AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Könlüm keçir Qarabağdan...
Noy 20, 2020 | 11:47 / Müsahibələr, çıxışlar
Oxunub 71 dəfə

“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur.”

Ümummilli lider Heydər Əliyev

Bu adda yazı yazmaq iki dəfə fikrimdən keçib. Birinci dəfə 1992-ci ilin 8 mayında, biz Şuşanı itirəndə, ikinci dəfə 28 il sonra, 2020-ci ilin 8 noyabrında Şuşanın işğaldan azad olunması xəbərini eşidəndə... Birinci dəfə fikirləşmişəm ki, heç olmasa bu ağır anlarda ruhən də olsa, Şuşada ola biləydim və nəsə ona bir köməyim dəyəydi... Və bir də fikirləşmişəm ki, doğma Şuşamız gözəl bir bahar günündə əldən gedəndən sonra daha bahar da bizdən küsüb gedəcək, bir də bu yerlərə gəlməyəcək... İkinci dəfə bu adı ona görə fikirləşmişəm ki, qələbə günü heç olmasa, ruhən, qəlbən də olsa Şuşada ola biləydim və sevincimi əziz Şuşamızla, onu işğaldan azad edən igid əsgərlərimizlə bölüşə biləydim...

Çox təəssüf ki, birinci dəfə, 1992-ci ilin 8 mayında Şuşanı itirəndə fikirlərimi yaza bilmədim. Ona görə ki, bu kədərli ağır faciəyə uyğun və heç olmazsa özümü ovundurmaq üçün münasib sözlər, ifadələr tapa bilmədim... İkinci dəfə isə aradan 28 il keçəndən sonra, 2020-ci ilin 8 noyabrında biz Şuşanın işğaldan azad olunduğu xəbərini eşidəndə bu fikrə yenidən düşdüm...

Hər bir xalqın həyatında elə şəhərlər, elə yerlər olur ki, o yerlər, o şəhərlər həmin xalqın qürur və fəxarət mənbəyi olur. Şuşa azərbaycanlılar üçün belə yerlərdən, belə şəhərlərdəndir. Şuşa Azərbaycanın mədəniyyət beşiyidir. Şuşa bizim əziz, müqəddəs, şəhərimiz, “Qafqazın Parisi”, nəhayətdə Azərbaycanın, Qarabağın incisi, doğma Vətənimizin bir hissəsidir.

Şuşa həm də Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu şəhərin tarixini tədqiqatçılar 1747-1750-ci illərə bağlayırlar. Bu illərdə Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuş, Şuşanı özünə paytaxt seçərək, oranı Qala şəhərə çevirmişdir. Ətraf ərazilərdən, əsasən də Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Füzuli bölgələrindən köçüb gələnlərin hesabına Şuşa şəhəri qısa müddətdə xeyli böyümüş, təbii gözəlliyi və baxımlı tikililəri ilə diqqəti cəlb etmişdir. Şəhər bir müddət Pənahəli xanın şərəfinə Pənahabad, eyni zamanda hündür qala divarlarına görə, Qala, Şuşa qalası və Şuşa adlandırılmışdır.

Belə bir deyim var - əgər Azərbaycan bütöv bir bədəndirsə, bu bədənin ürəyi Qarabağdır. Qarabağın incisi olan Şuşa isə Azərbaycanın ən dilbər guşəsi, musiqi beşiyi, Cabbar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, Məşədi Dadaş, Sadıqcan, Üzeyir Hacıbəyov, Bülbül, Fikrət Əmirov, Xan Şuşinski və daha onlarla məşhur musiqiçilər diyarıdır. Səfalı yaylaqları, göz oxşayan meşələri, füsunkar Cıdır düzü, soyuq İsa bulağı, Turşsuyu Qarabağı, Şuşanı bütün dünyaya tanıtdırıb. Qarabağ torpağı, həmçinin Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Mir Mövsüm Nəvvab, Fatma xanım Kəminə, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov, İlyas Əfəndiyev və b. şair və yazıçıların vətənidir.

