AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“İblis” əsərinin səhnəyə qoyulmasının 100 illiyi münasibətilə elmi sessiya keçirilib
Noy 10, 2020 | 10:07 / Konfranslar, iclaslar
Oxunub 122 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən görkəmli şair, dramaturq Hüseyn Cavidin “İblis” faciəsinin tamaşaya qoyulmasının 100 illiyi münasibətilə onlayn elmi sessiya keçirilib.

Tədbiri muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı açaraq öncə sessiya iştirakçılarını möhtəşəm qələbə münasibəti ilə təbrik edib, bu günləri xalqımıza yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə və müzəffər ordumuza təşəkkürünü bildirib.

O, elmi sessiyanın məqsədinin “İblis” əsərinin səhnələşdirilməsinin yubileyini qeyd etməklə yanaşı, onun aktuallığını, müasir həyatla səsləşməsini bir daha diqqətə çatdırmaq olduğunu söyləyib. Pyesin yazılması, nəşri və səhnələşdirilmə tarixi barədə məlumat verən alim vurğulayıb ki, “İblis” müəllifin tamaşaya qoyulan ilk əsəridir. Cavidin şah əsəri olan “İblis” faciənin yazılması, çap edilməsi, səhnələşdirilməsi illəri Azərbaycanın həm qanlı, həm də şanlı tarixi ilə üst-üstə düşüb. 1918-ci ildə qələmə alınan mənzum pyes ilk dəfə 1920-ci ildə 21 dekabrda Dövlət teatrında səhnəyə qoyulub və böyük müvəffəqiyyət qazanıb. Əsərin bəşəriliyi faciənin həmin illərdə təkcə Bakı və Naxçıvanda deyil, həm də Daşkənd, Tiflis, Batumidə də uğurla nümayiş olunmasına zəmin yaradıb. Mövzusu Birinci Dünya müharibəsindən götürülmüş bu əsərdə ədib insan xislətindəki iblisanəliyə qarşı çıxıb, bütün çirkinliklərdən arınmış insanın mələk səviyyəsinə yüksələ biləcəyi fikrini ifadə etməyə çalışıb. G.Babaxanlı vurğulayıb ki, 100 ildən çox vaxt keçməsinə baxmayaraq, bu faciənin günümüzdə də aktual olması Hüseyn Cavidin yaratdığı əsərlərin ölməzliyinin bariz nümunəsidir.

Daha sonra çıxış edən muzeyin elmi katibi İlahə Novruzova əsərin ilk dəfə tamaşaya qoyulmasının 100 illiyi münasibətilə ədəbi-tarixi xronikanın hazırlandığını söyləyib. O, “İblis” faciəsinin səhnə həyatından faktlara toxunaraq əsərin Abbas Mirzə Şərifzadə, Aleksandr İvanov, Aleksandr Tuqanov, M.S.Kirmanşahlı, Həmzə Həkimzadə Niyazi, Əli Kənani, Mehdi Məmmədov kimi görkəmli teatr xadimləri və rejissorlar tərəfindən səhnələşdirildiyini qeyd edib, İblis rolunu Abbas Mirzə Şərifzadə, Nəriman İbrahimzadə, Hamlet Xanızadə kimi istedadlı aktyorların ifa etməsinə toxunub, tamaşanın Akademik Milli Dram Teatrın səhnəsində nümayiş olunan versiyasının Azərbaycan Televiziyası və Radiosunun “Qızıl Fond”unda qorunub saxlanılmasını diqqətə çatdırıb.

Onlayn elmi sessiyaya qatılan muzey əməkdaşları Cəmilə Rzayeva, Lalə Əliyeva və Fəridə Azadova öz çıxışlarında “İblis” faciəsinin son 100 ildə nəşr, tədqiq, tərcümə və təbliğinin tarixinə toxunub, “Cavidşünaslıq” çoxcildliyində görkəmli ədibin daha çox bu əsərinin təhlilə cəlb olunmasını vurğulayıblar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015