AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Folklor İnstitutunun elmi işçisi “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
İyl 29, 2020 | 03:11 / Mühüm hadisələr
Oxunub 21 dəfə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2020-ci il tarixli Sərəncamına əsasən, AMEA Folklor İnstitutunun  aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Albalıyev Şakir Əlif oğlu “Tərəqqi” medalı ilə təltif olunmuşdur. O, bu yüksək mükafata ölkə mətbuatındakı uzun müddətli səmərəli ədəbi-publisistik fəaliyyəti ilə bağlı olaraq layiq görülmüşdür. Qeyd edək ki, Şakir Albalıyev bu vaxta qədər dövri mətbuatdakı fasiləsiz çıxışlarına görə “Qızıl qələm”, “Araz”, “Vicdanlı qələm”, “Peşəkar jurnalist”, “Ömər Faiq Nemanzadə”, “Abdulla Şaiq” və başqa bu kimi ali ədəbi media mükafatları, diplomlar və fəxri fərmanlar da almışdır.

2004-cü ildən AMEA-nın Folklor İnstitutunda elmi işçi kimi elmi fəaliyyətə başlayan Şakir Albalıyev 2006-cı ildə “Azərbaycan məişət nağıllarında Şah obrazı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

O, 50-dən çox elmi məqalə, 6 kitab müəllifidir. Hazırda “Azərbaycan xalq bayramlarının ritual-mifoloji əsasları və etnokulturoloji  semantikası” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.

Folklor İnstitutunun təşkil elədiyi konfranslarda və elmi tədbirlərdə fəal çıxışlar edən Şakir Əlif oğlu Albalıyev bir alim kimi həmişə aktual elmi mövzulara orijinal elmi baxışları ilə diqqəti cəlb edir. İnanırıq ki, o, dövlətimizin başçısı tərəfindən təltif olunduğu bu yüksək mükafata  özünün əzmkarlığı və istedadı sayəsində yeni-yeni mükafatlar və təltiflər əlavə edəcəkdir.

Alim həmkarımızı ürəkdən təbrik edir, uğurlar arzulayırıq!

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015