Nə yazıqlar ki, 1992-ci ilin 8 mayında və sonrakı dövrlərdə bu gözəl Şuşamızı və Qarabağımızın böyük bir hissəsini qoruya bilmədik... Verdik bu ulu yurdu istəmədən, ürəyimiz əsə-əsə erməni vəhşilərinin tapdağına. İllər boyu bizə sığınan nankor ermənilər isə havadarlarına arxalanaraq Azərbaycanı ağır sınaqlara çəkdi. Biz də bu illər ərzində ruhumuz, canımız qədər əziz olan ulu Qarabağın, Şuşanın dözülməz həsrətində qaldıq... Xalqımız bu dərddən, bu faciədən doğan hislərini yanıqlı bayatılara çevirdi:

Cənnətdir hər bucağın,

Sənə qurban bu canım.

Bir vaxt sevinc payımdın,

İndisə qəm ocağım.

Və ya:

Sənsizlik üzdü məni,

Yollara düzdü məni.

Dərdlilər sırasına,

Həsrətin yazdı məni.

Ancaq buna da özümüz qədər inandıq ki, biz Qarabağa, Şuşaya yenidən qayıdacağıq. Bu torpağı isə ancaq igid əsgərlərimizin, vətənpərvər gənclərimizin qəhrəmanlıq ruhu, cəsarət və igidliyi qurtaracaq. Özünə “Azərbaycan türkü”, “azərbaycanlı” deyən hər bir insanın ürəyində hər zaman qələbə arzusu, işğal olunmuş doğma Qarabağımızın, Şuşamızın azad edilməsi istəyi vardı. Hamı inanırdı ki, qeyrətinə, igidliyinə güvəndiyimiz, cəsarət və hünərinə bel bağladığımız şanlı Azərbaycan ordusu, qəhrəman Vətən övladları bizi illərlə həsrətini çəkdiyimiz Qarabağımıza, Şuşamıza əbədi olaraq qovuşduracaq.

Tarix heç nəyi unutmur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qələbədən düz 14 il əvvəl, 2006-cı ildə Milli Məclisin payız sessiyasının açılışında belə demişdi: “Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istfadə edib, istəyinə nail olacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olacaqdır. Mən buna şübhə etmirəm”.

Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi də oldu. Və nəhayət, o gün gəldi. 2020-ci il noyabrın 7-dən 8-nə keçən gecə qəhrəman Azərbaycan ordusu, igid əsgərlərimiz, yurdumuzun könüllü olaraq cəbhəyə gedən fədakar oğulları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı tarixdə misli görünməmiş bir şəkildə - əlbəyaxa döyüşlə, tapança, avtomat, süngü ilə erməni işğalçılarından azad etdilər. Buna qədər isə şanlı ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, bir çox qəsəbə, yaşayış məntəqəsi və strateji yüksəklikləri işğaldan azad etmişdi. Noyabrın 10-da isə bütün bu şanlı zəfərlərin məntiqi nəticəsi olaraq, Azərbaycan Ermənistan üzərində layiq olduğu və haqq etdiyi qələbəni qazandı. Bu tarixi qələbənin Bakıda, eləcə də Azərbaycanımızın hər bir guşəsində nə qədər böyük ruh yüksəkliyi, sonsuz coşğu ilə keçirildiyinin canlı şahidiyəm... Mən özüm isə həmin anlarda bu mövzunu yaza bildim və istər-istəməz unudulmaz Xalq şairimiz Səməd Vurğunun bu misraları fikrimdən keçdi:

Könlüm keçir Qarabağdan,

Gah o dağdan, gah bu dağdan.

Axşam üstü qoy uzaqdan,

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

Qoy, Xan Şuşinskinin “Qarabağın şikəstəsi” heç zaman köksündən əksik olmasın, doğma Qarabağım, müqəddəs Şuşam!

Tahir ORUCOV, AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filogiya üzrə fəlsəfə doktoru, dosent

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015