AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycan humanitar elminin böyük uğuru
Fev 03, 2020 | 01:00 / Müsahibələr, çıxışlar
Oxunub 132 dəfə

 

Akademik İsa Həbibbəylinin Moskvada gözəl bir kitabı işıq üzü görmüşdür: "Literatura, vremya, sovremennost" (M., "Xudojestvennaya literatura", 2019).

Gözəl, sanballı, mükəmməl... - o qədər ki, bugün dünyada hər cür bütöv təsəvvür və sahmanların dağıldığı bir vaxtda Azərbaycan ədəbiyyatının tarixi və çağdaş obrazını bundan aydın, nizamlı, tam və dolğun təqdim etmək bəlkə də mümkünsüz, - deyərdim. Kitabın anında və yerindəcə Moskvada, Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Ədəbiyyat İnstitutunda möhtəşəm təqdimatı da olmuş (16 dekabr 2019-cu il); bu barədə mən kitabın məsul redaktoru və rus dilində səslənməsində böyük zəhmətləri keçən, filologiya elmləri doktoru, Rusiya Xarici İşlər Nazirliyi nəzdində Moskva Humanitar Beynəlxalq Əlaqələr Universitetinin (bir zamanlar məşhur MQİMO-nun) professoru Abuzər Bağırovun, şöbəmizin əməkdaşı, filologiya elmləri doktoru Salidə Şərifovanın canlı təəssüratlarından və bir də internet aləmindən bildim; təbrik və sevincək şərhimə onu da əlavə etdim ki: sanki Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Maksim Qorki adına Ədəbiyyat İnstitutunu canlandırmağa gəlmiş. Hər bir zarafatda həqiqət payı da olur; bu günlərdə eşitdik ki, M.Qorki adına Ədəbiyyat İnstitutunun Elmi Şurası akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasının (Bakı, "Elm", 2019) rus dilində nəşrinə qərar vermiş...

"Literatura, vremya, sovremennost" ("Ədəbiyyat, zaman, müasirlik") kitabının özəlliyi nədədir? Böyük narrativlərin sındığı, populyarlığını itirdiyi dəmdə, akademik İsa Həbibbəyli böyük tarixi məsələləri, bu halda Azərbaycan ədəbiyyatının tarixi, dünəni, bugününü və eyni zamanda, Azərbaycan ədəbiyyatının nümunəsində "ədəbiyyata, zamana və çağdaşlığa" akademik sorğu və cavablarını olduqca mütəhərrik formada, çağa, zamana uyğun, çevik strukturda rus oxucusuna, rus elmi-ədəbi ictimaiyyətinə çatdıra bilir. Kitab bir sıra bölmələrdən ibarətdir: "Teoriya literaturı" ("Ədəbiyyat nəzəriyyəsi"), "Vzqlyad na azerbaydjanskuyu literaturu" ("Azərbaycan ədəbiyyatına bir nəzər"), "Renessans v azerbaydjanskoy literature" ("Azərbaycan ədəbiyyatında renessans"), "Srednevekovaya azerbaydjanskaya literatura" ("Orta əsrlər Azərbaycan ədəbiyyatı"), "Rannyaya novaya epoxa" ("Erkən Yeni dövr"), "Kritiçeskiy realizm" ("Tənqidi realizm"), "Romantizm" ("Romantizm"), "Azerbaydjanskaya literatura sovetskoqo perioda" ("Sovet dövrü Azərbaycan ədəbiyyatı"), "Klyatva nezavisimosti" ("Müstəqillik andı"), "Fokloristika i kultura" ("Folklorşünaslıq və mədəniyyət"), "Rossiyskaya obşestvenno-literaturnaya sreda" ("Rusiya ictimai-ədəbi mühiti"), "Mirovaya literatura" ("Dünya ədəbiyyatı"), "Sxodnıye literaturnıye sudbı" ("Oxşar ədəbi talelər"), "Qorizontı nauki" ("Elmin üfüqləri").

