AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"H`Ayların və Armenlərin mənşəyi" kitabı işıq üzü görüb
Sen 16, 2020 | 01:08 / Yeni nəşrlər
Oxunub 58 dəfə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmlər doktoru İlhami Cəfərsoyun "H`Ayların və Armenlərin mənşəyi" kitabı çapdan çıxıb.

Kitabın elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri professor Aslan Məmmədli və Qafar Çaxmaqlıdır.

Müəllif yeni əsərində qədim h`ayların indiki ermənilərə və armenaklara heç bir aidiyyatı olmadığını faktlarla sübuta yetirir. O, h`ayların əsil adının Ay olduğunu, aya sitayiş edərək özlərini Ayli adlandırdıqlarını qeyd edir.

387-ci ildə h`aylar və onların tabeçiliyində olan xırda xalqlar yunanların və sasanilərin təsiri altına düşüb, öz dillərini, dinlərini, genlərini dəyişib, tamamilə başqa xalqa çevriliblər. H`Aylar türklər kimi iltisaqi dilli olub, indiki ermənilər isə flektiv dillidirlər. H`Ayların qəbilə tanrılarından biri Uquz, yəni Oğuz adlanırdı. H`Aylar ilk xristianlıq dövründə patriarxlarına ata, atamxan deyirdilər. İlahə Ananı Ana, ilahə nənəni Nana adlandırırdılar. Sonra o teonimləri Anait və Nuneyə çevirdilər.

H`Ayların bir qəbiləsi xristianlıqdan əvvəl beş siklop daşa sitayiş edir və özlərini Peş Taş adlandırırdılar. Xristianlıq dövründə həmin nəsildən Daşyan İakov adlı din xadimi çıxıb.

H`Aylar şumerlər kimi Həvvaya uyğun ilahələrinə və almaya İva deyirdilər.

Kitabın ən maraqlı fəsillərindən biri “Türk h`ayların Heraklıdır” adlanır. Arxaik forması Turuk olan o nəsil e.ö 18-ci əsrdə Troya şəhərini salıb.

Kitabın “Əsli və Kərəm Davud oğlu Süleyman dönəmində” fəslində isə iki qədim kult Əsli və Kərəmin taleyi əksini tapıb.

Vəsaitdən dilçi və ədəbiyyatşünas alimlər, tarixçilər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin geniş oxucu kütləsi istifadə edə bilər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015