəziyyətdən qurtulmağa ürkək cəhd edir, söhbətin istiqamətini dəyişməyə çalışır: "Münaqişəyə qayıdaraq..."

Və hələ bitməyib, Prezident hansı mövzuya deyirsinizsə keçməyə hazırdır, amma axı hələ bu yerdə endirilməli bir-iki zərbə də var. Onlarsız söhbətin bu hissəsi natamam qalar, rəqib də erməni konspekti əsasında tərtib edilmiş təəssüratı oyadan zəhərli sualının müqabilində dərsini axıracan almamış qalar: "Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu, sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız".

Nə cavab versin? Kor-kor, gör-gör. Dünyanı lərzəyə salan ifşaçı sənədləri yaymış "WikiLeaks"in qurucusu Culian Assanjın hər kəsə bəlli, məhz jurnalist fəaliyyətinə görə təqib edilməsi məlum, həbsə atılması danılmaz fakt, yaxasından yapışanların Böyük Britaniya ilə ABŞ olması açıq-aydın.

Müxbir qalıb birinin qınaq yükü obirininkindən daha cod olan, onu saniyələr ərzində ittihamçıdan mühakimə edilənə çevirən bıçaq kimi kəsən iti sözlərin qarşısında. Çabalayır, sanki özünə bəraət qazandırmağa təşəbbüs edir: "Mən onu həbsxanada saxlamıram".

Məgər Prezident Əliyev bilmir ki, Assanjı dustaqlıqda saxlayan siz yox, sizi bura göndərən siyasətiniz, dövlətinizdir?

Əla bilir və sözü də sizdən elə onların hamısına deyir.

Açıqca söyləyir ki, özünüz haqda belə gerçəkləri eşitmək sizin xoşunuza gəlmir, üzünə çırpır ki, siz bu cür ifşa olunmağa alışmamısınız, birbaşa deyir ki, siz ancaq başqalarına həmlə etməyə adətkərdəsiniz, birmənalı şəkildə anladır ki, digərlərinin gözündə qıl axtarmazdan öncə öz gözünüzdəki tirə baxın.

Söhbətin bu yerə çatacağını gözləməyən, tam məğlub kökə salınmış müxbir bu həddə gətirib çıxarmış sualına peşmanlığını ifadə edirmiş kimi "Mən bu məsələni qaldırmadım", deyə yenə müdafiə olunmaqçün qımıldansa da, Prezident İlham Əliyev ona və ona bənzərlərə, belələrinin idarəedicilərinə "harada haqsız danışsanız, susmayacağıq, bir desəniz, beş cavabını alacaqsınız" xəbərdarlığını edir: "Siz dediniz ki, əgər ölkənizdə azad media yoxdursa, ermənilər müxalifətsiz sizin ölkədə necə yaşaya bilərlər? Bu, sizin sözlərinizdir, ittihamdır".

Di get çala-çala!..

Elektron şəbəkədə həmin müsahibənin mətni ilə yanaşı, görüntüsü də var. Kim baxsa, şahid olar ki, əsəb qıcıqlandıra biləcək məqamlarla dolu olan həmin sorğu boyunca Prezident İlham Əliyev necə qibtə oyadacaq dərəcədə səbirli, təmkinlidir, yetərincə gərgin söhbət qətiyyən tövrünü dəyişmir, təbəssümü də, lazım gələndə istehzası da yerində, hər kəlməsi də ölçülü-biçili.

Yəqin, o video müəyyən zamana qədər üst qatda olacaq, sonra təzə illər gələcək, həmin görüntü də qalacaq dünənlərdə, arxivin dərinlərində. Lakin bir dövlət başçısının, bir siyasi xadimin, bir diplomatın istedadının parlaqlığını, xalqının, ölkəsinin maraqları uğrunda necə yüksək intellektual səviyyədə və necə incəliklə mübarizə aparmasını, qısa vaxt kəsiyində ötkün zəkası, dərin məntiqi, hazırcavablığı ilə ona qarşı hər an ən kəskin sualları ilə şığıyan həmsöhbətini necə tərksilah etməsini, nə təhər diz çökdürməsini əks etdirən bu sənəd gərək diplomatlar hazırlayan təhsil müəssisələrində istifadə edilən dərs vəsaitləri sırasında ola, eləcə də Xarici İşlər Nazirliyinin həyatını diplomatiyaya bağlamış əməkdaşlarına vaxtaşırı ustad dərsi örnəyi kimi göstərilə, təhlil edilə.

Maskalanmaq dünyada, insanlar arasında  ibtidadan baş alıb gəlsə də, "maska" sözü təzədir. İtalyanlardan XVIII yüzildə fransızlara keçib, onlardan da dünyaya yayılıb. Sözün əsli isə ərəblərdən, onların qədim teatrlarından gəlir  və həmin kəlmə bu gün elə bizim dilimizdə öz doğmaca sözlərimizdən biri kimi işlənməkdədir: "məsxərə". Yeri gəlmişkən, elə "maskarad" sözü də bundan törəyəndir.

Məsxərə nədir? Ələsalma, lağeləmə, istehzalı gülüşə hədəfetmə.

Gerçək simasını göstərməməkçün maska dalında gizlənənlər ha özlərini öldürsələr də, görünürlər ki, görünürlər. Əvvəl-axır maskanı bir sıyıran tapılır və batin çıxır zahirə.

Necə ki, maska ilinin - 2020-nin son sentyabr və oktyabr-noyabr günlərində Prezident İlham Əliyev təkbətək diplomatiya döyüşlərində dünyanın böyük siyasət teatrındakı neçə irili-xırdalı oyunçunun məkr maskalarının altındakıları üstə çıxarıb hamıya göstərdi.

Bəlkə də güman edirmişlər maska ardındakı surətləri bilinməyəcək, səsləri tanınmayacaq.

"Bəs nə oldu?.."

Və Prezident İlham Əliyevin artıq xalq dilində bir zərbülməsələ çevrilmiş bu ritorik sualı yalnız Ermənistanın dəmdəməki baş nazirinə aid deyil, məkr maskaları cırılmış çoxlarına yaraşandır!

Rafael HÜSEYNOV, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik

"525-ci qəzet"

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015