Akademik İsa Həbibbəylinin son illər ədəbiyyatşünaslığının böyük uğuru, "Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"ni ortaya qoyan fundamental monoqrafiyasının adını çəkdik. İsa Həbibbəyli rus elmi-ədəbi ictimaiyyətinin qarşısına sadəcə həmin monoqrafiya ilə də çıxa bilərdi, amma inanmıram, dərhal eyni effekti verəydi; daha bir "MDB ədəbiyyatı" (hələ demirəm ki, boyat "sovet yaddaşı"yla), "əyalət ədəbiyyatı" ilə tanış olduq deyib, üstündən ötə də bilərdilər. Akademik İsa Həbibbəyli "Literatura, vremya, sovremennost" ("Ədəbiyyat, zaman, müasirlik") kitabında rus ədəbi-mədəni ictimaiyyəti ilə yığcam oçerklərlə danışmağı, ünsiyyət qurmağı qərar verir; bu, oxucunun marağını, təsəvvürlərini, xəyalatını tədricən, hissə-hissə işğal etməyə, qazanmağa, düşündürməyə, ən nəhayət, yaxından dialoqa imkan verir. Belə struktur həm kitabın çeşidli mövzu-problematikasını təqdim etmək, həm də akademikin özünün yaradıcılıq üfüqlərini, tədqiqatının genişliyini, miqyas və əhatəsini görükdürmək üçün əlverişlidir.

Kitabda bölmələrin rəngarəngliyi, amma eyni zamanda, oxucunun diqqətini vahid ideya əsasından da yayındırmır və bu, nəşrin monoqrafik formatını təmin edir. Aydın görünür ki, əslində, akademik İsa Həbibbəylinin bir tədqiqat predmeti var - Azərbaycan, Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti; bir məramı var - Azərbaycançılıq!; bir amalı var - çağdaş Azərbaycan varlığını dünyada tanıtmaq! Bu ali niyyətlə müasir rus auditoriyası qarşısına çıxan akademik İsa Həbibbəyli eyni zamanda, müasir Azərbaycan humanitar elminin gücü və sanbalını da nümayiş etdirə bilir.

Kitabın "Ədəbiyyat nəzəriyyəsi" bölməsi əsasən akademik İsa Həbibbəylinin ədəbiyyat tarixçiliyi baxışları və araşdırmalarını təqdim edir. Belə ki, "Literatura i vremya" ("Ədəbiyyat və zaman") adlı ədəbiyyat, zaman və onların dialoqu barəsində düşüncələrdən ibarət orijinal essedən sonra, bizdə son illərin ən fundamental ədəbiyyatşünaslıq tezisləri - "Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" gəlir.Tezislərdə akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixinin iki, bir-birindən çox uzaq təsnifatını - sovet dönəmindəki beş bənddən və özünün təklif etdiyi on bənddən ibarət dövrləşdirmə konsepsiyalarını yanaşı qoyur və yeni, kökündən fərqli "Azərbaycan ədəbiyyatı tarixçiliyi" nəzəriyyəsində hansı prinsiplərdən çıxış etdiyini şərh edir: 1) Azərbaycançılıq ideyası; 2) Sivilizasiya faktoru; 3) Ədəbi cərəyanlar; 4) Tarixi-ədəbi prosesin reallıqları.

