AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Vətənin qurtuluş savaşına başçılıq edən lider
İyn 17, 2020 | 01:18 / Müsahibələr, çıxışlar
Oxunub 162 dəfə

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı dövlətçilik tariximizə yeni və şanlı səhifə açdı.

Əgər müstəqilliyi qazanmaq ilkin şərtdirsə, onu qoruyub saxlamaq və inkişaf etdirmək ondan da çətin və məsuliyyətli vəzifədir. Bu şərəfli və müqəddəs missiya isə məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və dəmir iradəsi sayəsində reallığa çevrildi.

Təəsüflər olsun ki, 1991-ci ildə müstəqilliyini yenicə əldə etmiş gənc ölkəmizin müstəqillik tarixinin ilk illəri çox ağır və məşəqqətli dövrü əhatə etdi.

Bir yandan tarixi torpaqlarımıza qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanın ölkəmizə hərbi təcavüzü, digər yandan daxildə baş verən özbaşınalıq, hərcmərclik hallarının hökm sürməsi və onun törətdiyi ağır fəsadlar. Bütün bu kimi ağır siyasi və hərbi tənəzzül fonunda dövlətin güc strukturları da daxil olmaqla ümumilikdə mövcud siyasi hakimiyyətin zəifliyi, çarəsizliyi isə respublikada onsuz da ağır və acınacaqlı vəziyyəti daha da gərginləşdirmişdi.

Hətta ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin həyata keçirdikləri cinayət əməlləri nəticəsində baş verən qardaş qırğını ölkəni vətəndaş müharibəsi səviyyəsinə gətirib çıxarmışdı.

Belə ki, 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi və cinayətkar fəaliyyəti ölkəni tamamilə xaosa sürükləmişdi. Vəziyyəti nəzarətə almaq məqsədilə hakimiyyətin həyata keçirdiyi naşı tədbirlər isə mövcud vəziyyəti daha da ağırlaşdırmış, çıxılmaz və çətin vəziyyətə gətirib çıxarmışdı.

Digər tərəfdən Respublikamızın bəzi bölgələrində müəyyən qüvvələrin dəstəyi ilə məqsədli şəkildə separatçılıq və bölücülük meyllərinin baş qaldırması isə Azərbaycanın bir dövlət kimi varlığını şübhə altına almışdı.

Məhz bu cür son dərəcə çətin, mürəkkəb və ziddiyyətli siyasi şəraitdə ölkəni parçalanma və məhv olma təhlükəsindən xilas edəcək, onu parlaq gələcəyə daşıyacaq qüdrətli dövlət xadiminə ehtiyac duyulurdu.

Beləliklə bu taleyüklü, ağır dövrdə dövlətin gələcək taleyinə biganə qalmayan, xalqın çağırışına səs verən böyük siyasətçi Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış mövcud siyasi böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı.

Vətənimizin parçalanma və məhv olma təhlükəsi ilə üz-üzə qaldığı bir dönəmdə yenidən hakimiyyətə qayıdan Ulu öndər böyük risklərə, maneələrə və çətinliklərə baxmayaraq, xalqın qurtuluşu naminə Naxçıvandan başlayan şanlı qurtuluş savaşının davamı olaraq, yeni tarixi missiyanı da cəsarətlə öz üzərinə götürdü.

Ulu öndər Heydər Əliyev ilk növbədə, ölkədə hökm sürən özbaşınalığa son qoyaraq, ölkəni bürüyən ictimai-siyasi böhranı aradan qaldırdı, respublikada uzun müddətdir davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Nəticədə ölkədə əmin-amanlıq mühiti bərqərar oldu.

Öz qətiyyəti və siyasi iradəsi sayəsində Ümummilli lider Heydər Əliyev ən qısa müddətdə ölkəni bürümüş ağır böhranı aradan qaldıraraq ölkənin gələcək inkişaf strategiyasının bünövrəsini təşkil edən ictimai-siyasi sabitliyi bərqərar etməklə, milli dövlətçiliyimizin konsepsiyasını da yaratmış oldu.

Eyni zamanda uzaqgörən dövlət xadiminin apardığı müdrik siyasət nəticəsində yeni və müasir dövrün tələblərinə uyğun olaraq iqtisadi, sosial, hərbi və digər sahələrdə əsaslı, köklü şəkildə islahatlar həyata keçirildi. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başladı, Azərbaycan dünya birliyinə inteqrasiya etdi.

Beləliklə 15 iyun tarixi respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrildi. Ölkənin gələcək inkişaf konturları cızılmış oldu.

Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi ölkədə böhrana son qoydu, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında sıx birləşdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumaqla yanaşı onun müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi də inkişafının təməlini qoydu.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan parlamentinin sədri seçilməsi eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını da təmin etmiş oldu.

Belə ki, parlamentin cəmiyyətdəki itmiş nüfuzunun yenidən özünə qaytarılması onun sağlamlaşdırılması tədbirlərinə başlanıldı. Ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, siyasi xaosun, etik qaydalara sığmayan davranışların qarşısı alındı. Müzakirə və diskussiyalar sivil və demokratik qaydalar çərçivəsində aparıldı, qısacası parlament idarəçiliyinə yeni düzən və müasirlik gətirildi.

Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın şanlı tarixinə vətənin qurtuluş savaşına başçılıq edən canından çox sevdiyi əziz, doğma xalqını tarixin qanlı burulğanlarından zərərsiz çıxara bilən, onu yox olmaq təhlükəsindən xilas edib var olma mərhələsinə daşıyan, dövlətçiliyimizin xilaskarı, qalibi kimi daxil oldu.

Hazırda Ümummilli lider Heydər Əliyevin şah əsəri - müstəqil Azərbaycan məhz onun miras qoyduğu dövlətçilik prinsipləri əsasında prezident İlham Əliyevin rəhbərliyi ilə mükəmməl şəkildə idarə edilərək parlaq gələcəyə doğru böyük inamla irəliləyir.

Qədirbilən xalqımız isə hər il 15 iyunu - Milli Qurtuluş Günü kimi qeyd edir, böyük xilaskarının xidmətlərinin unudulmadığının bariz göstəricisi olaraq Ulu öndərin məzarını ziyarət edir, onu böyük minnətdarlıq hissi ilə anır.

 

Coşqun Məmmədov

 AMEA Rəyasət Heyətinin elmi katibi

“Elm” qəzeti, 12 iyun2020-ci il

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015