AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Şumer və türk dillərinin qohumluğunu təsdiqləyən kitab işıq üzü görüb
Noy 19, 2020 | 12:05 / Yeni nəşrlər
Oxunub 30 dəfə

AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, şumerşünas İslam Sadığın “Tanrı dili, türk dili, şumer dili” kitabı işıq üzü görüb.

Kitabda şumer və türk dillərinin biçimliliyi (aqlütinativliyi), onların hər ikisində ahəng və heca qanununun möcvudluğu haqqında zəngin məlumatlar verilib, çünki bunlar həmin dillərin qohumluğundan danışmağa əsas verən ilk vacib oxşarlıqlardır.

Kitabda şumer dilinin fonetikası, morfologiyası, sintaksisi və leksikası türk dilinin materialları ilə qarşılıqlı tutuşdurmalar aparılmaqla öyrənilib. İki dilin qohumluğu üçün tələb olunan üç mühüm şərtə - hər iki dildə qohumluq, say və bədən üzvlərinin adlarını bildirən eyni terminlərə aid çox tutarlı və inandırıcı nümunələr verilib. Müəllif bunlarla yetərlənməyib, şumer və türk dillərinin qohumluğunu təsdiqləmək üçün irəli sürülən şərtlərin sayını 30-a çatdırıb. Bunlardan hər iki dildə eyni omonimlərin, kök feillərin, ismin halları və hal şəkilçilərinin üzə çıxarılması bu iki dilin qohumluğunu təsdiqləyən təkzibolunmaz arqumentlərdir.

Kitabdakı “Şumer və türk dillərində ilk sözlər və səsartımı yolu ilə söz yaradıcılığı”, “Şumer və türk dillərində eyni semantik söz yuvaları”, “Şumer və türk dillərində hecaların təkrarlanması yolu ilə söz yaradıcılığı”, “Şumer Tanrı adlarının türk dilində semantik açımı”, “Bilqamıs” dastanında onomastik türkizmlər” başlıqlarında verilmiş örnəklər və onların qarşılıqlı tutuşdurma yolu ilə təhlili bu iki dilin qohumluğunu aydın şəkildə göstərir.

Həmçinin kitabda 1000-ə yaxın sözün eyniliyi və ya oxşarlığı üzə çıxarılıb ki, digər arqumentlərlə birlikdə onlar da şumer və türk dillərinin qohumluğunu təsdiqləmək baxımından olduqca dəyərlidir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015