Burada rus oxucusuna tanış olmayan və güman ki, ən çox maraq doğurası məqam "Azərbaycançılıq ideyası"dır. Təsadüfi deyil ki, bunu nəzərə alıb, akademik İsa Həbibbəyli kitaba "Konsepsiya azerbaydjanstva" ("Azərbaycançılıq konsepsiyası") məqaləsini də daxil etmiş və məqalədə bugün ideyadan reallığa çevrilən azərbaycançılığın nəzəri əsaslarını yeddi başlıq və 36 bənddə şərh etmişdir: I. Azərbaycançılıq ideologiyası; II. Azərbaycan xalqı; III. Azərbaycan dövlətçiliyi; IV. Azərbaycan dili; V. Milli-mənəvi dəyərlər; VI. Azərbaycan ədəbiyyatı; VII. Azərbaycanşünaslıq. Və akademikin bölməyə daxil etdiyi digər məqalələrin də predmetinə varsaq: "Ranniy realizm v azerbaydjanskoy literature" ("Azərbaycan ədəbiyyatında erkən realizm"), "Prosvetitelskoye dvijeniye i prosvetitelskiy realizm" ("Maarifçilik hərəkatı və maarifçi realizm"), "Epoxa kritiçeskoqo realizma" ("Tənqidi realizm epoxası"), "Romantizm i sentimentalizm" ("Romantizm və sentimentalizm"), "Azerbaydjanskaya literatura sovetskoqo perioda: proçessı i tendensii" ("Sovet dövrü Azərbaycan ədəbiyyatı: proseslər və tendensiyalar"), "Dvijeniye şestidesyatnikov v azerbaydjanskoy literature i modernizm" ("Azərbaycan ədəbiyyatında altmışıncılar hərəkatı və modernizm"), "Epoxa nezavisimosti i novıye literaturnıye teçeniya" ("Müstəqillik epoxası və yeni ədəbi cərəyanlar") məqalələrində yalnız "ədəbiyyat tarixçiliyi"nin Azərbaycan ədəbiyyatı müstəvisində nəzəri problemləri, təzahür və inkişaf mexanizmi, tarixi-ədəbi qanunauyğunluqları və özəllikləri şərhini, təhlilini tapmaqla qalmır, eyni zamanda, akademik burada bütöv bir epoxa - son beş əsr ərzində Azərbaycan varlığının, azərbaycançılığın gəlişmə və təntənəsini də əsaslı şəkildə nümayiş etdirir.

Əslində, akademik İsa Həbibbəylinin məqalələrində Azərbaycan ədəbiyyatı fonunda həmçinin, bütünlükdə Azərbaycan mədəniyyəti, Azərbaycan tarixi söz alıb danışır. "Danışır" və "sivilizasiya faktoru"nu ansaq, önəmlidir ki, çağdaş dünya mədəniyyəti kontekstində arayıb yerini və izahını da tapır. Bu zaman biz Yeni dövrün (Azərbaycanda XVII-XVIII əsrlərdən başlayaraq) hər yerdə tipoloji eyniyyətilə birgə, bizdə fərqli təzahürlərinə də diqqət kəsilirik; akademik İsa Həbibbəyli məxsusən belə məqamlarda israrlıdır. Deyək, dünya ədəbiyyatında "cərəyanlar tarixi" əksərən romantizm və realizm hadisələrinin tədricən, ikincisinin birincini əvəzləməsi ilə xarakterikdir. Çün romantik illüziyaların bitdiyi yerlər artıq realizm əraziləridir. Bizdə hər iki hadisə eyni vaxta, XX əsrin əvvəllərinə təsadüf edir. Akademik bu barədə özünəqədərki nəzəri fikirləri tənqidi şəkildə ələyərək, bu mövqeyə gəlir ki: "Bütövlükdə tənqidi realizm XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında epoxanın aparıcı ədəbi hərəkatını təmsil edir" (s. 57). Zaman realizmin zamanıdır. Bununla belə, İsa Həbibbəyli zamanın mürəkkəbliyinə də göz yummur, digər ədəbi cərəyanların da haqqına girmir. XX əsrin əvvəllərinin digər ölkələrdə də qarışıq, "paralel və qarşılıqlı əlaqədə müxtəlif ədəbi cərəyanlar" doğurduğu, "Məsələn, XX əsrin əvvəllərində rus ədəbiyyatında paralel tənqidi realizm, maarifçi realizm, simvolizm, akmeizm, futurizm və s.-in" mövcudluğu, "Türkiyədə XIX əsrin sonlarından başlayaraq, xüsusən də XX əsrin əvvəllərində yazıçıların naturalizm, simvolizm, romantizm kimi cərəyanlarda qruplaşması" (s. 59) faktlarını misal gətirərək, yeni bir nəzəri postulat irəli sürür: "XX əsrin əvvəllərində Azərbaycanda tənqidi realizm, romantizm və sentimentalizm kimi ədəbi cərəyanların mövcudluğu epoxanın aparıcı ədəbi istiqamətini müəyyənləşdirmək üçün onlar arasında təsnifat aparmağı tələb edir. Müşahidələr göstərir ki, bu mərhələdə tənqidi realizm aparıcı olmuşdur. Buna görə də XX əsrin əvvəllərinin ədəbiyyatı bütövlükdə "Molla Nəsrəddin" və ya tənqidi realizm mərhələsi adlanır. XX əsrin əvvəllərinin maarifçi realizmi də, bu cərəyanın XIX əsrdən gələn davamı olaraq, ideya-estetik keyfiyyətlərinə görə yeni epoxanın tənqidi realizminə yaxınlaşır..." (s. 60) Akademik eyni "qarışıq" prosesləri digər ədəbi cərəyanlarda da müşahidə edir: "XX əsrin əvvəlləri Azərbaycan sentimentalizmi bir çox cəhətdən romantizmlə bağlıdır. Burada da dominantlıq romantizmə məxsusdur. Bu səbəblərdən XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının tənqidi realizm və romantizm epoxası olaraq təsnifatı epoxanın ideya-estetik mənzərəsini tamlıqda əks etdirir" (s. 60).

