AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik Rafael Hüseynovun “Məkansız və zamansız” kitabı işıq üzü görüb
Dek 30, 2019 | 10:16 / Konfranslar, iclaslar
Oxunub 190 dəfə

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun mütəfəkkir şairin anadan olmasının 650 illiyinə həsr edilmiş “Məkansız və zamansız” adlı kitabı işıq üzü görüb.

Kitabda dahi söz ustadının mübarizəli həyat yolunun ayrı-ayrı məqamlarını orta əsr məxəzləri əsasında təsvir edən Rafael Hüseynov Nəsiminin 3 dildə yaratdığı zəngin ədəbi irsdən bəhs edir. 

Nəşrdə İmadəddin Nəsiminin araşdırılmasında və xalqa təqdimində əməkləri olan klassik təzkirəçilərdən tutmuş, Salman Mümtaz, İsmayıl Hikmət kimi araşdırıcılaradək, eləcə də onlardan sonrakı nəsillərin mətnşünas və alimlərinin əsərləri yüksək dəyərləndirilir. Kitabın məziyyətlərindən biri də ondan ibarətdir ki, Nəsimi haqqındakı esse Azərbaycan dilindən başqa, ingilis, rus və türk dillərində də verilir. Bu isə öz növbəsində, əcnəbi oxucuların Nəsiminin ömür yolu, söz və sənət dünyasını daha yaxından görüb-tanımasına meydan açır.

Kitabda, həmçinin Azərbaycanın görkəmli rəssamları Sadıq Şərifzadənin, Mikayıl Abdullayevin, Oqtay Sadıqzadəninz, Maral Rəhmanzadənin və başqalarının İmadəddin Nəsiminin həyat yoluna aid tabloları və ayrı-ayrı qəzəllərinə çəkdikləri illüstrasiyalar da yer alıb. Eyni zamanda, nəşrdə son yarım əsr içərisində Nəsimiyə həsr edilmiş müxtəlif dekorativ-tətbiqi sənət nümunlərindən fraqmentlər də əksini tapıb.

Məkana və zamana sığmayan, ana dilimizin və bədii təfəkkürümüzün inkişafına, həmçinin Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatına güclü təsir göstərən, insanı ülviləşdirərək ilahi mərtəbəyə ucaldan Nəsiminin bütün dövrlərin sevimli şairi olması və həmişə də belə qalacağı kitabın başlıca qayəsini təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015