AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Bəhlul” jurnalı ilk dəfə transfonelitersiya edilərək çap olunub
Noy 13, 2020 | 03:31 / Yeni nəşrlər
Oxunub 88 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Dilbər Rzayeva tərəfindən ilk dəfə transfonelitersiya edilən “Bəhlul” jurnalı kitab formatında çap olunub.

Azərbaycan mətbuatının 145 illiyi münasibətilə hazırlanan nəşr Ədəbiyyat İnstitutunun Elmi şurasının 30 sentyabr  2020-ci il tarixli qərarı ilə işıq üzü görüb. Kitabda “Ön söz”, lüğət, qeydlər və izahların müəllifi də Dilbər Rzayevadır.

“Bəhlul” jurnalının ilk transfonelitersiyanın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxovdur. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd və filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımova nəşrin rəyçiləridir.

Bu məcmuə Bakıda 1907-ci il may ayının 19-dan həmin ilin 4 noyabrınadək nəşr olunmuş, cəmi 9 nömrəsi işıq üzü görmüş “Bəhlul” satirik jurnalının ərəb qrafikalı əlifbadan transfonelitersiyasıdır. “Molla Nəsrəddin” ədəbi məktəbi ənənələrini davam etdirən “Bəhlul” jurnalının naşir və redaktoru Ələsgər Əliyev olub.

Jurnalda “Teleqraf xəbərləri”, “Ümumi xəbərlər”, “Elan”, “Poçt qutumuz” və s. kimi rubrikalara və bəhri-təvil, felyeton, şeir, sual-cavab və başqa janrlara rast gəlinir. Həmçinin “Duzəxi”, “Mirzə Dığ-dığı”, “Naxələf”, “Heyrəti”, “Yuxulu”, “Dərdmənd”, “Tamaşa bağı”, “Titrətməli”, “Ə.M”, “Ağızları qıfıldayan”, “Maryak”, “Carübüddövlə”, “Bitli bədən”, “Laübali”, “İpləmə”, “Zurnaçı”, “Şalvarün-Zakirin”, “Müahidi Qədim”, “Əqrəb”, “Qeydkeş” və s. gizli imzalardan da istifadə edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015