Başqa bir misalı "Azərbaycan ədəbiyyatında altmışıncılar hərəkatı və modernizm" məqaləsindən gətirmək olar. Akademik İsa Həbibbəyliyə qədər də "altmışıncılar"ın ayrı-ayrı nümayəndələrində modernizm təzahürlərini axtaran və təsbit edənlər olmuşdur. Amma altmışıncılar hərəkatını bilavasitə modernizm hadisəsi kimi şərh etmək və bu formatda elmi təsnifata cəlb etmək cəhdi məhz akademik İsa Həbibbəylinin hünəridir. Akademik yazır: "Altmışıncıların fəaliyyəti, ideya-estetik mövqeləri sosialist realizmi metodunun sərhədlərinə sığışmır, yaradıcılıqlarının ümumi ideya-üslub istiqaməti daha çox müstəqil ədəbi cərəyan formatına uyğun gəlirdi. Amma rəsmiyyətə görə sovet dövründə sosialist realizmindən kənarda hər hansı başqa yaradıcılıq metodu, yaxud ədəbi cərəyanın rəsmi qeydiyyatını təsəvvür etmək belə olmazdı" (s.109).

Daha bir cəsarətli, "modernizm" axtarışını izləyək. O dövrdə modernizmin mənbəyi üzərində düşünərkən, İsa Həbibbəyli sosialist realizminin özünün də klassik realizmdən kəskin fərqləndiyini vurğulayır: "Bu mərhələdə hətta modernist görüşlərə malik məşhur sənətkarlar da üzə çıxdı. Belə ki, məsələn, Xalq şairi Rəsul Rzanın və onun ardıcıllarının yaradıcılığı həqiqi modern ədəbiyyat nümunələri olub, buna qədərki klassik poeziya ənənələrindən fərqlənir. R.Rzanın Azərbaycan poeziyasında yeni tipli sərbəst şeir məktəbi yaratmış məşhur "Rənglər" silsiləsi sovet poeziyasında tamamilə yeni hadisə idi..." (s. 108) Bununla belə, akademikin fikrincə, "sosialist realizminin siyasi səciyyəsi", "partiyalılıq və sinfilik prinsipinə əsaslanması" sovet dönəmində bu istiqamətin inkişafının qarşısını almışdır; üstəlik, onu da əlavə edək ki, 1960-cı illərin əvvəllərində, sosialist mədəniyyəti qarşısında böyük xidmətlərinə baxmayaraq, hətta Xalq şairinin də (!) "Rənglər"ə görə mənəvi təqiblərə məruz qalması həmin müddəanı təsdiqləmiş olur. Belə ki, akademik İsa Həbibbəylinin sovet ideoloji mühiti içərisində belə XX əsrin modern axtarışlarına diqqət yönəltməsi çağdaş nəzəri fikir qarşısında yeni üfüqlər aça bilər...

