AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ali Baş Komandanın əmri - Nizami Cəfərov yazır
Okt 09, 2020 | 01:41 / Konfranslar, iclaslar
Oxunub 627 dəfə

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqının (və dövlətinin) iradəsini ifadə edərək özünəməxsus ən yüksək səviyyədə xəbərdarlıqdan sonra da işğalçılıq siyasətini, təxribatlarını və azğınlığını davam etdirmək iddiasından əl çəkməyən Ermənistanı yerində oturtmaq üçün Azərbaycan ordusuna əks-hücum əmri verdi. Heç şübhəsiz, bu əmr dədə-baba yurdlarımız Qarabağın, İrəvanın, Göyçənin, Vedibasarın, Ağbabanın... düşmən əsarətindən xilası ilə yanaşı, dünya ictimaiyyətinin erməni xisləti barədəki təsəvvürlərinin aydınlaşmasına həlledici (və tarixi!) təsir göstərəcəkdir.

Kimdir ermənilər?

Hər bir etnosun xarakterini, dünyagörüşünü, dünya xalqları içərisindəki mövqeyini (və bu etnoqrafik mühitin yetirdiyi liderləri) formalaşdıran həmin etnosun "tərcümeyi-hal"ıdır. Əlbəttə, haqqında söhbət gedən "tərcümeyi-hal"ı hər hansı etnosa münasibətdə lazımi elmi əsaslarla, kifayət qədər obyektiv və mümkün dərəcədə müfəssəl bir şəkildə təsəvvür eləmək elə də asan məsələ deyil. Lakin düşünmək olar ki, ermənilər bu baxımdan müəyyən istisna təşkil etməkdədirlər... Hər şeydən əvvəl ona görə ki, bir sıra etnoslardan (xalqlardan) fərqli olaraq, onlar tarixlərinin, demək olar ki, heç bir dövründə, "tərcümeyi-hal"larının heç bir mərhələsində "təvazökarlıq" etməmiş, bu və ya digər etnosun tarixini lazımi təfsilatı ilə öyrənmək üçün tələb olunandan da artıq "sənəd"lərə imza atmışlar.

Ermənilərin müxtəlif mənşəli böyük siyasi güclərin təzyiqi altında susmağa məcbur qaldıqları zamanlar da olmuşdur, lakin daha çox çığır-bağır salmaqla var- dövlət toplamağa, xüsusi səlahiyyətlər qoparmağa, ehtiyac ucbatından müxtəlif coğrafiyalara səpələnmənin qarşısını alıb bütöv bir ərazidə təmərküzləşməyə cəhd etdiklərindən "tərcümeyi-hal"larında belə zamanlar o qədər də çox deyil.

Qədim (və mötəbər) tarix kitabları, məsələn, Herodotun "Tarix"i ermənilərin e.ə. II minilliyin sonlarında Balkanlardan köçərək Van gölünün cənub-qərbində məskunlaşdığını göstərir. Hind-Avropa mənşəli olduğu şübhə doğurmayan bu etnosun "yaxın qohum"u olmadığına görə, onun "uşaqlıq dövrü"nün hansı şəraitdə, yaxud mühitdə keçdiyi barədə təsəvvür dumanlıdır. Və həmin təsəvvür dumanlılığı, əslində, ermənilərin eramızın ilk əsrlərində xristianlığı qəbul etməsinə qədər davam edir...

Yunan təzyiqləri altında assimilyasiya olunmaq qorxusu (və bundan irəli gələn nifrət) o qədər güclü idi ki, türklərin (səlcuqların) Kiçik Asiyaya (Anadoluya) yürüşləri zamanı ermənilər onların şəxsində öz xilaskarlarını görmüş, türklərsə ermənilərə qayğı ilə yanaşmışlar. Və bu qarşılıqlı münasibət, müəyyən qədər diplomatik xarakter daşısa da, məzmun-mahiyyətcə, bir müddət səmimi olmuşdur deyə bilərik...

