AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Görkəmli dilçi alim Zərifə Budaqovanın xatirəsi anılıb
Dek 30, 2019 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 16 dəfə

Dilçilik İnstitutunda görkəmli dilçi alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Zərifə Budaqovanın 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Zərifə Budaqova bütün ömrünü Azərbaycan dilinin qrammatik quruluşunun öyrənilməsinə, tədqiqinə həsr edib. Alim Azərbaycan dilçiliyində müasir Azərbaycan dili sahəsinin yaradıcılarından, qrammatika sahəsinin aparıcı mütəxəssislərindən biri olub.

İnstitut direktoru qeyd edib ki, Z.Budaqovanın əsas elmi tədqiqat istiqamətləri Azərbaycan dilinin morfologiyası, sintaksisi, üslubiyyatı, dil əlaqələri, tətbiqi dilçilik, xüsusən də punktuasiya məsələlərini əhatə edib. Onun Azərbaycan dilçiliyinin və türkologiyanın aktual problemlərinə dair 10 monoqrafiya və dərsliyi, dilçiliyin nəzəri və əməli məsələlərinə aid 150-yə yaxın elmi əsəri çap olunub.

Diqqətə çatdırılıb ki, alim 1953-cü ildə "Müasir Azərbaycan dilində tərz kateqoriyası" mövzusunda namizədlik, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. O, Azərbaycan dilçilik elmində ilk qadın alim kimi elmlər doktoru elmi dərəcəsini alıb.

Daha sonra professorlar İsmayıl Məmmədli, Məsud Mahmudov, Sayalı Sadıqova, filologiya elmləri doktoru Kamilə Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova və digərləri çıxış edərək Z.Budaqovanın ölkəmizdə dilçilik elminin inkişafında və kadr hazırlığındakı xidmətlərindən bəhs edib, alimlə bağlı xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015