"Ədəbiyyat nəzəriyyəsi" bölməsində ədəbiyyat tarixçiliyi məsələləri ilə birgə, həmçinin, akademiki çoxdan məşğul edən, satiranın bir ədəbi növ olaraq epik, lirik, dramatik növlərlə yanaşı durmasına dair mülahizələrini əks etdirən "Satira - kak literaturnıy rod" ("Satira - ədəbi növ kimi") və "Slovo o satire v literature" ("Ədəbiyyatda satiraya dair") məqalələri də yer almışdır.

Kitabda akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixçiliyinin nəzəri əsaslarını şərh etdikdən sonra növbəti bölmələrdə rus oxucusuna əyani olaraq milli ədəbiyyatın tarixi səhifələrini, keçdiyi yolları, canlı praktikasını tanıdır. Və bu dəfə daha qədimlərdən başlayaraq milli varlığın formalaşdığı dövrdən tədricən çağdaşlığa adladığı ədəbiyyatın təcrübəsindən söz açır. "Literatura Azerbaydjana: boqatıye xudojestvennıye tradisii i sovremennost" ("Azərbaycan ədəbiyyatı: zəngin bədii ənənələr və müasirlik"), "Velikiy azerbaydjanskiy poet Nizami Qyandjevi" ("Böyük Azərbaycan şairi Nizami Gəncəvi"), "Azerbaydjanskiy poet ne vmeşayuşiysya vo vselennuyu (İmadəddin Nasimi)" ("Kainata sığmayan Azərbaycan şairi (İmadəddin Nəsimi)", "Poet, dostoynıy imeni Molla Panax" ("Molla Pənah adına layiq şair"), "Azerbaydjanskiy pisatel-demokrat i obşestvennıy deyatel Djalil Mamedquluzade" ("Azərbaycanın demokrat yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadə"), "Pisatel i publiçist Eynali bek Sultanov" ("Yazıçı və publisist Eynəli bəy Sultanov"), "Quseyn Djavid i yeqo tvorçestvo" ("Hüseyn Cavid və onun yaradıcılığı"), "Slovo o narodnom poete Samede Vurqune" ("Xalq şairi Səməd Vurğun haqqında söz"), "Put bolşoy literaturı" ("Böyük ədəbiyyatın yolu"), "Mir statusov i sms Raşada Madjida, ili Vvedeniye v literaturu soçialnıx setey" ("Statuslar dünyası və Rəşad Məcidin sms-ləri və ya sosial şəbəkə ədəbiyyatına giriş" məqalə və icmal-oçerklərində Azərbaycan ədəbiyyatının bütöv mənzərələri, məşhur simaları ilə tanışlıqdan keçib, rus oxucusu son halda nələri hasil edir və nəyə heyrətlənə bilər? Şəksiz ki, ədəbiyyatımızın qədimiliyi və zənginliyinə, renessans səciyyəli olmasına (təkcə Nizami dövründə deyil, eləcə də orta əsrlərdə, Molla Pənah dövründə, XX əsrin əvvəllərində), dünyaya açıqlığı, inteqrasiya gücünə (qədim və orta əsrlər Şərq ortaqlığı və maarifçilik, realizm, romantizm, sosrealizm, modernizm və hətta postmodern kimi çağdaşlıq təzahürlərində), amma daha da çox ənənə səbatı, dərin köklər üzərində gəlişməsinə və s. Akademik İsa Həbibbəyli kitabdakı ədəbiyyat tarixi oçerklərində çağdaş azərbaycançılığın mahiyyətini, sirrini, müstəqil Azərbaycanın nədən "belə məğrur dayanmaqda haqlı" olduğunu açıb nümayiş etdirə bilmişdir.

