AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Filologiya üzrə fəlsəfə doktoru, dosent Sərxan Xavərinin “Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” kitabı nəşr olunmuşdur
Sen 10, 2020 | 04:18 / Yeni nəşrlər
Oxunub 131 dəfə

Filologiya üzrə fəlsəfə doktoru, dosent Sərxan Xavərinin “Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” adlı kitabı nəşr olunmuşdur. Kitabda Azərbaycan milli mədəniyyət sistemində akkulturasiya (yad mədəniyyətlə fasiləsiz kontakt situasiyasında milli mədəniyyətin seçim strategiyası) və folklor münasibətlərinin tipoloji özəlliklərindən bəhs edilir. Azərbaycan milli mədəniyyətinin müxtəlif mərhələlərində, xüsusən son iki yüz illik dövrdə Qərb mədəniyyəti ilə təmasının doğurduğu kulturoloji təbəddülatlar, folklorun bu proseslərdə etnointeqrativ funksionallığı, müxtəlif mədəniyyət nümunələrinin formalaşmasında rolu və s. diqqət mərkəzinə gətirilmişdir. Müəllif tərəfindən belə bir fikir irəli sürülmüşdür ki, Azərbaycan mədəniyyətinin  etnik-mədəni sistem olaraq dəqiq modelini bütün parametrlər üzrə (geneoloji, tarixi, kulturoloji, sosioloji, ideoloji, hətta teoloji) müəyyənləşdirmək üçün onun digər mədəni sistemlərlə kontakt məqamları üzərində xüsusilə dayanmaq lazımdır. Çünki istənilən mədəniyyətin sistem bütövlüyü və bu bütövlüyü şərtləndirən etnokulturoloji xüsusiyyətlər (mədəni sistemin müəyyənlik keyfiyyəti)  adi halda olduğundan daha çox, yad mədəniyyətlərlə  aktiv təmas məqamlarında daha qabarıq özünü göstərir.

Kitabda “Azərbaycan folkloru funksional struktur sistemi kimi: akkultural-tipoloji kontekst”, “Azərbaycan milli mədəniyyəti kulturoloji sistem kimi”, “Azərbaycan mədəni məkanında akkulturasiya və folklorun etnointeqrativ funksionallığı”, “Milli tarixin taleyüklü akkultural situasiyaları və folklor” kimi elmi problemlərdən bəhs edilmiş, aşağıda qeyd olunan elmi suallara cavab axtarılmışdır:

  • Etnosistemin tarixi inkişaf prosesində formalaşdırdığı milli mədəniyyət digər mədəniyyətlərlə intensiv təmas situasiyasında hansı sosial-mədəni və mənəvi-psixoloji təbəddülatları keçirir?
  • Bu təbəddülatlar nəticəsində etnokulturoloji sistem hansı yeni keyfiyyətlər kəsb edir?
  • Qazanılan yeni mədəni keyfiyyətlə milli mövcudluq arasındakı qarşılıqlı şərtlənmə nə səviyyədədir?
  • Akkultural situasiyada folklorun milli mədəniyyət sistemində əsas tənzimləyici parametr kimi iştirakı nədən ibarətdir?

Folklorun akkultural situasiyalarda milli mədəni sistem bütövlüyünü funksional mexanizmlər vasitəsilə reallaşdırmasını nəzərə alaraq, xalq mədəniyyətinin müxtəlif mətn tiplərinin funksional semantikası ilə bağlı bir sıra araşdırmalar da kitaba daxil edilmişdir.

Kitab akademik elmi dairə, ali təhsil müəssisələrinin tələbələri, o cümlədən, folklorşünaslıq, mədəniyyətşünaslıq, sosiologiya və s. kimi sahələrin mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015