AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
MƏDƏNİYYƏT KANALININ QONAĞI OLAN ALİMİMİZ ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVLƏ BAĞLI MARAQLI FAKTLARDAN DANIŞIB
Fev 20, 2020 | 03:00 / Müsahibələr, çıxışlar
Oxunub 98 dəfə

Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, böyük yazıçı, ictimai-siyasi xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyininqeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamla əlaqədar AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən bir sıra tədbirlər planlaşdırılıb.
Tədbirlər planı çərçivəsində fevralın 19-da institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov AzTV-də (Mədəniyyət kanalında) yayımlanan “Səhərçağı” verilişinin qonağı olub. Ədibin yaradıcılığının öyrənilməsinə hələ onun sağlığında böyük maraq göstərildiyini qeyd edən alim bu gün də onun ədəbi irsinin tədqiqatçıların hədəfində olduğunu, yeni yanaşmaların meydana çıxdığını bildirib. Əzizağa Nəcəfov Əbdürrəhim bəyin hərtərəfli istedadının yalnız Azərbaycan mədəniyyətinə işıq saçmadığını, onun məhz dünya səviyyəli bir şəxsiyyət kimi UNESCO-nun diqqətmərkəzində olduğunu vurğulayıb.
Yazıçının Əlyazmalar İnstitutunda qorunan 210 saxlama vahidindən ibarət şəxsi arxivi haqqında söz açan Əzizağa Nəcəfov bildirib ki, burada 1881-ci ildən 1939-cu ilə qədər olan materiallar, o cümlədən ədibin siyasi və ədəbi fəaliyyətinə dair maraqlı sənədlər, əlyazma nüsxələri saxlanılır.
Haqverdiyevin yaradıcılığı istiqamətində institutda aparılan tədqiqat işlərindən danışan alim əlavə edib ki, yazıçının Əlyazmalar İnstitutunda qorunan arxivi elektronlaşdırılır. Əzizağa Nəcəfov institutda çalışan tədqiqatçılar tərəfindən zaman-zaman Haqverdiyev irsinin araşdırıldığını və bu gün də tədqiqatların davam etdiyini vurğulayıb.
Sonda Əzizağa Nəcəfov qeyd edib ki, Əlyazmalar İnstitutunda Haqvediyevin indiyədək işıq üzü görməyən əsərləri çapa hazırlanır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015