Akademik İsa Həbibbəylinin "Literatura, vremya, sovremennost" ("Ədəbiyyat, zaman, müasirlik") kitabı olduqca informativdir. Vurğuladığımız kimi, hər şeydən öncə, kitab akademikin elmi maraq dairəsinin genişliyini və çağdaş mədəni düşüncəyə son dərəcə həssaslığını ortaya qoyur. "Folklor və mədəniyyət"dən danışarkən: Təpəgöz motivinə məhz dünya koordinatlarında münasibət ("Motiv Tepeqyoza (Siklopa) v dastane "Kitabi-Dede Qorqud" i v mirovoy epiçeskoy tradisii" - "Kitabi-Dədə Qorqud" dastanında və dünya epik ənənəsində Təpəgöz (Siklop) motivi"), "Gəmiqaya-Qobustan mədəniyyətindən Orxon abidələri"nə ("Ot Qyamiqaya-Qobustanskoy kulturı do Orxonskix pamyatnikov"), insanlığın "daş yaddaşı"ndan Söz yaddaşına ("Naskalnaya kultura: leqendı i realnosti" - "Qayaüstü mədəniyyət: əfsanələr və reallıqlar") tarixi və mənəvi ekskurslar; "Rus ictimai-ədəbi mühiti"ni konkret və aktual - Azərbaycan-Rusiya əlaqələrinin keçdiyi nöqtələrdə axtarması: "Mixail Şoloxov i azerbaydjanskaya literatura" ("Mixail Şoloxov və Azərbaycan ədəbiyyatı"), "Roman-issledovaniye o smertelnıx sxvatkax (o Nariman Narimanove)" ("Kəskin ölüm-dirim savaşı haqqında roman-tədqiqat - Nəriman Nərimanov haqqında"), "Drujba i sotrudniçestvo" ("Dostluq və əməkdaşlıq"), "İntervyu s laueratom nobelevskoy premii, akademikom Joresom İvanoviçem Alfyorovım" ("Nobel mükafatı lauretı, akademik Jores İvanoviç Alfyorovla müsahibə"), "Ot Kaspiya do Rossiyskoqo Kafkazskoqo Stavropolya" ("Xəzərdən Rusiya Qafqazı Stavropolacan"); "Azərbaycan ədəbi-ictimai fikrində Çin tematikası və onun perspektivləri"ni araşdırıb-müəyyənləşdirməsi ("Kitayskaya tematika v azerbaydjanskoy literaturno-obşestvennoy mısli i yeyo perspektivı"); müasir humanitar elm və mədəniyyət coğrafiyasının tarixən mövcud "İpək yolu" marşrutu üzərində dirçəlməsi və güc tapmasına diqqət ("Osnovnoy kriteriy bolşoy nauki: dialoq i sotrudniçestvo" - "Böyük elmin əsas meyarı: dialoq və əməkdaşlıq"; "Na putyax multikulturalizma: istoriko-literaturnıye tradisii i sovremennaya epoxa"- "Multikulturalizm yollarında: tarixi-ədəbi ənənələr və müasir dövr") və s. kimi məqamlar həmin "genişlik" və "həssaslığ"a bariz misallardır. Bu oçerklərdə akademik İsa Həbibbəyli qələminin cızdığı coğrafiya çağdaş Azərbaycan maraqlarının dünya-dərki və realizə olunduğu yerləri əhatə edir.

