AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
21 fevral – Beynəlxalq Ana Dili Günüdür
Fev 21, 2020 | 09:50 / Mühüm hadisələr
Oxunub 64 dəfə

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu günün tarixi UNESCO tərəfindən 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə həmin günü Beynəlxalq Ana Dili Günü elan etməsi ilə başlayır. Belə ki, 1952-ci ilə fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri tərəfindən fevralın 21-nin məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi ana dili günü adlandırılması haqqında müraciət edilib. Beləliklə, UNESCO-nun baş konfransında 21 fevral – Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrin həmin gün məktəblər, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfrans və seminarlar keçirməsi tövsiyə olunub.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Beynəlxalq Ana Dili Gününün builki mövzusu “Sərhədsiz dillər” mövzusuna həsr olunub. UNESCO-nun rəsmi veb-saytında qeyd olunur ki, dil və mədəni müxtəlifliyin tanınması və hörmət edilməsi cəmiyyətlərin birliyini möhkəmləndirməyə kömək edir. Bunlar cəmiyyətlər daxilində, eləcə də cəmiyyətlər arasında daha davamlı bir sülhün təməlidir.

Ölkəmizdə də ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Bir müddət sonra bu dil dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının ana dili ilə bağlı imzaladığı sərəncam və fərmanlar, eləcə də bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Azərbaycan dilinin daha da inkişaf etdirilməsi və zənginləşdirilməsi, qloballaşma şəraitində ana dilindən istifadənin imkanlarının genişləndirilməsi istiqamətində AMEA-da da mühüm işlər görülür, ölkə rəhbərliyinin müvafiq sərəncam və fərmanlarının icrası istiqamətində tədbirlər həyata keçirilir. Belə ki, AMEA-nın müvafiq elmi qurumları AR Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanından irəli gələrək “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın hazırlanmasında yaxından iştirak edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015