Lakin erməni kilsəsinin (qriqorianlığın) elə ilk əsrlərindən (təbii ki, bu da etnosun mentalitetindən irəli gəlirdi) özünü ruhani liderdən daha çox, siyasi-ideoloji lider kimi aparması (və bu təşəbbüslərində tədricən çox böyük təcrübə qazanması!) "müstəqil erməni hakimiyyəti (dövləti)" ideyasını həmişə gündəmdə saxlayırdı. Erməni dini (və siyasi) liderləri "irsi" olaraq, əsasən, üç paradiqmada mübarizə aparırdılar:

1) maddi ehtiyaclarını ödəmək üçün münbit şərait axtaran ermənilərin mənəvi-ideoloji birliyini təmin etmək;

2) hansı dövlətin təbəəliyində olursa-olsunlar, həmin dövlətdə onlara xüsusi şərait yaratmaq və ya səlahiyyətlər verdirmək;

3) müstəqil erməni dövləti qurmaq, heç olmasa (ilk mərhələdə), bu və ya digər güclü dövlət tərkibində (himayəsində) muxtariyyətə nail olmaq.

Etiraf etmək lazımdır ki, etnosun, demək olar ki, bütün Orta əsrlər boyu davam etmiş bu üç paradiqmalı (istiqamətli) mübarizəsini zahirən tamamilə təbii saymaq olar. Hər şeydən əvvəl ona görə ki, tarixdə hər bir etnosun bu cür maraqlarının (və faktiki mübarizəsinin) mövcudluğuna dair çoxlu misallar gətirmək mümkündür... Lakin məsələ burasında idi ki, ermənilərin etnik (milli) birlik (və dövlət müstəqilliyi) uğrundakı mübarizələri reallığa əsaslanmış, öz mənbəyini yalnız "gözəl xəyallar"dan alırdı... İnsan (vətəndaş) potensialı yox, ordu yox, vətən yox... Yalnız "gözəl xəyallar"!.. Bu isə etnosu (lap olsun qriqorian kilsəsinin liderliyində), bir tərəfdən, hər kəsi düşmən gözündə görməyə, ikinci tərəfədən, məqsədə çatmaq üçün hər cür hiyləgərliyə əl atmağa təhrik edirdi.

Və ermənilər yeni beynəlxalq tarixi şəraitə - Orta əsrlərin sonu, yeni dövrün əvvəllərinə "tərcümeyi-hal"larının onlara bəxş etdiyi belə bir mental keyfiyyətlə gəlib çıxdılar.

Osmanlı, müəyyən qədər də Azərbaycan Səfəvilər dövlətinin şəxsində ermənilərin türklərə münasibətləri birmənalı deyildi: onlara həm hamı kimi baxır (itaət edir), həm mümkün qədər çox səlahiyyət (muxtariyyət) qoparmağa çalışır, həm də saraylara yol taparaq müəyyən intriqalar yaratmağa çalışırdılar. Təhlükəsiz, geniş ünsiyyət tələb edən, bir növ, qılıqlı peşələrə (sənətkarlıq, ticarət və s.) meyil etdiklərindən həmin intriqalarda kifayət qədər böyük "uğurlar" da qazanmışdılar. Və bu "uğurlar"ın ən mühümləri "yuxarılar"a xidmət (və yaxınlıq) imkanlarının genişliyi, zəruri məlumatı vaxtında almaq, məqamı əldən buraxmamaq, hər hansı çətinliyə düşəndə isə məharətlə "yazıqlıq" maskası taxmaqdan ibarət idi. Lakin nəzərə almaq lazımdır ki, istər osmanlılar, istərsə də səfəvilər ermənilərin bu "qabiliyyətlər"ini yalnız müəyyən səviyyəyə qədər yaxın buraxır, həddini aşanda yerlərində otuzdururdular. Bu isə, təbii ki, onların hüdudsuz (və fantastik) xəyalları qarşısında maneə təşkil etdiyi üçün, bir tərəfdən, təsəvvürlərindəki "düşmən" obrazını daha da qatılaşdırır, digər tərəfdən, taktiki "dostlar" axtarmağa təhrik edirdi. Orta əsrlərin sonu yeni dövrün əvvəllərində isə bu cür "dostlar" artıq əvvəlki dövrlərdəki kimi uzaqda deyildilər. Rusiya XVIII əsrin əvvəllərindən başlayaraq həm Qərbi Avropa dövlətləri, həm də öz maraqları çərçivəsində cənubdakı türk dövlətlərini artıq təhdid edirdi.

Erməni "missioner"ləri rusların onlara qarşı səmimi olmadıqlarını, əlbəttə, bilirdilər, ancaq ona da şübhə etmirdilər ki, "xidmətlər"i müqabilində Rusiyadan ya Osmanlı, ya da Səfəvi ərazisində "müstəqil erməni dövləti"nin xeyir-duasını alacaqlar. Başqa yol da yox idi... Məzhəb fərqi olsa da, müsəlmanlara qarşı "xristian kartı" da işə yarayırdı... Bununla belə, ermənilər Qərbi Avropa dövlətlərinə də gedib-gəlir, Rusiyanın "xəyanət" edəcəyi təqdirdə kimin ətəyindən yapışacaqları barədə düşünürdülər.