Akademik İsa Həbibbəylinin elmi maraq dairəsi yalnız tədqiqatlarda, nəzəri fikir və layihələrdə əksini tapmır, bir çox hallarda layihələrin əməli olaraq gerçəkləşdirilməsi yolu ilə elmin və ədəbiyyatın intişarına xidmət edir. Bunu kitabda daha çox türk xalqları ədəbiyyatlarının "oxşar taleləri"ni hədəfləyən yazılar təqdim edir, göstərir. Həmin yazılar sanki zamanın tələbi ilə yaranır, akademikin türk xalqları ədəbiyyatlarının dünəni, bugünü və sabahını vəhdətdə götürən baxışlarından nəşətlənib, nəzəriyyədən praktikaya yol alır ("Konsepsiya periodizasii istorii tyurkskoy literaturı i opredeleniya etapov yeyo razvitiya" - "Türk ədəbiyyatı tarixinin dövrləşdirmə konsepsiyası və inkişaf mərhələlərinin müəyyənləşdirilməsi"; "Realnosti i strateqiya nauçno-kulturnoqo yedinstva tyurkskix narodov" - "Türk xalqları birliyinin elmi-mədəni reallıqları və strategiyası"; "Faktor nauki i literaturı v formirovanii i razvitii velikix vostoçnıx renessansskix sivilizasiy" - "Böyük Şərq renessans mədəniyyətlərinin təşəkkülü və inkişafında elm və ədəbiyyat faktoru"). Və əksinə, təcrübədə möhkəmlənib yeni fikirlərə meydan verir ("Azerbaydjano-tyurkmenskiye literaturnıye svyazi: obşiye çennosti i bolşoye nauçno-kulturnoye naslediye" - "Azərbaycan-türkmən ədəbi əlaqələri: ümumi dəyərlər və böyük elmi-mədəni irs"; "Veçnıy moqikan literaturı - Çinqiz Aytmatov" - "Ədəbiyyatın əbədi mogikanı - Çingiz Aytmatov"; "İzvestnıy kirqizskiy uçyonıy-literaturoved (Abdıldjan Akmatalıyev)" - "Məşhur qırğız alim və ədəbiyyatşünası (Abdulcan Akmatalıyev)"; "Poetiçeskiye mostı drujbı (Razil Valeyev, Tatarıstan)" - "Poetik dostluq körpüsü- Razil Valeyev, Tatarıstan").

Eyni hərəki məqamı akademik İsa Həbibbəylinin elmşünaslıq araşdırmalarında, humanitar elmlərlə dəqiq və təbiət elmlərinin qarşılıqlı münasibətlərini öyrənən məruzə və məqalələrində də görürük. Kitabda, qeyd olunduğu kimi, "Elmin üfüqləri" ayrıca bölmə kimi yer almış, akademik İsa Həbibbəyli geniş tədqiqatında "Azərbaycan Elmlər Akademiyasının yaranması tarixi və ilk bölmələri" barəsində rus elmi ictimaiyyətində təsəvvür oyatmağı vacib bilmişdir ("İstoriya sozdaniya akademii nauk Azerbaydjana i voşedşiye v neqo pervıye otdeleniya"). Bu, həm ona görə gərəkdir ki, Elmlər Akademiyası strukturu bütün elm sahələrini özündə cəmləşdirən Mərkəz tipi olaraq sabiq sovet zamanlarından hər iki ölkənin mədəni keçmişini və bugününü səciyyələndirir və birləşdirir; demək, qarşılıqlı münasibətlərdə elmi üfüqlərin sabahına da şans verə bilər. Necə ki, akademik İsa Həbibbəylinin təşəbbüsü və layihəsi əsasında 2018-ci ildə bütün MDB ölkələrini Bakıya toplayan və daha sonra Rusiyanın elm və mədəniyyət mərkəzi Dubnada davam tapan "Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları" konfransı həmin perspektivlərə zəmin yaratdı (Kitabda akademikin həmin konfransdakı məruzəsi "Fiziklər və liriklər: dünya təcrübəsi və ölkə reallıqları" ("Fiziki i liriki: mirovoy opıt i realnosti stranı") adı ilə məqalələşdirilmişdir). Həm də ona görə vacibdir ki, çağdaş Azərbaycanı rus və eləcə də dünya ictimaiyyətinə elmlər və Elmlər Akademiyasına malik mədəni bir toplum olaraq təqdim edir, tanıdır.

Akademik İsa Həbibbəylinin "Literatura, vremya, sovremennost" ("Ədəbiyyat, zaman, müasirlik") kitabının elmi redaktoru kimi, belə bir nəşrdə adımın getməsindən, doğrusu, şərəf duydum. Nəşrin materialları ilə akademikin Azərbaycan dilində kitablarından, monoqrafiyalarından, məqalələrindən kifayət qədər tanış olsam da, etiraf edim ki, İsa Həbibbəylinin geniş elmi yaradıcılığının rus dilində seçmə, amma dolğun, hərtərəfli və səlis tərcümədə təqdimindən bir daha ləzzət aldım. Doğrudur, müəyyən fikir və məqamlarda akademikdən fərqli düşünsəm də, amma İsa Həbibbəyli ilə elmi polemikaların həmişə səmərəli olduğunu da qabartmağı lazım bilirəm. Məsələn, kitabda yerini və yeniliyini vurğuladığım Azərbaycan modernizmi hadisəsi, məncə, vahid hadisədir, bütövü ilə təmsil olunur və burada ayrı-ayrı Qərb cərəyanlarının özünü deyil, bu və ya digər təsir və bənzəyişlərini aramaq daha doğru olar. Akademik İsa Həbibbəyli həmçinin, Azərbaycan modernizminin bütövündən çıxış edir, lakin eyni zamanda, hadisəyə diferensial yanaşma tərəfdarı olub: çağdaş ədəbiyyatımızda: magik realizm, dekadentizm, postmodernizm, neorealizm kimi cərəyanlara, habelə "sürrealizm, postromantizm, sentimentalizm, simvolizm tendensiyaları"na (s. 138) diqqət edir; bəzilərinə əyani nümunələr göstərib, bəzilərinin formalaşma mərhələsində qaldığını təsbit edir. Aydındır ki, akademik İsa Həbibbəyli ədəbiyyatın canlı praktikasına həssasdır və çox vaxt təklif etdiyi nəzəri diskursun izi ilə gedəndə "cərəyanlaşma" üçün gərəyincə münbit "müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı"nda (akademik İsa Həbibbəylinin təyinidir), həqiqətən də, "izmlər"in təzahür və reallıqlarını görə bilirk. Qalır ki, obyektiv reallıqlarla da barışaq; akademik İsa Həbibbəyli modernizm və postmodernizm kimi çağdaş dünya hadisələrini Azərbaycan ədəbiyyatının elmi təsnifatına daxil etməklə, əslində, həm də gələcək elmi və ədəbi diskussiyalara da meydan açır.

Azərbaycan ədəbiyyatının Moskvada, rus dilində təqdimi böyük hadisədir. Bu aktın sanbalı həm də onunla artır ki, kitabın müəllifi Azərbaycanda humanitar elmin lideri, AMEA-nın birinci vitse-prezidenti, Humanitar və İctimai Elmlər bölməsinin rəhbəri akademik İsa Həbibbəylidir. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında kifayət qədər bütöv təsəvvür yaratmaqla yanaşı, kitab akademik İsa Həbibbəylini rus elmi-mədəni ictimaiyyətinə, rusdilli geniş oxucu auditoriyalarına humanitar sferada böyük nüfuza, çağdaş biliklərə, analitik təfəkkürə və coşqun fəaliyyətə malik alim kimi tanıda bilir. Bu baxımdan nəşrin sonunda verilmiş yığcam bioqrafik informasiya da yerində və gərəklidir. Buradaca kitabın uğurunda böyük zəhmətləri keçmiş hər kəsi, məxsusən nəşrin məsul redaktoru, filologiya elmləri doktoru, Rusiya Xarici İşlər Nazirliyi nəzdində Moskva Humanitar Beynəlxalq Əlaqələr Universitetinin professoru Abuzər Bağırovun rolunu bir daha yada salmağa dəyər.

Akademik İsa Həbibbəylinin Moskvada çap olunmuş "Literatura, vremya, sovremennost" ("Ədəbiyyat, zaman, müasirlik") kitabı humanitar elmimizin böyük uğurudur; bu münasibətlə Azərbaycan elmi-ədəbi ictimaiyyətini təbrik etmək gərəkir.

Tehran Əlişanoğlu, AMEA-nın müxbir üzvü

525-ci qəzet

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015