"Erməni məsələsi"nin tarix səhnəsinə çıxarılması etnosun öz xəyallarına, xülyalarına nə qədər dərindən inanması ilə yanaşı, bu "məsələ"nin həllində nə qədər israrlı olacaqlarını, heç bir mübarizə üsul və ya formasından əl çəkməyəcəklərini göstərirdi. Tədricən "etnik xəstəliy"ə ("erməni xəstəliyi"nə) çevrilmiş bu sindrom, prinsip etibarilə, müalicə olunmaz bir hala gəldi... Və yeni tarixi şəraitdə - Şərq və Qərbdəki böyük siyasi güclərin dünayanın taleyini həll eləməyə "çalışdıqları" məqamlarda mütəmadi olaraq bu və ya digər məqsədlərlə diplomatik danışıqlar stolu üzərinə itələməklə gündəmə çıxarıldı. Beləliklə, etnos öz milli mənliyini itirib taleyinə hər an hər kəsin müdaxilə edəcəyi (və bundan ilk növbədə özü faydalanacağı) etnosiyasi obyektə çevrildi.

Etnik münasibətlərin tarix boyu mürəkkəb olduğu Cənubi Qafqazda (Rusiyanın təbiri ilə desək, "Zaqafqaziya", yəni "Qafqaz dağlarının o tayı"nda) ermənilərə dövlət qurmaq üçün ərazi verilməsi, hər kəs bilirdi ki, etnosun "xəstəliy"ini aradan qaldırmayacaq. Nə vaxtsa kilsə tərəfindən beyinlərinə yeridilmiş mücərrəd "dənizdən dənizə Ermənistan" kompleksinin keçirdiyi "təkamül" tarixi də bunun əlaməti idi: Van gölündən Aralıq dənizinə a Van gölündən Qara dənizə a Aralıq dənizindən Qara dənizə... Və nəhayət: Aralıq dənizi - Qara dəniz - Xəzər dənizi "üçbucağı".

Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində - SSRİ-nin dağıldığı illərdə erməni millət vəkillərinin Moskvanı, xüsusilə dövlət başçısı M.S.Qorbaçovu necə həyasızlıqla hədələdiyi, yəqin ki, heç də hamı tərəfindən unudulmamışdır... Həmin vəkillərin simasında ümumən etnosun daxili aləmini - həyəcanlarını, əsrlərcə üst-üstə qalanmış, süxurlaşmış emosiyalarını görmək mümkün idi. Və açıq şəkildə görünürdü ki, ermənilər Moskvadan - Rusiyadan incimişlər... Onlar bu qənaətdə idilər ki, göstərdikləri "xidmətlərin" müqabilində istəklərini nəinki tam təmin etməmiş, hətta "gələcəklər"ini də təhlükə altında qoymuşlar. Və Moskvanın "himayə"sinin o qədər də möhkəm olmamasından narazılıq edən "sima"lar hiss etdirirdilər ki, daha etibarlı "himayəçilər" də axtarmaq fikrindədirlər. Ancaq M.S.Qorbaçov (və Moskva) yaxşı bilirdi ki, həmin "axtarışlar" həmişə mövcud olmuşdur. Yeni bir şey deyil...

Ali Baş Komandanın əmri, Azərbaycan ordusunun müzəffər əks-hücumu mənşəyinin təfsilatı məlum olmayan, özünütəsdiq tarixini normal (bütün etnoslar üçün ümumi - təbii) etnik özünüdərk prosesi olaraq yox, qriqorian kilsəsinin güclü təzyiqi altında yaşamış, dövlət quruculuğu təcrübəsindən məhrum və taleyi böyük güclərin, beynəlxalq münasibətlərin konyukturuna buraxılmış, xülyalarla yaşayan, qorxaq (və bütün bunlara baxmayaraq, iddialı!) bu təcavüzkar təzahürün əslində, nə olduğunu yalnız dünya ictimaiyyətinə deyil, ermənilərin özlərinə də, nəhayət ki, bütün miqyası (və təfərrüatı) ilə xatırladacaqdır...

 

https://edebiyyatqazeti.az/news/proza/6243-ali-bas-komandanin-emri

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015